Əsas Səhifə > Partiya, Güney Press > “Dövlətçi adam olmaq üçün yalnız milləti və dövləti sevmək azdır”

“Dövlətçi adam olmaq üçün yalnız milləti və dövləti sevmək azdır”


29-08-2020, 11:17
“Dövlətçi adam olmaq üçün yalnız milləti və dövləti sevmək azdır”
Azərbaycanda son zamanlar vəzifələrindən uzaqlaşdırılan adamlar özlərinin dövlətçi, dövlətə sadiq olduqları barədə fikirləri tez-tez dilə gətirirlər. Onlarla polemikaya girən, onlara qarşı olanlar isə əksini deyir və özlərinin daha dövlətçi olduğunu bəyan edirlər. Bir sözlə, məşhur deyimdə olduğu kimi vəziyyət yaranıb - “qaçan da Allah çağırır, qovan da”.

Məsələn, Azərbaycanı Rusiya ilə təhdid və şantaj edən akademik Ramiz Mehdiyev də dövlətçiliyə sədaqətdən danışır, onu tənqid edənlər də. Bəs gerçək? Dövlətə sədaqət nədir, dövlətçi adam kimdir? Bunun kriteriyaları, prinsipləri hansılardır?

Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev “Yeni Müsavat”a bildirdi ki, dövlətə sədaqət dövlətin mənafeyini, maraqlarını hər şeydən uca tutmaq, ona sədaqətli olmaq, kənar heç bir gücə, heç bir xarici dövlətə dövlətin maraqlarını satmamaq, güzəşt etməmək, dövlətin maraqlarına ziyan vurmamaqdır: “Dövlətçi adam ən kritik məqamlarda belə öz şəxsi, qrup, ailə və s. maraqlarını arxa plana keçirib dövlətin maraqlarını müdafiə edən, dövlətin mənafeyinə ziyan dəyməməsi üçün hər cür fədəkarlıq göstərən, çaba göstərən adam və ya adamlardır”.

Partiya sədrinin sözlərinə görə, dövlətə sadiq, dövlətçi adam olmaq üçün yalnız milləti və dövləti sevmək azdır: “Həm dövlətin güclü-demokratik olması, müstəqilliyin qorunması, həm də vətəndaşlarımızın xoş güzəranı üçün mübarizə aparmaq vacib şərtlərdəndir. Sözdə ”dövlətçiyəm, dövlətə, millətə sadiqəm" demək yetərli deyil".

E.Musayev vurğuladı ki, qeyd olunan meyarlara cavab verməyənlərin hamısının dövlətdə vəzifələrdən uzaqlaşdırılması vacibdir və başlanan proses davam etməlidir.

Həmsöhbətimiz onu da dedi ki, Azərbaycan müxalifətində dövlətçi və dövlətə sadiq kifayət qədər adamlar var: “Bu adamlar illərlə çəkdikləri əziyyətlərə, üzləşdikləri qanunsuzluqlara və basqılara baxmayaraq dövlətçiliyə sadiq qalıblar. Bu gün də sadiqdirlər. Dövlətin mənafeyi üçün bu cür adamlardan istifadə olunmalıdır”.

Geri qayıt