Əsas Səhifə > Partiya, Güney Press > “ReAl-a satılmış deyirlər, amma nəyi satıb, neçəyə satıb - sübutları yoxdur”

“ReAl-a satılmış deyirlər, amma nəyi satıb, neçəyə satıb - sübutları yoxdur”


9-09-2020, 10:49
 “ReAl-a satılmış deyirlər, amma nəyi satıb, neçəyə satıb - sübutları yoxdur”
Bir müddətdir ki, Respublikaçı Alternativ Partiyasının (ReAl) ətrafında qalmaqallar, təşkilata qarşı ittihamlar səngimək bilmir. İttiham səsləndirən tərəf də, əsasən, elə müxalif partiya üzvləridir. Sosial şəbəkələrdə İlqar Məmmədovun sədri olduğu qurumu hakimiyyətlə yaxınlıqda, “cib müxalifəti” funksiyasını yerinə yetirməkdə, “satqınlıq”da ittiham edirlər. Bu fikirdə olanların əksəriyyəti Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) və Müsavat Partiyasının fəallarıdır.

İttihamlar ondan qaynaqlanır ki, son bir il içərisində ReAl funksioneri Erkin Qədirli deputat mandatı qazanıb, hökumət tərəfindən təşkilatın sədri İlqar Məmmədova həbsinə görə bəraət verilib və 234 min manat təzminat ödənilib, ReAl dövlət qeydiyyatına alınıb, bu münasibətlə Prezident İlham Əliyev tərəfindən Məmmədova təbrik ünvanlanıb. Müxalif fəallar bunların təsadüf olmadığını, ReAl-ıın hakimiyyətlə əməkdaşlığa razılaşdığını iddia edirlər. Təbii ki, ReAl da öz növbəsində ittihamları rədd edir, deyilənləri qərəzli yanaşma, şər-böhtan adlandırır.

Partiya ətrafında baş verən gərginliklə bağlı ReAl-ın Siyasi Komitəsinin üzvü Rəsul Cəfərov fikirlərini AYNA ilə bölüşüb. Partiyanın dövlət qeydiyyatına alındıqdan sonra fəaliyyət istiqamətinin dəyişmədiyini bildirən funksioner deyib ki, ReAl-ın əsas fəaliyyət istiqaməti ona yönəlib ki, Azərbaycanda parlamentli respublikaya keçid edilsin:

- Bundan irəli gələrək qanunvericilik dəyişiklikləri həyata keçirilməlidir. Məsələn, vətəndaş cəmiyyəti ilə bağlı məqbul şərait yaradılmalıdır, partiyalar inkişaf etməlidir. Yəni, ReAl-ın fəaliyyət istiqamətləri ilə bağlı müəyyən təşəbbüslər var. Bunları da açıq şəkildə ictimaiyyətə bəyan etmişik. Nəzərdə tutduğumuz proqramların reallaşması üçün fəaliyyətimizi göstərmişik, bundan sonra da həmin xətt davam edəcək. Yəni, qeydiyyata alındıqdan sonra siyasi xəttimizdə hansısa dəyişiklik baş verməyib.

- Və seçkilərdə iştirak etmək...

- Biz hər zaman bildirmişik ki, siyasi təşkilatın işi seçkilərdə iştirak etməkdir. Qarşıdan gələn seçki yarışlarının hər birinə qoşulacağıq. Bilirsiniz ki, son parlament seçkilərindən sonra Milli Məclisdə 5 yer boş qalıb. O dairələrə keçiriləcək seçkilərdə ReAl olaraq iştirak edəcəyik. Yaxud, digər seçkilərdə, parlament, prezident, bələdiyyə seçkiləri olsun, iştirak edəcəyik. Qeydiyyatın üstünlüyü ondadır ki, fərdi deyil, partiya olaraq bu yarışa qoşalacağıq. Partiyanın qeydiyyatından əvvəl hansı xətti götürmüşdüksə, bundan sonra da o xətt üzrə fəaliyyət göstərəcəyik.

- Ölkədə seçki mühiti varmı ki, ReAl seçkilərdə aktiv iştiraka can atır?

