Əsas Səhifə > Partiya, Güney Press > "Ermənistan əslində könüllü ordu yox, muzdlu ordu yaratmaq istəyir"

"Ermənistan əslində könüllü ordu yox, muzdlu ordu yaratmaq istəyir"


31-08-2020, 08:02
"Ermənistan əslində könüllü ordu yox, muzdlu ordu yaratmaq istəyir"
"Ermənistanın hərbi-siyasi rəhbərliyinin könüllülərdən ibarət qoşun yaratmaq istəyi təzə söhbət deyil. Nikol Paşinyan bu məsələ barədə son iki ildə dəfələrlə öz generalları ilə müzakirələr aparıb".

Bunu "Sherg.az"a açıqlamasında Milli Həmrəylik Partiyasının (MHP) sədri Əlisahib Hüseynov deyib.

Partiya rəhbəri bildirib ki, Ermənistanın Müdafiə Nazirliyinin könüllülərdən ibarət yığma qoşun yaradılması üzrə qanun layihəsini ictimai müzakirəyə çıxarması həmin prosesin nəticəsidir:

"Ancaq burada bir məqam da maraqlıdır ki, “könüllülər ordusu”na məhz rəsmi şəxsin, yüksək rütbəli erməni hərbçisinin rəhbərlik etməsi nəzərdə tutulur. Söhbət Ermənistan Silahlı Qüvvələrin Baş Qərargah rəisi Onik Qasparyandan gedir. Bu isə tamamilə absurddur. Baş Qərargah rəisinin rəhbərlik edəcəyi hərbi kontingentə "könüllü ordu" demək ancaq Ermənistan rəhbərliyinin ağlına gələ bilər. Onların xəstə məntiqinə görə, sözügedən yığma qoşun guya Ermənistana silahlı hücum şəraitində vətəndaşların silahlı müdafiəyə könüllü qoşulması sistemidir. Halbuki, qonşu ölkələrdən heç biri, o cümlədən Azərbaycan və Türkiyə də Ermənistana silahlı hücum etməyə hazırlaşmır. Bu ideyanın əsas müəlliflərindən biri, Paşinyanın parlamentdəki “Mənim addımım” fraksiyasının üzvü olan deputat Sasun Mikaelyandır. Bu şəxs eyni zamanda “Yerkrap” könüllülər İtifaqının sədridir. O, könüllülər məsələsini əvvəllər də dəfələrlə gündəmə gətirib. Bu erməni parlamentdəki sonuncu çıxışında da bu ideyanın bir neçə ildir müzakirə olunduğunu etiraf edib və bildirib ki, müharibə şəraitində olan ölkə üçün qeyri-nizami ordu vacibdir. O həmçinin çıxışında türkə qarşı düşmənçiliyini də gizlətməyib:

“Bizim çoxəsrlik düşmənimiz var, düşmənlə əhatələnmişik. Qeyri-nizami orduda azı 100 min nəfər olmalıdır. Çünki hər an, hər dəqiqə gözlənilməyən hücumlar ola bilər, könüllüsüz mümkün deyil. Həmişə hazır olmalıyıq”. “Ermənistanın silahlı qüvvələri yetərli deyilmi?” sualını isə hakim fraksiya üzvü belə cavablandırıb: “Türkiyənin son aqressiyası haqda bilirsiz, Türkiyə Azərbaycanla bağlı dəstəyini ifadə edib”.

Analitik vurğulayıb ki, Sasun Mikaelyan əsas məsələnin üstündən sükutla keçib:

"Əsl həqiqət isə bundan ibarətdir ki, Ermənistan rəhbərliyi sözügedən “könüllü ordu”nu ilk növbədə Azərbaycana qarşı sərhəd təxribatlarında istifadə etmək üçün nəzərdə tutur. Onlar bunu “ölkənin sərhədlərinin müdafiəsinə hazır olmaq üçün zəruri addım” kimi təqdim edirlər. Ancaq düşmənin növbəti məkrli planı ortadadır. Bu “könüllülər ordusu” düşmənə Azərbaycanın sərhəd zonasında çeşidli təxribatlar törətməyə və eyni zamanda izi itirməyə imkan verəcək. Burada önəmli olan bir məqam da ondan ibarətdir ki, Ermənistan hökuməti hazırda öz nizami ordusunu lazımi səviyyədə təchiz edə bilmir. Bəs belə olan təqdirdə kasıb Ermənistan 100 minlik "könüllü ordu"sunu necə formalaşdıracaq və hansı resursla təmin, təchiz edəcək? Paşinyan hökuməti bu məsələni xaricdəki zəngin erməni diasporunun və erməni xeyriyyə fondlarının hesabına həll etməyi düşünür. Belə demək mümkünsə, Ermənistan dövləti növbəti dəfə erməni diasporunu ”yükləməyə” çalışacaq. Əslində isə söhbət könüllü ordudan yox, muzdlu ordunun yaradılmasından gedir. Bu çox məkrli plandır. Biz bu məsələni diqqətdə saxlamalı və Minsk qrupunun həmsədrlərinin də nəzərinə çatdırmalıyıq. Bu Ermənistanın sülhə yox, müharibəyə hazırlaşmasının göstəricisidir".

Geri qayıt