Əsas Səhifə > Partiya, Güney Press > "Möhtərəm Prezident Ramiz Mehdiyevi nəvələriylə oynamağa da göndərə bilərdi, qarğıdalı əkməyə də..."

"Möhtərəm Prezident Ramiz Mehdiyevi nəvələriylə oynamağa da göndərə bilərdi, qarğıdalı əkməyə də..."


4-09-2020, 08:21
"Möhtərəm Prezident Ramiz Mehdiyevi nəvələriylə oynamağa da göndərə  bilərdi, qarğıdalı  əkməyə də..."
İsi Məlikzadənin «Quyu» povestində belə bir yer var. Allaha bir adam lazım olur, əlini atır yerdən birini götürür, qaldırır ki, baxsın axtardığıdı, yoxsa yox. Qaldırdıqca camaat da deyir, vay dədəm, vay, görün kimi hara qaldırırlar. Allah qaldırır, qaldırır, çatdırır özünə, üzünü çevirib baxır, görür axtardığı adam deyil, elə ordan çırpır yerə.

İndi Ulu Öndər Heydər Əliyev Ramiz Mehdiyevi qaldırdı, qaldırdı, əsl üzünü görməyə vaxtı çatmadı. Sonra bu missiya düşdü Möhtərəm Prezident İlham Əliyevin üstünə. İlham Əliyev də onu qaldırdı, qaldırdı və nəhayət, çevirib üzünə baxdı, gördü onun axtardığı və istədiyi adam deyil, amma day yerə çırpmadı, göndərdi ölkənin ən strateji bir təşkilatı olan Milli Elmlər Akademiyasına prezident. Heydər Əliyev ordeni ilə təltif elədi, xoş sözlərlə yola saldı.

Bir maraqlı film var, Meksikanın milli azadlıq hərəkatı barədədi. Xalq ölkənin müstəqilliyini qazanmaq üçün ayağa qalxır. Ordu generalı xalqın tərəfinə keçir. Kəsəsi, ölkə müstəqilliyini əldə edir və generaldan tələb və xahiş edirlər ki, prezident olsun. General qəbul etmir, deyir:

– Mənə Meksikanın müstəqilliyi lazımdı, onu da gördüm. İndi yaşım keçib, nəvələrimlə oynamaq istəyirəm, qarğıdalı əkmək istəyirəm, inək sağmaq istəyirəm.

İndi Möhtərəm Prezident Ramiz Mehdiyevi nəvələriylə oynamağa da göndərə bilərdi, qarğıdalı əkməyə də, Akademiyanın əkin sahələri də çoxdu.

Göndərmədi, hörmətlə yola saldı.

Bəs, bu hörmətin qarşısında akademik neylədi?! İncikləri yığdı başına, gövdə göstərisi yapdı. Dəvədən tam düşmədiyinə görə, «höt-höt»ündən qalmadı və qalmır. Demək olar bir gündən bir Akademiyanın saytında hikkəylə hamıya meydan sulayır və aşağılamadığı ziyalı, jurnalist, millət vəkili qalmayıb. Möhtərəm Prezidentə çamur atmaqdan da çəkinmir.

Bir «Elm» qəzeti vardı, rəhmətlik Aydın Səlimzadə də redaktor idi. Zori Balayan «Ocaq» kitabında xalqımızı təhqir edib aşağılayanda, Dağlıq Qarabağda separatizmin ocağını qalayanda bizim mətbuat ermənilərə mədhiyyə oxuyurdu. Həmin vaxt İsa Qəmbər Zori Balayana çox savadlı və elmi əsaslara söykənən cavab yazdı, heç bir mətbuat çap eləmədi. Rəhmətlik Aydın Səlimzadə kəfənini boğazına dolayıb İsa Qəmbərin Zori Balayana cavabını «Elm» qəzetində çap elədi. Qəzet əldən-ələ gəzdi və qəzetin üzü çıxardılıb çoxaldıldı və demək olar ki, Azərbaycanın hər yerinə yayıldı. Və «Elm» qəzeti tarixə düşdü.

İndi də Akademiyanın bir saytı var və həmin sayt da Ramiz Mehdiyevin ixtiyarındadı. Və bu gün yəqin ki, ən çox giriş yapılan saytdı.

İsa Qəmbər «Elm» qəzetindən istifadə edib bu milləti qorudu və milli azadlıq hərəkatının öncüllərindən birinə çevrildi. Yəni İsa Qəmbəri İsa Qəmbər edən həmin məqalə oldu.

İndi isə Ramiz Mehdiyev də «Elm» qəzetini əvəz edən həmin saytdan istifadə edərək dövlətçiliyimizi, müstəqilliyimizi və Möhtərəm Prezidenti hədəf götürüb.

Başqa bir sayt olsaydı Rabitə Nazirliyi çoxdan həmin saytı məhv eləmişdi, ya da filtr qoymuşdu.

Əslində Rabitə Nazirliyi düz eləyir. Ramiz Mehdiyev hər məqalə ilə çıxışında özünün isti aşına bir az da su qatır və bataqlıqdakı adam kimi bir az da çamura batır.

«Nəsimi» filmində belə bir yer var. Əmir Teymur Şeyxə deyir:

– Göndərərəm səni Qarabağa, gedib orda mehtərlik edərsən.

Əslində bu biabırçılıqdan sonra Ramiz Mehdiyev istefa verməli idi. Nəinki istefa verdi, əksinə, iqtidarın üzərinə daha total hücuma keçib.

Özü istefa vermir, belə davam edərsə yəqin ki, Ramiz Mehdiyevi də göndərərlər qarğıdalı əkməyə.

Və çox qəribədir ki, hətta əlində geniş imkanları olan yuxarıda oturanlar deyəsən, Ramiz Mehdiyevə cavab verməkdən qorxurlar.

Aqil Abbas
Milli Məclisin deputatı
//yenisabah.az//
Geri qayıt