Əsas Səhifə > Partiya, Güney Press > "Paşinyanın nəzərinə çatdırıldı ki, sənədin hər hansı bəndindən yayınmaq olmaz"

"Paşinyanın nəzərinə çatdırıldı ki, sənədin hər hansı bəndindən yayınmaq olmaz"


24-11-2020, 09:58
"Paşinyanın nəzərinə çatdırıldı ki, sənədin hər hansı bəndindən yayınmaq olmaz"
Rusiya xarici işlər naziri Sergey Lavrovun və müdafiə naziri Sergey Şoyqunun əvvəlcə İrəvana, daha sonra Bakıya səfəri iki rakursdan dəyərləndirilə bilər.

“Yeni Müsavat” bildirir ki, iki nazirin Ermənistana gedişi bəlkə də strateji vidalaşma görüşü idi. Yəni Lavrovla Şoyqu “əlvida” deməyə getmişdilər.

Elə XİN rəhbərinin Ermənistanın baş naziri Nikol Paşinyana “Biz Putinin qərarı ilə buradayıq” deməsi də son dərəcə eyham xarakterli ifadəydi.

Lakin Rusiyadan eyni tərkibin Bakıya gəlişi, prezident İlham Əliyevlə görüşü, burada səsləndirilən fikirlər, bəyanatlar isə tam fərqliydi.

Lavrov Azərbaycana isti sözlər ünvanladı, sabaha ümid verən açıqlamalarla çıxış etdi. Bu fikirlər əslində Putinin mesajları kimi başa düşülür.

Çünki ertəsi gün Putinin “Dağlıq Qarabağ və ətraf ərazilər Azərbaycanın ayrılmaz hissəsidir” açıqlaması Lavrovla Şoyqunun İrəvan və Bakı səfərlərinin şifrələrini açdı, Kreml rəhbərinin bizə və Ermənistana münasibətini ifadə etdi.

Paşinyanın Lavrovla görüşündə Rusiya bayrağının olmaması da xüsusi diqqət çəkirdi. Deyilə bilər ki, protokola görə XİN başçısını qəbul edərkən qarşı tərəfin dövlət bayrağı olmaya bilər. Ancaq rəsmi açıqlamada Rusiya məsələni heç də gözardı etmədiyinə işarə vurmuşdu.

Bakıda isə Lavrov bizi qane edən məsələləri açıqladı. O, həm də Türkiyə reallığına toxundu və qeyd etdi ki, Ankara regionda faktordur:

“Özü də təkcə bu regionda yox, Türkiyə bizim bir çox istiqamətdə tərəfdaşımızdır”.

Yeri gəlmişkən, Türkiyə hərbçiləri Qarabağda yaradılacaq Türkiyə-Rusiya müşahidə mərkəzində 1 il müddətinə fəaliyyət göstərəcək.

Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın bildirib ki, Türkiyə tərəfi qarşıdakı günlərdə əməliyyat üsulları üzərində, harada və necə olacağı, kimin nə iş görəcəyi ilə bağlı danışıqlara yekun vurulmasını gözləyir:

“Türk əsgəri orada olacaq. Biz onsuz da varıq. Azərbaycanla olan çox xüsusi münasibətlərimizə görə hərbi təlim və əməkdaşlıq müqavilələrimizin tarixi keçmişə söykənir.

Bu mənada biz oradayıq. Qanun layihəsi də Türkiyə Böyük Millət Məclisində qəbul edildi. Müşahidə mərkəzi çərçivəsində orada olmağa davam edəcəyik".

Rusiya XİN başçısı onu da əlavə etmişdi ki, 10 noyabr razılaşmasını şübhə altına almaq cəhdləri var, lakin bu cəhdlər baş tutmayacaq.

Bəs bu görüşlərdən sonra bizi narahat edən məsələlər qaldımı? Rusiya tərəfdən hər hansı nigaranlığımız varmı?

Deputat “Yeni Müsavat”a bildirdi ki, Rusiyanın geniştərkibli nümayəndə heyəti həm Ermənistanda, həm Azərbaycanda oldu. Onun fikrincə, Bakıda Prezident İlham Əliyevlə məzmunlu bir görüş baş tutdu və İrəvandakı danışıqlarla müqayisə etməyə dəyməz.

E.Nəsirov hesab edir ki, Lavrov İrəvanda məğlub dövlətin rəhbəri ilə görüşürdü:

“Bu görüşdə üçtərəfli bəyanatın imperetasiyası müzakirə edilirdi. Paşinyanın nəzərinə çatdırıldı ki, sənədin hər hansı bəndindən yayınmaq olmaz.

