Əsas Səhifə > Partiya, Güney Press > "Azərbaycanın dövlət atributları yavaş-yavaş Xankəndi, Xocavənd və Xocalıda yerləşdirilməlidir"

"Azərbaycanın dövlət atributları yavaş-yavaş Xankəndi, Xocavənd və Xocalıda yerləşdirilməlidir"


8-12-2020, 10:47
"Azərbaycanın dövlət atributları yavaş-yavaş Xankəndi, Xocavənd və Xocalıda yerləşdirilməlidir"
“Azərbaycan müstəqillik əldə etdiyi gündən bu günə kimi başqa dövlətlərə xidmət edən və Rusiyanın marağını müdafiə edən şəxslər var”.

Bunu KONKRET.az-a açıqlamasında ADP-nin sədri Sərdar Cəlaoğlu deyib.

Partiya sədri bildirib ki, Türkiyənin Qarabağda olması bizim üçün çox əhəmiyyətlidir: “Bu əhəmiyyəti anlamayan Rasim Musabəyov kimiləri ağzını əyə-əyə fikirlər səsləndirirlər. Təəssüf ki, Azərbaycan müstəqillik əldə etdiyi gündən bu günə kimi başqa dövlətlərə xidmət edən və Rusiyanın marağını müdafiə edən şəxslər var. Elmira Axundova, Polad Bülbüloğlu və Rasim Musabəyov kimi insanlar var ki, onlar Rusiyanın maraqlarına xidmət edir. 5-ci kolon üzvləri tam təmizlənməyib. Onlar Azərbaycan dövlətiçiliyinin və müstəqiliyinin əleyhinə çıxan, Rusiyaya xidmət edən qüvvələrdir. Hökumət gərək ciddi şəkildə dövlət orqanlarından başqa ölkələrə işləyənləri təmizləsin. Əks təqdirdə bunun ciddi fəsadları olacaq”.

Sərdar Cəlaoğlu vurğulayıb ki, müharibə hələ qurtarmayıb: “Sadəcə atəşkəs elan olunub. Qüvvələr arası genişmiqyaslı hərbi əməliyyatlar dayanıb. Burada insidentlərin olması gözləniləndir. Azərbaycan Qarabağ meşələrində gizlənən terrorçu dəstələri zərərsizləşdirməlidir. Gərək bu məsələ bəyanatda öz təsdiqini tapsın. Yerdə qalan 3 rayonun məsələsinə gəldikdə isə Dağlıq Qarabağın 30 faizi Azərbaycanın nəzarəti altındadır. 70 faizi hələ tam bizim nəzarətimizdə deyil. Azərbaycan danışıqlara başlayıb, oradan uydurma qurumun qüvvələrini çıxarılmaldır. Yavaş-yavaş Azərbaycanın atributları Xankəndi, Xocavənd və Xocalıda yerləşdirilməlidir. Bunun üçün illərlə gözləməyin və təxirə salmağın mənası yoxdur”.

Geri qayıt