Əsas Səhifə > Partiya, Güney Press > “Gözləyirik ki, dekabrın 1-i tamamlansın, çünki bu çox kritik dönəmdir”

“Gözləyirik ki, dekabrın 1-i tamamlansın, çünki bu çox kritik dönəmdir”


25-11-2020, 08:23
“Gözləyirik ki, dekabrın 1-i tamamlansın, çünki bu çox kritik dönəmdir”
Müharibə müddətində müxalifət siyasi fəaliyyətini dondurmuşdu. Müharibə bitib, indi siyasi fəaliyyətə start verdilərmi? İndiki halda siyasi iqtidardan tələbləri nədir? Yeni plan-proqramları varmı?

Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev deyir ki, müharibə dövründə fəaliyyətlərini dayandırmaqla bütün səylərini bu istiqamətə yönəldiblər: “İndiki halda hesab edirəm ki, müharibə bitsə də, münaqişə bitməyib. Çünki torpaqlarımız tam azad edilməyib. Ona görə də köhnə qaydalarla fəaliyyətimizi davam etdirəcəyik. Eyni zamanda pandemiya şəraitində fəaliyyət göstəririk. Ona görə də planlarımızda əsaslı dəyişiklik yoxdur”.

Partiya sədri deyib ki, müharibə dönəmində hakimiyət nümayəndələri ilə birgə keçirilən zoom-konfransda təşəbbüs irəli sürüb: “Müharibənin qalibiyyətlə bitməsindən sonra ölkə başçısı ilə partiya sədrlərinin görüşü təşəbbüsünü irəli sürdüm. Müharibə dönəmində kimin nə imkanı var o istiqamətdə dövlətə, orduya dəstək verdi. Gözləyirik ki, dekabrın 1-i tamamlansın, çünki bu çox kritik dönəmdir. Xaricdən idarə olunan ”qrantovşik"lərin düyməsi basılıb. Ölkə başçısına hücumlar həyata keçirilir. Ona görə dekabrın 1-nə qədər diqqətli olmalıyıq və bizim ölkə rəhbərliyi ilə görüşmək təşəbbüsümüzün 1-dən sonra reallaşacağına ümidliyəm".

Vətəndaş İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev “Yeni Müsavat”a deyib ki, müharibədən əvvəlki dönəm siyasi partiyalar üçün daha rahat zaman idi: “Sentyabrın 26-na qədər çox sərbəst şəkildə müxaifətçilik edə bilirdik. 27-də müharibə başlayandan fəaliyyəti dayandırdıq və hakimiyyətə dəstək verdik. Hazırda isə yarımüharibə şəraitidir”.

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP)sədri Arzuxan Əlizadə deyir ki, müharibə dövründə digər partiyalar kimi rəhbərlik etdiyi partiya da fəaliyyətini cəbhə istiqamətinə yönəlib: “Dekabrın 1-nə qədər yenə də həmin vəziyyəti - ”status-kvo"nu qoruyub saxlamışıq. Bu məsələ partiyann siyasi şurasının iclasında da müzakirə olunub. Dekabrın 1-dən yeni bir dönəm başlayacaq. Həmin dönəmdə də çalışacağıq ki, ümumilikdə olan bir çox problemləri önə çəkək. Əvvəldən də demişdik ki, problemlərin həllində iqtidar müxalifət dialoqunun olması vacibdir".

Arzuxan Əlizadə deyir ki, hazırda ölkədə barış mühiti var: “Ölkə daxilində demokratik mühitin formalaşması digər problemlərin həlli istiqamətində olduqca vacibdir. Çünki bu halda problemlərin həlli daha asan olacaq. Bir sıra sahələr üzrə ölkədə çox ciddi problemlər var. Bu problemlərin həlli istiqamətində təkliflərimiz olacaq. Kəlbəcər və Laçın rayonlarının işğalçılar tərəfindən azad edilməsini gözləyirik”.

Geri qayıt