Əsas Səhifə > Partiya, Güney Press > "Bizim qürurumuza toxundular, bizi alçaltdılar"
"Bizim qürurumuza toxundular, bizi alçaltdılar"9-11-2020, 09:03 |
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Moderator.az-ın aşağıdakı sualını cavablandırıb: - Qüdrət bəy, Şuşanın işğaldan azad olunmasına beynəlxalq reaksiya barədə nə deyərdəniz? - İlk öncə xalqımızı bu böyük qələbə münasibətilə təbrik edirəm. Bu Qələbə sevincini xalqımıza yaşatdıqları üçün Ali Baş Komandana, zabit və əsgərlərimizə minnətdarlığımın həddi-hüdudu yoxdur. Bu çətin günlərdə bizimlə birgə olduqlarına görə sərhədsiz təşəkkürlərimi və minnətdarlığımı Erdoğana, Çavuşoğluna və Hulusu Akara çatdırmaq istəyirəm. Qədirbilən xalqımız Nuru Paşanı 100 il keçsə də nəinki unutmadı, əksinə, ona olan sevgi və ehtiram hər keçən gün daha da artdı. Əminliklə deyirəm ki, adlarını qeyd etdiyim bu üç şəxs İlham Əliyevlə birlikdə Nuru paşa kimi Azərbaycanın şanlı tarixinə adlarını qızıl hərflərlə yazırlar. Onlar bir qardaş kimi İlham Əliyevin yanında dayanıb onu tək buraxmadılar, Azərbaycana dəstək olub onu beynəlxalq təzyiq və təhdidlərdən bu gün də qorumaqdadırlar. Şuşanın işğaldan azad olunmasına beynəlxalq reaksiyaya gəldikdə isə onu deyə bilərəm ki, hamı nə baş verdiyini bilir və bizim torpaqlarımızı işğaldan azad etdiyimizi görür. Təəssüf ki, bir çoxları buna sevinmək əvəzinə üzülür. Hələlik qardaş Türkiyədən başqa heç bir ölkə bizi bu qələbə münasibətlə təbrik etməmişdir. Ümid edək ki, bu təbriklər sonda, Qarabağ tam işğaldan azad olunandan sonra, olacaqdır. Amma bizim qələbəmizə üzülənlər açıq formada Ermənistana kömək üçün ordu göndərə bilmirlər, çünki biz haqlıyıq, beynəlxalq hüquq bizim tərəfdədir. Xarici mətbuatı izləsəniz görərsiniz ki, kiçik istisnalarla heç kim Şuşanın vaxtilə ermənilər tərəfindən işğal olunmasından, oranın azərbaycanlıların yaşadığı bir şəhər olmasından, azərbaycanlıların etnik təmizləmə siyasəti nəticəsində 30 ilə yaxın əzab və iztirablarla dolu qaçqın həyatı yaşamasından, Azərbaycan türkü üçün Şuşanın keçilmız bir mədəniyyət beşiyi olmasından və bu gün azad edilməsindən yazmır. Sadəcə qeyd edirlər ki, Azərbaycan Ordusu strateji əhəmiyyətli bu şəhəri tutub, yaxud ələ keçirib. Bu cür ikiüzlü siyasətin nəticəsində işğalçıya heç kim güldən ağır söz demədi və bizim ev-eşiyindən didərgin salınmış bir milyona yaxın insanımız 30 il qaçqın həyatı yaşadı, torpaqlarımız işğal altında qaldı. Bizim qürurumuza toxundular, bizi alçaltdılar. Ona görə də Prezidentin dediyi kimi, daha heç kim bizi dayandıra bilməz. Şanlı Ordumuz Qarabağı tam olaraq işğaldan azad edəcəkdir.Beynəlxalq birliyin ikili standartlar siyasəti və riyakarlığı nəticəsində Ermənistana təzyiq edimədiyi üçün torpaqlarımızı şəhidlərimizin qanı hesabına azad etmək məcburiyyətində qalmışıq. Allah şəhidlərimizin ruhun şad etsin. Geri qayıt |