Əsas Səhifə > Partiya, Güney Press > “Bu, Paşinyan üçün ölümə bərabərdir”

“Bu, Paşinyan üçün ölümə bərabərdir”


27-10-2020, 08:15
“Bu, Paşinyan üçün ölümə bərabərdir”
Bir neçə gün əvvəl ABŞ-da dövlət katibi Mayk Pompeo Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə ayrı-ayrılıqda görüşüb, Dağlıq Qarabağ müharibəsini müzakirə edib. Tərəflər arasında humanitar atəşkəs haqqında razılıq əldə edilib. Di gəl ki... Sülh üçün yalvaran, əl-ayaq öpən, telefondan “asılı qalan” Ermənistan baş naziri Nikol Paşinyan bəs niyə “qaşınır”?

O, artıq üçüncü dəfədir ki, humanitar atəşkəsi pozur. Axı məğlub tərəf bunu niyə etsin? Yəni işğalçı humanitar atəşkəsi “dayan, doldurum” kimi başa düşür? Görünür, elədir. Hərçənd, doldurmağa bir şeyi də qalmayıb. Nə silahı, nə sursatı...

AŞPA-nın Azərbaycan nümayəndə heyətinin sədri, millət vəkili Səməd Seyidov “Sherg.az”a rəsmi İrəvanın niyə humanitar atəşkəsi pozduğunu izah edib:

“Ermənistan sülh haqqında danışsa da, əslində bunu istəmir. Səbəblər isə çoxdur. Birincisi, danışıqlar yalnız prezidentin dəfələrlə səsləndirdiyi şərtlərlə mümkündür. Bu isə onsuz da ölmüş Paşinyan üçün parça-parça olmaq deməkdir. O, hətta Minsk qruplarının qəbul etdiyi prinsiplərdən də imtina edir. Dövlət başçısının dediyi kimi, xeyli ərazilərimizi işğaldan azad etdiyimizə görə, artıq həmin prinsiplərə ehtiyac yoxdur. Paşinyan sülhün onun devrilməsi ilə nəticələnəcəyini yaxşı başa düşür. O, xalqını aldatmaqla vaxt qazanır. Vəziyyəti guya nəzarət altında saxladığını düşünür. Ona görə də müharibəni davam etdirir”.

S.Seydiovun fikrincə, “suyun bulanıqlılığı” qarşı tərəfə sərf edir:

“Əlbəttə, dünya ictimiayyəti hər şeyi yaxşı görür və bilir. Amma Paşinyan indi- hərbi əməliyyatlar davam etdiyi bir vaxtda xalqını aldada bilir. Danışıqlar masası arxasında isə reallıqlar olduğu kimi görünəcək. Yəni müharibə bitən an xalq həqiqəti başa düşərək baş naziri devirəcək. Paşinyan indi nəyəsə, vəziyyətin hansısa bir yolla düzələcəyinə ümidlidir. O, həm də gözləyir ki, müharibənin gedişatında üçüncü ölkə də tərəf kimi çıxış edəcək. Əlbəttə, sülh vaxtı bu, mümkün deyil. Amma indi az da olsa, ehtimal var”.

Deputat işğalçının bu ritorikasının başqa səbəblərini də açıqlayıb:

“Erməni lobbisi ayrı-ayrı ölkələrdə qondarma rejimə dəstək kampaniyasına başlayıb. Vəziyyətin pisləşməyi və hərbi əməliyyatların uzanmağı, təbii ki, dəstəyin artması deməkdir. Növbəti məqam isə erməni lobbisinin ABŞ-dakı Tramp administrasiyasından xoşu gəlməməsidir. Onlar müxalifət nümayəndələrinin, yəni ermənipərəstlərin hakimiyyətə gəlməsini istəyirlər.

Ona görə Trampın əldə etdiyə nailiyyəti, yəni sülhü pozurlar. Bütün bunlar sülhün Paşinyan üçün ölümə bərabər olması deməkdir”.

Geri qayıt