Əsas Səhifə > Partiya, Güney Press > "Arxada da erməni qədər, bəlkə də ermənidən də təhlükəli olan koronavirusun olduğunu unuduruq"

"Arxada da erməni qədər, bəlkə də ermənidən də təhlükəli olan koronavirusun olduğunu unuduruq"


16-10-2020, 08:43
"Arxada da erməni qədər, bəlkə də ermənidən də təhlükəli olan koronavirusun olduğunu unuduruq"
Ölkədə koronavirusla bağlı vəziyyət yenidən gərginləşməyə başlayıb. Belə ki, oktyabrın 14-də ölkədə koronavirus infeksiyasına yeni 369 yoluxma faktı qeydə alınıb. Yoluxma sayının birdən-birə artması xeyli təşviş doğurub. Qeyd edək ki, Quba və Lənkəranda pandemiya ilə bağlı vəziyyət gərginləşdiyi üçün 15 oktyabrdan etibarən qeyd olunan rayonların bəzi kəndlərinə giriş-çıxış dayandırılıb.

Belə ki, Quba şəhərinə, rayonun Zərdabi qəsəbəsinə və Rustov kəndinə giriş-çıxışlarda postlar qurulub, operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrinin, habelə yükdaşıyan avtomobillərin hərəkəti istisna olmaqla, nəqliyyat vasitələrinin giriş-çıxışı məhdudlaşdırılıb. Bundan əlavə, şəhər daxilində yerləşən iri marketlərdə, ictimai iaşə müəssisələrində və sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrində polis əməkdaşları və hərbi qulluqçular tərəfindən birgə reydlər təşkil olunur.

Bir neçə gün öncə Sabirabadda da koronavirusla bağlı vəziyyətin gərginləşdiyi haqda məlumatlar yayılmışdı. Sonradan bu məlumatlar rəsmi olaraq öz təsdiqini tapdı və bildirildi ki, oktyabrın 14-dən etibarən Sabirabad şəhərinə, rayonun Cavad, Türkədi, Qalağayın və Kürkəndi kəndlərinə, Şəki şəhərinə və Kiş kəndinə operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrinin, habelə yükdaşıyan avtomobillərin hərəkəti istisna olmaqla, giriş-çıxış məhdudlaşdırılır.

Beləliklə, yaranmış vəziyyəti nəzərə alaraq, bir çoxları hesab edir ki, yenidən ölkədə karantin rejimi sərtləşdirilə, SMS icazə yenidən tətbiq edilə bilər.

TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva bu barədə vətəndaşlara çağırış edərək bildirib: “Sıravi vətəndaşlar tez-tez cəbhə zonasına yollanır, hərbçilərimizə dəstək göstərirlər. Qaydalara əməl etməyən şəxslərin əsgərlərlə təmasda olması hərbi qulluqçularımızın sağlamlığı, ümumilikdə isə ordumuz üçün təhlükə törədir. Hazırkı çətin dövrdə ön cəbhədə Qarabağ uğrunda gedən döyüşlər naminə birləşən xalqımızı koronavirusla mübarizədə də həmrəylik nümayiş etdirməyə səsləyirəm”.

Ölkədə koronavirusun sürətlə artması yenidən Bakıya və bölgələrə giriş-çıxış qadağasını gətirə bilərmi? Ekspertlər mövcud vəziyyəti necə dəyərləndirir?

Mövzu ilə bağlı deputat, tibb elmləri namizədi Musa Quliyev “Yeni Müsavat”a danışıb: “Hələ avqust ayında mütəxəssislər bu barədə öz fikirlərini söyləyirdi. Proqnozlaşdırılırdı ki, oktyabr-noyabr aylarında koronavirusa yoluxanların sayı artacaq. Bu da iqlim dəyişikliyi, havaların soyuması, rütubətli havaların artması ilə bağlıdır. Payız-qışa doğru immunitetin zəifləməsi məsələsi də var. Eyni zamanda son 2 həftədə biz koronavirusla mübarizəni sanki arxa plana keçirdik. Xüsusən cəbhədə uğurlu əməliyyatların olması, vətəndaşlarımızın bu məsələyə münasibəti demək olar ki, koronavirusla mübarizəni bir qədər unutdurdu. ”Hər şey qələbə, cəbhə üçün" deyirik, amma arxada da erməni qədər, bəlkə də ermənidən də təhlükəli olan koronavirusun olduğunu unuduruq".

