Əsas Səhifə > Partiya, Güney Press > “Dağlıq Qarabağdakı erməniəsilli azərbaycanlılar Ermənistanın girovuna çevriliblər”

“Dağlıq Qarabağdakı erməniəsilli azərbaycanlılar Ermənistanın girovuna çevriliblər”


17-10-2020, 09:35
“Dağlıq Qarabağdakı erməniəsilli azərbaycanlılar Ermənistanın girovuna çevriliblər”
Rəşadətli ordumuzun apardığı vətən müharibəsi, şəhidlərimizin qanı bahasına qazanılan zəfərlər qələbə gününün çox da uzaqda olmadığından xəbər verir. Hazırda Azərbaycan cəmiyyətində hər kəs vətən savaşına və qələbəyə köklənib.

Dağlıq Qarabağın və işğalda olan digər rayonların azad olunmasından sonra dövlətin orada görəcəyi böyük işlər, inkişaf proqramları, qaçqın və məcburi köçkünlərin məskunlaşması gözləniləndir. Lakin qarşıda duran əsas məsələlərdən biri də Dağlıq Qarabağın erməni əsilli əhalisi ilə azərbaycanlıların birgəyaşayışıdır.

“Yeni Müsavat”a açıqlamasında sabiq deputat Fərəc Quliyev vurğuladı ki, Azərbaycan Ermənistandan fərqli olaraq monoetnik dövlət deyil, cəmiyyətimizdə bütün etnoslara münasibətimiz bərabərdir: “Bizi bütün dünyada nümunə göstərirlər. Azərbaycanda bütün dinlərə də münasibət eynidir. Məscidlər də, kilsələr də, sinaqoqlar da eyni şərtlərlə fəaliyyət göstərirlər. Təsadüfi deyil ki, bir neçə gün öncə Gəncəyə raket atılanda erməni əsilli azərbaycanlı yaralandı. Bunu bilə-bilə azərbaycanlılar Azərbaycan vətəndaşı olan həmin ermənini xilas edib təcili yardıma aparıblar, ona qarşı hər hansı nifrət hissi də göstərməyiblər. Bu gün də Azərbaycanda ermənilər yaşayırlar. Azərbaycan prezidenti də, dövlətimiz də, xalqımız da belə düşünür ki, erməni əsilli azərbaycanlılar, burada doğulanlar, təbii ki, Azərbaycana qarşı silah qaldırmayanlar (bu faktor da araşdırılmalıdır), döyüşməyənlər qanunlarımıza və Konstitusiyamıza əməl etməklə normal vətəndaş kimi yaşaya bilərlər. Biz burada hər hansı problem görmürük”.

Onun sözlərinə görə, bu gün Dağlıq Qarabağda erməniəsilli azərbaycanlılar Ermənistanın girovuna çevriliblər: “Azərbaycan hazırda apardığı hərbi əməliyyatlarla onları da girov vəziyyətindən çıxarır. Bütün dünya bilməlidir ki, bizim savaşımız dinc əhali ilə yox, Ermənistanın işğalçı ordusu ilədir. Dəfələrlə də bildirmişik ki, dinc yolla bu ordu buradan çıxıb gedərsə, bizim heç bir ölkə ilə problemimiz yoxdur. Aparılan əməliyyatlar da sülhə məcburetmə əməliyyatlarıdır. Ermənistanın burada törətdiyi hadisələrə baxmayaraq Azərbaycanda yaşamış, doğulmuş erməni əsilli azərbaycanlılar digər vətəndaşlarla eyni hüquqla yaşaya bilərlər. Biz başqa millətlərə qarşı etnik təmizləmə işi görməyən bir dövlətik. Tarixən belə olub, türklər imperiya dövründə belə getdikləri torpaqlarda kilsələri də qoruyublar, insanlara da təhlükəsiz yaşamaq üçün hər cür şərait yaradıblar. Ona görə də, bizim bu savaşı bütün dünya normal qarşılamalıdır. Erməni vətəndaşların necə davranacağı artıq gələcəyin işidir. Millətindən asılı olmayaraq Azərbaycan dövlətinə qarşı kimsə separatçı hərəkət edərsə, qanunları pozarsa, qanun qarşısında cavab verəcək. Azərbaycan Daxili İşlər Nazirliyi , Dövlət Təhlükəsilik Xidməti və başqa orqanlar hər kəs üzərində olduğu kimi, erməni əsilli azərbaycanlılar üzərində də nəzarəti aparacaqlar. Gələcəkdə kimsə qanuna əməl etməzsə, buna cavab verəcək. Ancaq bizim indi bu məsələni başqa şəkildə qoymağımız doğru olmazdı”.

Deputat Fazil Mustafa da hesab edir ki, qələbədən sonra ermənilərin əvvəllər də sıx yaşadığı yaşayış məntəqələrində nümunəvi erməni məhəllələlərinin salınmasına şərait yaradılacaq: “Mənim fikrimcə, burada Azərbaycan qanunlarını tanıyan ermənilər azərbaycanlılarla bir şəhərdə yaşayacaqlar. Özlərinin kompakt yaşamlarını qorumaq istəsələr müəyyən məhəllələrdə məskunlaşa bilərlər. Hər hansı formada, dinc şəkildə bütün cəmiyyətlərdə necə əhali yaşayırsa, qaynayıb-qarışırlarsa, onlar da əvvəl-axır qaynayıb-qarışacaqlar. Vətəndaşa milliyyətinə, etnik xüsusiyyətinə görə, ayrıca qanun tətbiq olunmayacaq. Öz dillərində onlara təhsil imkanları da yaradıla bilər, məktəblərin erməni bölməsi də ola bilər, orada öz dillərində təhsil də ala bilərlər. Ancaq mütləq Azərbaycan dilini də öyrənmələri məcburi xarakter daşıyacaq. Çünki dövlət dili olacaq, bütün yazışmalar bu dildədir. Necə ki, Gürcüstanda yaşayan azərbaycanlılara bu qaydalar tətbiq olunur. Gürcü bilməyənlər orada hansısa vəzifədə təmsil olunmur. Onlara qarşı məsələni çətinləşdirən yox, daha çox asanlaşdıran şərtlər tətbiq edilə bilər. Bütün hallarda ermənilər Azərbaycan Konstitusiyasını tanıyırsa, terrora bulaşmayıbsa, ölkəmizin ərazi bütövlüyü və suverenliyinə sayğı göstərirsə, həmin ermənilər 50-60 il öncə necə yaşayıblarsa, indi də Azərbaycanın tərkibində elə yaşayacaqlar. Hər şey qanunla tənzimlənəcək, qanun hansısa xalqa görə dəyişmir. Dilimizi bilənlər dövlət orqanlarında da təmsilçilik əldə edə biləcəklər. Əsas şərt odur ki, Azərbaycanın suverenliyinə və Konstitusiyasına hörmətlə yanaşsınlar”.
“Yeni Müsavat”

Geri qayıt