Əsas Səhifə > Partiya, Güney Press > "Rusiya ədalətli mövqedə olmadığını, beynəlxalq hüquqa uyğun davranmadığını nümayiş etdirir"

"Rusiya ədalətli mövqedə olmadığını, beynəlxalq hüquqa uyğun davranmadığını nümayiş etdirir"


30-11-2020, 10:04
"Rusiya ədalətli mövqedə olmadığını, beynəlxalq hüquqa uyğun davranmadığını nümayiş etdirir"
“Qarabağın işğaldan azad olunması uğrunda döyüşlərdə böyük naliyyətlər əldə etdik. Erməni qüvvələrinin 30 il müddətində hazırlaşdığı məğlubedlməzlik müqavimətini qırdıq. İşğaldakı ərazilərimizin bir hissəsini qısa müddət ərzində savaş yolu ilə azad etdik və düşməni razı saldıq ki, üç rayonumuzu dinc yolla Azərbaycana qaytarsın. Bu da həm Azərbaycan Ordusunun qüdrətini göstərdi, həm xalqımızın milli birlik və həmrəylik içində olduğunu nümayiş etdirdi, həm də Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artmasına səbəb oldu”.

Bu fikirləri Reyting.az-a Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib.

S. Cəlaloğlunun fikrincə, bu prosesdə əksər ölkələr bitərəf qalsalar da, bir sıra dövlətlər Azərbaycanın haqq işini müdafiə ediblər: “Burada çox nüfuzlu dövlətlər var. İngiltərə, Ukrayna, İsrail, Pakistan, Türkiyə, Rumıniya, Baltikyanı ölkələr və başqaları. Adını çəkdiyim və çəkmədiyim ölkələr Azərbaycanın haqlı olduğunu, Ermənistanın işğal etdiyi Azərbaycan dövlətinin ərazilərindən çıxmasının vacibliyini elan etdilər. Hesab edirəm ki, bu da bizim naliyyətimizdir”.

ADP sədri qeyd edib ki, Rusiya Qarabağ məsələsində səmimi münasibət ifadə etməyib: “Rusiya bir tərəfdən Dağlıq Qarabağdakı prosesləri Azərbaycanın daxili işi hesab edir, digər tərəfdən isə əraziyə sülhməramlı adı altında qoşun yeridir və ərazidə müxtəlif qərarların icrasına başlayır. Bu baxımdan Rusiya ədalətli mövqedə olmadığını, beynəlxalq hüquqa uyğun davranmadığını nümayiş etdirir”.

S. Cəlaloğlu əlavə edib ki, Rusiya Ermənistanı açıq şəkildə müdafiə etməsə də, müharibəni qəti qələbəyə çatdırmağımıza imkan vermədi: “Yəni problemin daha bir neçə il uzanmasına səbəb olacaq addım atdı. Əksinə, Rusiyanın iştirakı ilə həyata keçirilən atəşkəs qeyri-adi hal deyil. İndiyə qədər onlarla belə atəşkəs razılaşması olsa da, davamında müharibələr müşahidə edilib. İndi izləyək, görək bu atəşkəsin arxasında Rusiyanın hansı niyyətləri var”.

Geri qayıt