Əsas Səhifə > Partiya, Güney Press > "Gec də olsa Zahid bəyin tərəfindən belə fikirlərin səslənməsi özlüyündə pozitivdir"
"Gec də olsa Zahid bəyin tərəfindən belə fikirlərin səslənməsi özlüyündə pozitivdir"17-09-2020, 08:34 |
Azərbaycan Sosial Tədqiqatlar Mərkəzinin sədri, Milli Məclisin Komitə sədri Zahid Oruc “İlham Əliyevin yeni xalq hakimiyyəti” adlı yazısında parlamentdə təmsil olunmayan partiyaların da dövlət büdcəsindən maliyyələşməsi məsələsinə toxunub. Zahid Oruc bildirib: “İndi bütün komandasında gələcək naminə vahidliyi təmin etmək, siyasi sistemin və institusional təsisatların, milli ziyalıların və ictimai rəy liderlərinin dövlət orbitinə qaytarılmasına nail olmaq, müxalif partiyalarla siyasi saziş, ictimai müqavilə ilə konsensus tapmaq və parlamentdən kənar qüvvələrin büdcədən maliyyələşdirilməsinə getməklə onların sosial aqressivliyini, xaricdən asılılığını azaltmaq, həmçinin dövlət şuralarında idarəçilikdə iştiraka cəlb etməklə münasibətləri hüquqi müstəviyə qaytarmaq, dialoq mühitini daimi çalışan və qərarlarla irəliyə gedən bir müstəviyə çevirmək, siyasi mədəniyyəti bərpa edərək destabillik doğuran mənəvi terroru durdurmaq, yeni kommunikasiya inqilabının gətirdiyi çağırışlara hazır olmaq Əliyevin qurduğu ”yeni xalq hakimiyyəti"nin ali məramıdır". Zahid Orucun bu fikirləri parlament təmsilçiliyi olmayan partiyaların büdcədən maliyyələşməsi üçün hansısa addımların atılacağının anonsu sayıla bilərmi? Parlament təmsilçiliyi olmayan partiyalar bunu istəyirmi? AMİP sədri Arzuxan Əlizadə “Yeni Müsavat”a bildirdi ki, Zahid Oruc neçə illərdir onların da vacib hesab etdiyi və təkliflər verdiyi məsələyə toxunub: “Özündə bu müddəanın da ehtiva olunduğu təkliflər paketini hakimiyyət mənsublarına da təqdim etmişik. Bunun üçün kriteriyaların müəyyənləşməsini və qanunvericilikdə müvafiq düzəlişlərin edilməsinin də fərqindəyik. Çünki ölkədə müxtəlif səviyyəli seçkilərdə iştirak etməyən, yerli strukturlara malik olmayan, ölkə gündəmində bu və ya digər formada iştirak etməyən kifayət sayda partiya var və bu mənada bütün siyasi təşkilatların ucdantutma maliyyələşməsi hesab edirəm ki, doğru olmazdı. Eyni zamanda bu da reallıqdır ki, bu gün Milli Məclisdə təmsil olunan, lakin nəinki partiya strukturları, hətta özündən və ətrafındakı 1-2 nəfərdən başqa heç bir üzvü olmayan partiyalar da var ki, yalnız parlament təmsilçiliyinin olması səbəbi ilə dövlət büdcəsindən maliyyələşirlər. Əlbəttə ki, bu, oturuşmuş partiya strukturlarına malik olan, seçkilərdə fəal iştirak edən digər siyasi partiyalara münasibətdə ədalət prinsipinin ciddi surətdə pozulmasıdır. Bu məsələdə ən vacib hesab elədiyimiz məqam isə odur ki, siyasi partiyaların dövlət büdcəsindən maliyyələşməsi bu məsələdə şəffaflıq prinsipinə əməl olunmaqla, həm də partiyaların mənşəyi məlum olmayan mənbələrdən maliyyələşmə riskini minimuma endirər. Bu baxımdan hörmətli Zahid Orucun məsələyə yanaşmasını doğru hesab edirəm. Eyni zamanda bu fikirlərin Prezidentin sərəncamı ilə Sosial Tədqiqatlar Mərkəzinin idarə heyətinin sədri vəzifəsinə təyin olunan və rəyi qəbul edilən şəxs tərəfindən səsləndirilməsi bizi hakimiyyətin bu vacib məsələni müsbət həll edəcəyinə ümidləndirir". AĞ Partiyanın sədri Tural Abbaslı bildirdi ki, əslində bu fikirləri və təklifləri artıq illərdir müxtəlif formada müxalifət partiyaları olaraq dəfələrlə səsləndiriblər. Yəni normal hüquqi, demokratik dövlətlərdə belə məsələlər artıq çoxdan öz həllini tapıb və adi norma halına gəlib: “Gec də olsa Zahid bəyin tərəfindən belə fikirlərin səslənməsi özlüyündə pozitivdir və biz də AĞ Partiya olaraq bu yanaşmanı müsbət qarşılayırıq. Bu səsləndirilən fikirlər nə qədər sürətli və effektiv şəkildə icra olunsa Azərbaycana bir o qədər faydalı olar. İstər parlamentdən partiyaların maliyyələşməsi, istər onların dövlət idarəçiliyində təmsilçiliklərinin təmin olunması və çoxpartiyalı sistemin inkişafı istiqamətində deyilən fikirlər çox əhəmiyyətli və icrası labüd məsələlərdir. Zahid Orucun bu yazısının bir çox məqamları dövlət və dövlətçilik üçün faydalı nüanslardır. Ümid etmək istərdik ki, bu yazıda qeyd edilənlər sadəcə kağız üzərində qalmayacaq. Unutmaq lazım deyil ki, hazırda Azərbaycan çox ağır və riskli mərhələdən keçir. Bu mərhələdə siyasi islahatlar yönümündə real və ardıcıl addımlar atılmalıdır ki, dövlətimiz bu mərhələdə ağır durumlarla üzləşməsin”. ALDP sədri Fuad Əliyev isə bildirdi ki, Zahid Oruc hakimiyyətin görəcək işlər barədə məlumatlı şəxsdir. Bu baxımdan onun yazısında əksini tapan məsələnin nə zamansa reallaşacağına ümid yaranır: “Parlamentdən kənarda olan partiyaların maliyyələşməsi məsələsinin müsbət həllinin vacibliyi barədə biz də zaman-zaman bildirmişik. Çox ölkələrdə belə prosedur var, parlament seçkilərində iştirak edən, amma parlamentə düşməyən partiyalara dövlət tərəfindən maliyyə ayrılır. Biz də bunun üçün bir mexanizm tətbiq olunub həyata keçirilsə yaxşıdır. Bununla bağlı mən PA rəsmisi Ədalət Vəliyevlə keçirdiyim görüşdə fikir mübadiləsi aparmışıq”. Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev isə bildirdi ki, parlamentdə təmsil olmayan partiyalara büdcədən maliyyə veriləcəyinin gözlənildiyini düşünmür: “Gözlənilmirsə onu müzakirəyə çıxartmaq gündəmi dəyişməyə xidmət edir. Siyasi partiyalara lazım olan demokratik seçkilər və bu seçkilərdə onların halal haqlarının tanınmasıdır. Ölkədə islahat üçün birinci şərt demokratik seçkilərdir”. “Yeni Müsavat” Geri qayıt |