- Seçki mühitini siyasi partiyalar və seçicilər yaratmalıdır. Nə edək? Oturub deyək ki, Azərbaycanda seçki mühiti yoxdur, qanunvericilikdə boşluqlar var, komissiyalar formalaşmayıb, ona görə də seçkilərdə iştirak etmirik?! Bu, iştirakçılıqdan yayınmaqdır, siyasi proseslərdən kənarda qalmaqdır. Biz bu yanaşmanın tərəfdarı deyilik. Biz oturub gözləsək ki, bunlar düzəlsin, alınmayacaq. Hərəkət etməliyik, hakimiyyətdən tələb etməli, bunun üçün mübarizə aparmalıyıq ki, seçki mühiti yaransın. Cəmiyyəti səfərbər etmək, seçicilərlə iş aparıb, onlara hüquqlarını tələb etməyi öyrətməliyik. ReAl olaraq hesab edirik ki, mövcud çətinliklərə baxmayaraq, seçkilərə qatılmaq, mübarizə aparmaq lazımdır. Əlbəttə, hansısa siyasi qüvvələr bizim yanaşmamızı səhv hesab edə, tənqid edə bilər. Onların tənqidinə də hörmətlə yanaşırıq. Amma praktika göstərir ki, seçkilərdə iştirakçılıq daha düzgündür, nəinki prosesdən yayınmaq. Məsələn, götürək Belarus nümunəsini. Guya ki, Belarusda seçki qanunvericiliyi mükəmməldir, yaxud seçki komissiyaları demokratik şəkildə formalaşdırılıb? Əlbəttə ki, yox. Amma son prezident seçkilərində Belarusda seçki iştirakçılığı oldu, nəticə etibarilə insanlar öz mövqeyini ortaya qoymaqdadır. Çoxsaylı nümunələr göstərmək olar. Elmi tərəfdən də, gəlinən nəticə ondan ibarətdir ki, seçkidə iştirak etmək iştirak etməməkdən daha məqbuldur. Heç kim təminat verə bilməz ki, nəticə yüz faizli olacaq. Amma seçkidə iştirak yeni imkanlar açır, gələcəkdə müsbət nəticəyə zəmin yarada bilir.

- Tutaq ki, ReAl növbəti parlament seçkisində 5 deputat mandatı qazandı. Bunu partiya olaraq qələbə sayacaqsınız? Yəni, hakimiyyət 5 nəfər ReAl üzvünü Milli Məclisə buraxırsa, bu, qələbədirmi?

- Burada fərqli yanaşma var. Parlamentə buraxmaq başqa məsələdir, parlamentdə oturtmaq tamam başqa məsələdir. Biri var ki, dairəni uduzursuz, amma deputat mandatınız təsdiqlənir. Yəni, xeyrinizə saxtakarlıq edilir, başqa birinin haqqını sizə verirlər. Bir də var ki, siz dairədə rəqiblərinizə qalib gəlirsiniz, hakimiyyət də bunu tanıyır, mane olmur. Erkin Qədirlinin mübarizə apardığı seçki dairəsində qalib Erkin bəy oldu. Mən bunu sizə dəqiq deyirəm, çünki seçkilərdə Erkin bəyin nümayəndəsi idim, seçki prosesini yaxından izləmişəm. Hətta, ona əlavə yazılmış səslərlə bağlı Mərkəzi Seçki Komissiyasına (MSK) ləğvlə bağlı müraciət etdi. Faktiki olaraq Erkin Qədirli seçkidə qalib oldu. Hakimiyyət də onun qalibiyyətini tanıdı, parlamentə buraxdı.

- Amma sizi, ReAl rəhbərini, ümumiyyətlə prosesə buraxmadılar...

