Əsas Səhifə > Partiya, Güney Press > "Bizdə, məsələn, 37 nəfər idi, onları da bir-bir buraxırlar"

"Bizdə, məsələn, 37 nəfər idi, onları da bir-bir buraxırlar"


18-09-2020, 08:34
"Bizdə, məsələn, 37 nəfər idi, onları da bir-bir buraxırlar"
Son vaxtlar siyasi məhbusların əfv olunması ilə bağlı çağırışların çoxaldığı müşahidə olunur. Məsələnin gündəmə gəlməsi ilə bir çox suallar da ortaya çıxıb. Hazırda Azərbaycanda siyasi motivlərlə həbs olunan neçə dustaq var? Bu, ölkəmiz üçün problem sayılırmı?

“Yeni Müsavat” mövzu ilə əlaqədar hüquq müdafiəçilərindən mövqe öyrənib.

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov bu məsələnin artıq uzun illər müzakirə olunduğunu deyib: “Baxır, kim kimi siyasi məhbus hesab edir. Məsələn, say etibarı ilə götürəndə hazırda Ermənistanda və Gürcüstanda siyasi motivlərlə tutulanların sayı Azərbaycandan daha çoxdur. Amma onlarla bağlı heç bir siyahı ortada yoxdur. Əlbəttə, həbs olunanların içərisində ictimaiyyət nümayəndələri, siyasi partiyaların üzvləri, jurnalist ola bilər. Amma maraqlı tərəf odur ki, bu məsələni kim sifariş verir və gündəmdə saxlayır? Ermənistanda siyasi məhbuslar Azərbaycandan iki dəfə çoxdur, amma onuna bağlı bir xarici ölkədə belə siyahı açıqlanmayıb. Çünki bu ölkədə bu cür siyahıların tutulması üçün sifariş verən yoxdur.

Bizdə siyasi məhbus olmayanları da siyahıya salırlar, böyük siyahılar tuturlar. Ermənistanın əvvəlki prezidentlərindən biri həbs edilib, o birisinə qarşı da cinayət işi başlayıb, bütün komandası həbsdədir. Gürcüstanda Saakaşvili ”didərgin" düşüb, onun da bütün komandası həbsdədir. Amma orada heç bir siyahı tərtib olunmayıb. Ona görə ki, bu siyasi məhbus oldu-olmadı dövlətə təzyiq vasitəsidir. Dövlətlərə qarşı olan qüvvələr də bundan istifadə edirlər".

Hüquq müdafiəçisi Novella Cəfəroğlu isə hesab edir ki, siyasi məhbuslarla bağlı məsələyə son qoymağın vaxtı çatıb: “Ümumiyyətlə, siyahılar ayrı-ayrı təqdim edilib. Bizdə, məsələn, 37 nəfər idi, onları da bir-bir buraxırlar. Bəzilərində 100, bəzilərində 80 nəfər. Ümumiyyətlə, siyasi motivlə tutulanların məsələsinə birdəfəlik son qoyulmalıdır, bu, Azərbaycanın mənafeyi üçün vacibdir. Siyasi məhbusların olması bizə zərbə vurur. Çünki Avropadan da bizə onunla bağlı iradlar bildirilir. Ona görə də buna son qoymaq lazımdır”.

Əfv Məsələləri Komissiyasının üzvü, “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev qeyd edib ki, Azərbaycanda müxtəlif adlar qoyulan məhkumlar var: “Ayrı-ayrı qurumlar, siyasi partiyalar, hüquq müdafiəçiləri həbs edilənlərə müxtəlif adlar qoyurlar. Bu, təbiidir. Amma hökumət bütövlükdə siyasi məhbus anlayışını qəbul etmir. Siyasi cəhətdən aktiv insanlar var, bunların siyahısı nə qədərdir, bununla bağlı hər hansı müzakirəyə qoşulmaq istəməzdim. Çünki Azərbaycanda ”siyasi məhbus" ifadəsindən geninə-boluna istifadə edirlər. Çox vaxt da mahiyyətini bilməyənlər bundan danışır. Burda müxtəlif xarici qüvvələrin, bəzi beynəlxalq insan hüquqları təşkilatlarının, bəzi özlərini hüquq müdafiəçisi hesab edən şəxslərin maraqları vardır. Bu maraq siyasi maraqlardır. Məhz siyasi partiyaların, qrupların və maliyyə-biznes qruplarının maraqları vardır. Hamısı bu və ya digər formada bəhrələnmək istəyir. Tez- tez bu siyahılar gah şişirdilir, gah da azaldılır. Əlbəttə, hökumət bir çox məsələlərin fərqindədir. Əfv Məsələləri Komissiyasında isə onların siyasi mənsubiyyəti rol oynamır".

Ə.Nuriyev onu da əlavə edib ki, məhkumlara münasibətdə bir neçə kateqoriya var: “Burada ”Əfvetmə haqqında əsasnamə"dən irəli gələn meyarlar əsas götürülür. Yəni bir əməlin ictimai təhlükəsizlik dərəcəsi önəmlidir. Səhhətinin vəziyyəti, ailə vəziyyəti, dəymiş ziyanın ödənilməsi, dövlətin milli maraqları, eyni zamanda cəmiyyətin maraqları - bütün bunlar araşdırılır, müzakirə edilir, nəticədə Əfv Məsələləri Komissiyasında bu və ya digər şəxs barəsində qəbul olunmuş müraciətlə bağlı rəy hazırlanır və Prezidentə təqdim olunur. Əfv Komissiyasına hüquq müdafiəçiləri, ombudsman, yerli və beynəlxalq təşkilatlar tərəfindən də ayrı-ayrı şəxslərin əfv olunması ilə bağlı müraciətlər daxil olur. Bu müraciətlərin hamısına dediyim kriteriyalar əsasında yanaşma olur. Siyahılarda müxtəlif müzakirələrdə adları hallanan siyasi fəalların da adları olur. Amma Əfv Məsələləri Komissiyası üçün siyahı əsas deyil. Insanların hamısının qanun qarşısında bərabərliyi var. Əlbəttə, son söz cənab Prezidentindir. Prezident tərəfindən müəyyənləşdirilir, kimi əfv etmək olar, kimi yox. Əfv Komissiyasının üzvü olaraq heç kimin həbsxanaya düşməsini arzulamıram, cinayət etməsinlər, bunu arzulayıram. Adları çəkilən şəxslərin hamısı azadlığa çıxsın. Amma istənilən strukturda daxili qaydalar var, hamıya şəffaf olan prosedurlar var, bunlara uyğun olaraq da qərarlar qəbul olunur".

Geri qayıt