Əsas Səhifə > Partiya, Güney Press > "Dövlətimiz 90-cı illərin əvvəlindəki Azərbaycan deyil"

"Dövlətimiz 90-cı illərin əvvəlindəki Azərbaycan deyil"


2-10-2020, 09:04
"Dövlətimiz 90-cı illərin əvvəlindəki Azərbaycan deyil"
“Azərbaycan ordusunun döyüş qabiliyyəti, kəndlərimizin, yaşayış məntəqələrimizin, strateji baxımından əlverlişli olan yüksəkliklərin azad edilməsi Azərbaycan xalqında çox böyük ruh yüksəkliyi yaradıb”.

Bunu KONKRET.az-a açıqlamasında deputat Nəsib Məhəməliyev bildirib.

O, qeyd edib ki, Ali Baş Komandanın qətiyyətli mövqeyi, siyasəti və bütün məsələlərə açıq prinsipal yanaşması Azərbaycan xalqını yumruq şəklində birləşdirib:

“İnanıram ki, Azərbaycan ordusu qələbə bayrağını işğal olunmuş ərazilərdə dalğalandıracaq. Qaldı ki, beynəlxalq təşkilatların bəyanatlarına, çox təəssüf ki, onlar yenə də köhnə musiqi və hava ilə oynayırlar. Danışıqlar masasına dəvət edirlər. Lakin danışıqlar masasına dəvət etmək üçün üz və konkret mövzu olmalıdır. 30 ilə yaxın müddətdə beynəlxalq təşkilarlar başda ATƏT-in Minsk Qrupu olmaqla əllərindən gələni etdilər ki, münaqişə uzansın, mövcud status-kvo qorunub saxlanılsın və burada ermənilərin məskunlaşma proseslərinə göz yumulsun. Azərbaycan tarixinə aid nə varsa, hamısını silsinlər. Ancaq dövlətimiz 90-cı illərin əvvəlindəki Azərbaycan deyil. Eləcə də Azərbaycan ordusu”.

Deputat vurğulayıb ki, bu gün Azərbaycan özünün siyasi çəkisini kifayət qədər artırıb:

“Ölkəmiz iqtisadi cəhətdən də inkişaf edib. Güclü ordu formalaşdırıb və beynəlxalq təşkilatların icra edəcəkləri işi Azərbaycan özü reallaşdırır. Çünki bu erməni faşizm ideayarının yayılmasına imkan vermək olmaz. Azərbaycan problemlərini özü həll edəcək. Əlbəttə, qan tökülməyin tərəfdarı deyilik. Ancaq bunun üçün konkret tədbirlər görülməlidir. Yəni işğal olunmuş ərazilərin boşaldılması ilə bağlı təqvim Azərbaycana təqdim olunmalıdır. Biz əmin olmalıyıq ki, torpaqlarımız işğaldan azad olunacaq. Qaçqın və məcburi köçkünlər öz evlərinə geri qayıdacaq. Əgər bunlar olacaqsa, beynəlxalq təşkilatların tövsiyələrini nəzərə ala bilərik. Əks təqdirdə yenə vaxtın uzadılmasına, problemin həlli istiqamətində hər hansı ciddi addım atmaq əvəzinə danışıqları imitasiya etmək qəti yolverilməzdir. Qətiyyətli şəkildə bunu sona çatdırmalıyıq. Bunun üçün Azərbaycan ordusunun kifayət qədər gücü var. Bu gün Azərbaycan xalqının yüksək döyüş əhval-ruhiyyəsi var. Ali Baş Komandanın ətrafında xalqımız yumruq şəklində birləşib. Azərbaycan ordusuna eşq olsun”.

Geri qayıt