- Bəli, məni və İlqar Məmmədovu məhkumluq məsələsi səbəbindən seçkiyə buraxmadılar. Reallıq budur, siyasi vəziyyət budur. Biz inciməliydik ki, necə olur, bir nəfərimizə mandat verirsiz, bizi isə heç seçkiyə buraxmırsınız?! Bu, prosesdir, biz də əvvəldən qərar vermişdik ki, nə qədər bacarırıqsa, o qədər çox namizədlə seçkilərə qatılaq. Bu dəfə ReAl bir mandat qazandı, gələn dəfə sizin dediyiniz kimi, 5 mandat qazanacaqsa, lap yaxşı. Deməli, bizim parlamentdə bir yox, 6 təmsilçimiz olacaq. Bunun nəyi pisdir ki? ReAl olaraq buna kiçik siyasi qələbə kimi baxa bilərik. Ümumilikdə, bizim parlamentdə olmağımız qələbə, yaxud məğlubiyyət kimi qiymətləndirilməməlidir. Məqsədimiz odur ki, Milli Məclisdə mandatımız çox olsun, o tribunadan daha çox problemləri səsləndirək, həllinə vasitəçi olaq. Problemlərin müzakirəsinin küçələrdə yox, parlamentdə edilməsinin tərəfdarıyıq. Mən anlamıram, insanların qayğılarını aidiyyəti orqanlar qarşısında qaldırmağın, bunun üçün parlamentdə olub, səlahiyyət sahibliyi qazanmağın nəyi pisdir ki?! Sabah Milli Məclisdə 5-6, yaxud da 10 mandata sahib olarıqsa, bunu möhtəşəm qələbəmiz adlandırası deyilik. Bizim möhtəşəm qələbəmiz ReAl-ın hakim partiyaya çevrilməsi olacaq.

- Prezident İlham Əliyevin ReAl sədrini təbrik etməsi sosial şəbəkələrdə müzakirə olunmaqdadır. Ölkə başçısının bundan əvvəl qeydiyyata alınan partiyaları yox, ReAl-ı təbrik etməsi birmənalı qarşılanmır. Bildirilir ki, ReAl hökumətlə yaxınlaşıb, “cib müxalifəti” funksiyasını yerinə yetirəcək...

- Bir siyasətçinin digər bir siyasətçini təbrik etməsi normal haldır. Bu, normal siyasi ünsiyyətin tərkib hissəsidir. Dünyanın istənilən yerində ölkə başçısının müxalif siyasi təşkilat rəhbərini təbrik etməsi, yaxud da əksinə, normal qarşılanır. Azərbaycanda da belə olmalıdır. Məsələn, Türkiyədə hansısa bayramda, hansısa əlamətdar gündə çox rahat şəkildə hakim partiyanın lideri müxalif partiya liderinə təbrik ünvanlayır. Müxalifət lideri də hakim partiyanın liderini təbrik edir. Eyni zamanda, müxalifət tənqidini edir, hakimiyyət öz mövqeyini əsaslandırır. Bu, normal praktikadır. Mən anlayıram, Azərbaycanda uzun illərdir ki, belə siyasi münasibətlər olmayıb. İnsanlarda belə fikir formalaşır ki, iqtidar müxalifəti nəyəsə görə təbrik etdisə, demək, bu, müxalifət deyil, iqtidara yaxındır. Bu cür siyasi mədəniyyət indiyə qədər olmayıbsa, o anlamı vermir ki, bundan sonra da olmayacaq. Əgər ilkin addım atılıbsa, daha gözəldir. Bəziləri qınayır ki, “ReAl niyə Prezidentin təbrikini qəbul edir?”. Anlamıram, İlqar Məmmədov nə etməli idi? Deməli idi ki, “Prezidentin təbrikini istəmirəm”? Hansı istiqamətdən məsələyə baxsaq, absurddur. Bu məsələyə görə, tənqid, təhqir, aşağılama, ReAl-a qarşı qaralama kampaniyası düzgün deyil. Bunun səbəbini də anlaya bilmirəm.

- “ReAl satılıb” ittihamlarına cavabınız nədir?

- Bununla bağlı Erkin Qədirli çox gözəl cavab verdi, əlavə nəsə demək lüzumsuzdur. Biz kimisə o vaxt satılmış sayıla bilərik ki, hansısa siyasi qüvvə ilə anlaşmamız olsun, onu pozmuş olaq. Hansısa anlaşmaya uyğun olaraq öhdəlik götürüb, onu bilərəkdən pozmuş olardıqsa, hardasa “ReAl satılıb” deyənlərə haqq vermək olardı. Məsələn, hansısa siyasi qüvvə ilə, partiya ilə anlaşsaydıq ki, hakimiyyətlə dialoqa getməyəcəyik, amma dialoqa getsəydik, bəli, haqlı olardılar. Belə bir hal olmayıb, anlaşma yoxdur. Deyirlər ki, “ReAl satılıb”, amma demirlər kimi, nəyi satmışıq, neçəyə satmışıq. Bunu sübut edə bilmirlər, bilməzlər də. Açıq suallar ittihamların əsassız olduğunu göstərir. Belə ittihamlar gülüncdür.