Musa Quliyev qeyd edib ki, bütün təbliğat vasitələrində koronavirusla mübarizə yenidən ön plana keçməlidir: “Artıq biz mətbuatda, mediada koronavirusla bağlı təbliğat materiallarını görmürük və bu da insanların istər- istəməz sayıqlığını azaldır, gizli və təhlükəli düşməni olduğunu yaddan çıxardır. Bu mənada Qubada və Lənkəranda karantinin rejiminin sərtləşdirilməsi ciddi bir siqnaldır. Nəzərə alsaq ki, bizim tibb kollektivimizin bir hissəsi orduya cəlb olunub, koronavirusla mübarizəyə diqqəti artırmaq lazımdır. Cəbhədə döyüşlərin getdiyi bir vaxtda arxa cəbhədə toplantılar çox olur. Məsələn, hərbi xidmətə yola salma, şəhid və yaralıları qarşılanması zamanı bəzən çoxlu sayda insan bir yerə toplaşır. Lakin burada da vətəndaşlar gərəkdir ki, sayıqlığını qorusunlar. Təbii ki, yaxın vaxtlarda tezliklə biz Qarabağı tamamilə işğaldan azad edəcək və zəfər yürüşümüzü qələbə ilə tamamlayacağıq. Lakin eyni zamanda daxildə koronavirusla mübarizəni zəfərlə başa vurmağa çalışmalıyıq və düşünməliyik ki, nə qədər pandemiyanın spesifik müalicəsi tapılmayıb, virus əleyhinə geniş şəkildə vaksin tətbiq olunmayıb, biz öz-özümüzü qoruma tədbirlərindən ciddi şəkildə istifadə etməliyik. Qaydalar da həmişə olduğu kimidir, qapalı məkanlarda maska taxmalı, insanların kütləvi şəkildə toplaşmasına imkan verməməliyik. Xüsusən də nəqliyyat vasitələrində qaydalara riayət etməli, sosial məsafəni gözləməliyik”.

Musa Quliyev qeyd edib ki, əgər Bakıya və bölgələrə giriş-çıxış qadağası yenidən tətbiq olunarsa, bunun yalnız müsbət tərəfləri olacaq: “Əgər qadağa tətbiq edilərsə, bu o deməkdir ki, arxa cəbhədə vətəndaşlarımızı qoruyacağıq”.

Musa Quliyev qeyd etdi ki, ön cəbhədə koronavursun yayılması ehtimalı demək olar ki, yoxdur: “Çünki ordumuzda bu məsələ ciddi nəzarət altındadır. O cümlədən də orduya çağırılan, səfərbərliyə cəlb olunan hər bir gənc koronavirus testindən keçir, müəyyən prosedurlardan sonra kütləvi şəkildə ordu sıralarına cəlb olunur. Bu baxımdan ön cəbhədə təhlükə olmayacaq. Lakin arxa cəbhədə vətəndaşlarımızı koronavirusdan qorumalıyıq ki, vəziyyət daha da gərginləşməsin".

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) infeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri, infeksionist Vasif Əliyev isə son açıqlamasında bildirib ki, karantin rejiminin yenidən sərtləşməsinə ehtiyac yoxdur:

“Hazırda vəziyyət nəzarət altındadır. Müşahidə etdiyimiz yoluxma sayı da yüksək deyil. Bu baxımdan hazırkı vəziyyətdə karantin rejimini sərtləşdirmək tezdir. Biz yeni-yeni yumşaldılmalar edirik, insanlar hələ tam şəkildə yumşaldılmaya alışmayıblar. Təbii ki, yoluxma sayı kritik həddə çatarsa, yenidən sərt tədbirlər görmək olar. Hələlik buna ehtiyac yoxdur”.
“Yeni Müsavat”

Geri qayıt