Əsas Səhifə > Partiya, Güney Press > “İnsanlara real qəhrəmanlar lazımdır”
“İnsanlara real qəhrəmanlar lazımdır”1-09-2020, 08:44 |
Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olan qəhrəmanlarımızın döyüş yolunun, şücaətlərinin dərsliklərə salınması barədə təkliflər var. Qeyd olunur ki, birinci Qarabağ savaşı zamanı qəhrəmanlıq göstərənlərin, habelə atəşkəs dövründəki erməni təxribatlarını dəf edərkən şəhid olan Mübariz İbrahimov, Polad Həşimov, Raquf Orucov, polkovnik İlqar Mirzəyev kimi şəhid hərbiçilərimizin dərsliklərdə geniş təbliğatına ehtiyac var. Bu günə qədər dərsliklərdə Koroğlu, Qaçaq Nəbi, Babək haqqında yetərincə şeirlər, dastanlar öz əksini tapıb. Lakin bəzən bu qəhrəmanlar çox şişirdilmiş, bəzən nağılvari şəkildə tərənnüm olunur. Polad Həşimov, Raquf Orucov, İlqar Mirzəyev kimi şəhid hərbiçilərimiz isə real və gerçək qəhrəmanlardır. Xatırladaq ki, bir müddət bundan əvvəl “Qanun” nəşrlər evi “Məktəblillər üçün liderlik dərsləri” adlı seriyasında şəhid general-mayor Polad Həşimovdan bəhs edən kitab çap etmişdi. Polad Həşimovun təhsil aldığı məktəb, məktəbdə onunla bağlı olan xatirələr, daha sonra əsgər və generalların, ailəsinin xatirələri toplandığı “Polad generalımız” adlı kitab 2000 tirajla çap olunaraq, məktəbli uşaqlara pulsuz paylanılmışdı. “Qanun” nəşrlər evinin direktoru Şahbaz Xuduoğlu “Yeni Müsavat”a açıqlamasında bu cür generalın həyatı haqda məlumatların məktəb dərsliklərinə salınmasını təklif etmişdi. Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb. Musa Qasımlı qeyd edib ki, hazırkı dövrdə şagirdlərə daha çox qəhrəmanlıq, müstəqil dövlətçilik hissləri aşılayan biliklər verilməlidir: “Dövlətimizin təhsil strategiyasının tərkib hissələrindən biri olan dərslik siyasəti müstəqillik illərində böyük bir yol keçib. Tarix dərsliklərində müstəqil dövlətçilik, vətən, torpaq, millət sevgisi aşılayan mövzular, tarixi şəxsiyyətlərimiz və dövlət xadimlərimiz haqqında məlumatlar vardır. Bütün keçmiş minilliklər tariximizi bilməyimiz vacibdir. Orada bizim milli və dövlətçilik köklərimiz yatır. Bununla yanaşı, hesab edirəm ki, biz şagirdlərimizə qəhrəmanlıq, müstəqil dövlətçilik hissləri aşılayan bilikləri daha çox verməliyik. Ona görə də dərsliklərdə general-mayor Polad Həşimov haqqında məlumatların verilməsi yaxşı olardı. Şagirdlərimiz ondan vətəni sevməkdə, qorumaqda və düşmənə sinə gərməkdə örnək alardılar. Tarix dərslikləri quru, bəzən də heç bir məna daşımayan statistik, xronoloji məlumatlardan təmizlənməli, başlıca olaraq vətən, torpaq, dövlət, millət sevgisi aşılamalı, yaxşı vətəndaş yetişdirilməsində başlıca rol oynamalıdır". Məsələ ilə bağlı millət vəkili Fazil Mustafa bildirib ki, ən böyük qəhrəmanlarımızdan biri də Nuru Paşadır: “Lakin onun adı mücərrəd qəhrəmanlar, Azərbaycana dəxli olmayan, fəaliyyəti müstəqilliyimiz