- Bəlkə, ReAl sədrinin, sizin aldığınız təzminatla bağlıdır?

- Adından da göründüyü kimi, bu, təzminatdır. Avropa Məhkəməsinin qərarına əsasən, Avropa Şurası Nazirlər Komitəsinin çoxsaylı qərarları olub ki, siyasi məhbuslar bəraət almalı və onlara həbsxanada keçirilən günlərə görə təzminat ödənilməlidir. Təzminat həmin qərarlara əsasən, Azərbaycan hökuməti tərəfindən ödənilib. Bunu anlamaq bu qədər çətin olmamalıdır. Elə bir məsələ deyil ki, biz yolla gedirdik, hökumət saxladı dedi ki, İlqar Məmmədova 234 min, Rəsul Cəfərova 57 min manat verək. Burada məbləğin formalaşması proseduru var. Kimsə sual veribmi ki, “niyə İlqar Məmmədova 234 min, Rəsul Cəfərova 57 min manat təzminat ödənildi?”. Cəza çəkmə müddəti var, mən 1.8 il, İlqar bəy 5.7 il həbsdə olub. Fərq də buradan yaranıb.

- Məsələ burasındadır ki, sizdən əvvəl də siyasi məhbuslar olub. Onlara həbsxana həyatı üçün təzminat ödənilməsi baş veribmi?

- Çox yaxşı arqumentdir. Əlbəttə, olub. Bizdən qabaqkı siyasi məhbusların əksəriyyəti Avropa Məhkəməsinin qərarı nəticəsində öz kompensasiyasını alıb. Hansının işi məhkəməyə gedib çıxıbsa, işi udublar, işlərinə uyğun olaraq təzminatlarını Azərbaycanın Maliyyə Nazirliyindən alıblar. Onda biz durub deyəydik ki, təzminat alıblarsa, hakimiyyətə satılıblar?!

- Keçmiş siyasi məhbuslardan kimlər təzminat alıblar?

- Məsələn, NİDA Vətəndaş Hərəkatının həbsdə olmuş keçmiş üzvləri. Onlar da Avropa Məhkəməsinin qərarı ilə nəzərdə tutulmuş kompensasiyanı alıblar. Yaxud da, hüquq müdafiəçilərindən həbsdə olmuş İntiqam Əliyev, Anar Məmmədli təzminatlarını alıblar. Həmçinin, inzibati qaydada həbs edilmiş AXCP və Müsavat Partiyasının üzvləri də təzminatlarını alıblar. Almaq haqları da vardı, hələ bəlkə də, az alıblar. Amma bizə indi deyirlər ki, “siz niyə dövlətdən kompensasiya alırsınız?”. Bu, niyə satqınlıq kimi dəyərləndirilməlidir ki?!

- Sizcə, AXCP, yaxud da Müsavat Partiyası niyə ReAl-a qarşı bu cür mövqe sərgiləyir, üzərinizə gəlirlər?

- Mən bunun səbəbini anlaya bilmirəm. Şəxsən mənim onlardan heç bir incikliyim yoxdur. Öz fikirləridir, desinlər. Mən ReAl haqqında qərəzli, həqiqətə uyğun olmayan fikirləri onları öz vicdanlarına buraxıram. Bu, ReAl-a qarşı qısqanclıqdırmı, paxıllıqdırmı, açığı bilmirəm. Bildiyim bir şey var ki, əgər kimsə kimisə ittiham edirsə, ortaya sübut qoymalıdır. Sübut yoxdursa, demək ki, böhtandır. Böhtan da vicdan məsələsidir. Başqa heç bir fikrim yoxdur.

Geri qayıt