Çünki daha əvvəl də Putin demişdi ki, razılaşmanın hansısa müddəasına riayət etməmək Ermənistan üçün intihara bərabər olar. Məsələ bu dərəcədə kəskin qoyulmuşdu.

Ondan əsas tələb bu idi ki, razılaşmanın bütün bəndlərinə əməl olunmalıdır, kənara çıxmağa yol verilməməlidir".

Deputatın sözlərinə görə, Bakıdakı görüş isə pozitiv ruhda keçdi, Rusiya-Azərbaycan arasında strateji əməkdaşlığın genişləndirilməsi müzakirə olundu:

“Cənab İlham Əliyev üçtərəfli bəyanatın həyata keçirilməsinə toxundu, regionda təhlükəsizlik tədbirlərinin möhkəmləndirilməsi barədə danışıqlar apardı. Prezident onu da xüsusi vurğuladı ki, razılaşmanın əldə olunmasında Vladimir Putinin böyük rolu olub. Ölkə başçısı bunu yüksək qiymətləndirdi.

Eyni zamanda Türkiyənin bölgədəki roluna toxundu, regionda tərəfdaşlıq mühitinin formalaşması cəhətdən Ankaranın təsirləri böyükdür.

Ona görə də imzalanmış sənəd həm də Türkiyə-Rusiya arasında regionda yeni əməkdaşlıq formatı yaradır, bundan sonrakı proseslər üçün istiqamət verir.

Lavrov da çıxışında bildirdi ki, İlham Əliyev regionda sülhün təmin olunması üçün ciddi addımlar atır, hər iki icmanın birgə, yanaşı yaşamasında təminatı üçün ciddi işlər həyata keçirir, bəyanatlar verir.

Rusiyalı nazir həmsədrlərin prosesə gec qoşulmasına da toxundu. Çünki bir çoxları öz geosiyasi maraqlarını həyata keçirmək istəyirdi, regionda sülh ikinci planda idi.

Lakin Rusiya və Azərbaycan siyasi rəhbərliyinin bu istiqamətdə birgə addımları müsbət nəticəsini verdi.

Prezident də xatırlatdı ki, Putinin “Dağlıq Qarabağ münaqişəsi sözünü bir daha eşitməyəcəyi” ifadəsini dəstəkləyir.

Ümumiyyətlə, bu görüş bir daha göstərdi ki, Rusiya və Azərbaycan strateji tərəfdaşdı, fundamental məsələlərdə bir mövqedən çıxış edirlər.

Düzdür, müəyyən tərəflər 10 noyabr razılaşmasını öz maraqları üçün pozmağa çalışırdılar. Lakin nəticəsiz qaldı. Çünki ortada birgə siyasi iradə var".

Politoloq Züriyə Qarayevanın sözlərinə görə, Bakı səfərində münaqişənin tənzimlənməsi ilə bərabər, bir sıra iqtisadi maraqlar kəsb edən məsələlər də müzakirə edildi:

“Əslində sülhməramlıların missiyası üçlü bəyannamə ilə çərçivəlidir. Bu baxımdan hər hansı tərəf, istər münaqişə tərəflərindən biri, istərsə də sülhməramlılar bəyannamənin razılaşmasını pozarsa, digər tərəflər də bəyannamənin bəndlərinə bağlı qalmayacaq.

Bu xüsusdan istər tam kapitulyasiya edilmiş Paşinyan hakimiyyətinin istefasına çağıran kütlənin İrəvanda mitinqləri, istər Qarabağ ermənilərinin yerləşdirilməsi, istər boşaldılacaq Kəlbəcər və Laçındakı durum və istərsə də köç edən ermənilərin ekoloji terrorlarına Azərbaycanın reaksiyası nazirləri İrəvana və Bakıya səfərə məcbur edən amillərdir".

Ekspert hesab edir ki, Türkiyə ordusunun Azərbaycana gəlişi, onların harada yerləşəcəyi və hansı müşahidə missiyasını yerinə yetirəcəkləri də müzakirə predmetlərindəndir:

“Bugünlərdə Lavrovun ”Türkiyə regionda real faktordur", Putinin “Türkiyə ilə birgə səylərimiz regionda sülhü bərqərar edəcək” kimi ifadələri qardaş Türkiyənin prosesdən kənar qalmayacağını göstərir.

Azərbaycan müstəqil dövlət olaraq, Türkiyəni bura dəvət etməklə, ümumi Qafqaz təhlükəsizlik konsepsiyasını inşa etməyə başladı".

Geri qayıt