üçün əhəmiyyət kəsb etməyən şəxslərlə müqayisədə çox arxa planda qalır. Eyni zamanda son dövrlərin qəhrəmanlarından olan Mübariz İbrahimov, Polad Həşimov, Raquf Orucov və digər dəyərli şəhid zabit və əsgərlərimizin obrazlarını təqdim etməyə tələsmirik. Əslində isə insanlara real qəhrəmanlar lazımdır. Bir məsələni də diqqətə çatdırmaq istərdim. Bu gün çox valideyn qız övladına Natəvan adını verir. Məlum olduğu kimi, zamanında Xan qızı Xurşudbani övladı vəfat etdikdən sonra Natəvan təxəllüsünü özünə götürüb. Natəvan ”yazıq, miskin insan" deməkdir. Bu gün də adın fərqinə varmadan bu adı övlada qoyurlar. Bu isə mahiyyətcə doğru deyil. Eləcə də qəhrəmanların mahiyyətinə baxışımız kökündən yanlışdır, təhrif olunmuşdur. Bu səbəbdən real qəhrəmanlara qayıtmalıyıq. Məsələn, əgər Qarabağda qalib gəlmək istəyiriksə, bizim obrazımız Koroğlu, Babək ola bilməz. Obrazımız Nuru Paşa olmalıdır, hansı ki, Bakını işğalçılardan azad edib. Yəni bu obrazı daha dərindən anlasaq, bilərik ki, qalib gəlmək mümkündür. Və yaxud vətən üçün şəhid olmaq obrazı deyəndə Mübariz İbrahimovu, Polad Həşimovu, Raquf Orucovu göstərmək kifayət edər. Bizə real qəhrəman ona görə lazımdır ki, biz görək ki, bizdən biri olan, bizimlə eyni yeməyi yeyən şəxs gəlib Bakını azad edə bildi. Necə ola bilər ki, Azərbaycan zabiti özünü bu ruhda hazırlamasın və Qarabağı azad etmək haqda düşünməsin. Amma bir daha qeyd edirəm, bunu koroğluçuluqla təbliğ etmək çox çətin olacaq". Təhsil eksperti Kamran Əsədov isə qeyd edib: “Azərbaycan Respublikasının dərslik siyasətinə görə dərsliklər şəxsiyyət yetişdirməlidir. Xüsusən də son dövrdə Azərbaycanda Qarabağ müharibəsində baş verən proseslər dərsliklərdə insanları qələbəyə olan inamı artırmalıdır. Ona görə də dərsliklər gənc nəslin milli-vətənpərvər ruhunda yetişməsinə, eyni zamanda bu hisslərin oyadılmasına müsbət təsir etməlidir. Birmənalı şəkildə istər 2016-cı ildə baş verən Aprel döyüşləri, istərsə də 2020-ci ildə Tovuz istiqamətində baş verən döyüşlər zamanı qəhrəmanlıq göstərən zabit və əsgərlərimiz haqqında məlumatlar mütləq şəkildə dərsliklərə salınmalıdır. Çünki bu hadisələr həm Azərbaycan, həm də dünya əhəmiyyətli hadisələrdir. Etiraf edək ki, son dövrlərdə ölkədə gənclərin vətənpərvərlik ruhunda böyüməsi üçün müsbət milli qəhrəman obrazlarında çatışmazlıqlar var. Məhz Polad Həşimovun, İlqar Mirzəyevin və digərlərin adları, onların haqqında məlumatların dərsliklərə gətirilməsi bu boşluqları aradan qaldıra bilər. Çox təəssüf ki, hazırda dərsliklərimizdə, xüsusən də tarix, ədəbiyyat fənlərində bu tipli məlumatlar azlıq təşkil edir. Bu səbəbdən bir daha qeyd edirəm ki, bu boşluqları bərpa etmək üçün yeni dərsliklər çap ediləndə yeni dövrümüzün qəhrəmanları haqqında geniş məlumatlar verilməli və bu ən zəruri addım olmalıdır". “Yeni Müsavat” Geri qayıt |