Əsas Səhifə > Partiya, Güney Press > “Sağlamlıq baxımından da risklər böyükdür, amma məktəbi də dayandırmaq olmaz, bir yolunu tapmalıyıq”

“Sağlamlıq baxımından da risklər böyükdür, amma məktəbi də dayandırmaq olmaz, bir yolunu tapmalıyıq”


20-08-2020, 08:13
“Sağlamlıq baxımından da risklər böyükdür, amma məktəbi də dayandırmaq olmaz, bir yolunu tapmalıyıq”
Son günlər Azərbaycanda koronavirusla bağlı yoluxma sayı aşağı düşsə də, payızda virusun yeni dalğasının olacağı iddiaları var. Mütəxəssislər qış aylarında COVID- 19-la bərabər ənənəvi qrip viruslarının da yayılmasının işləri çətinləşdirdiyini bildirirlər.

Tədris ilinin başlamasına isə az vaxt qalıb. Yenə də bu mövzu ətrafında müxtəlif fikirlər səsləndirilir. Kimi təhsilin məktəblərdə davam etdirilməsini vacib sayır, kimisi distant tədrisi təklif edir.

Millət vəkili Fazil Mustafa bildirib ki, məktəblərin pandemiya şəraitinə hazır olmadığı qənaətindədir: “Bizdə məktəb infrastrukturunun sosial məsafəni saxlamağa, virusun yayılmasının qarşısının alınmasına yetərli olacağını düşünmürəm. Siniflərdə, auditoriyalarda sıxlıq, qələbəlik, toplanma halları buna imkan verməyəcək. Əlbəttə, bu da ciddi fəsadlara gətirib çıxara bilər. Amma məktəbin fəaliyyətinin dayandırılması özü də ayrıca bir faciədir. Çox böyük ziyan dəyib, bu nəslin də bilik səviyyəsinin aşağı düşməsinə səbəb olub. Ona görə də bunun optimal yolu olmalıdır. Ən azı məsafələr qurularaq məktəbə yollanması vacib olan şəxslərin dərsə getməsi vacibdir. Birinci sinif şagirdini onlayn dərsə cəlb edə bilmərik axı! Mütləq o, hansısa formada müəllimlə təmasda olmalıdır. Nəzərə alaq ki, distant təhsildə də çox ciddi irəliləyiş əldə olunmayıb.

Eyni zamanda, rabitə sistemimiz də bərbad vəziyyətdədir. İnternetin sürətində problemlər var. Burda keyfiyyətli tənzimləmə mexanizmləri məhduddur. Bu mexanizmi də biz yüksək səviyyədə qura bilməmişik. Ona görə də, açığı, təhlükəsizlik, sağlamlıq baxımından da risklər böyükdür. Amma məktəbi də dayandırmaq olmaz. Bütün hallarda məktəblərin, hətta özəl tədris müəssisələrinin də açılmasının tərəfdarıyam. İnsanların müəyyən dərəcədə gəlirdən məhrum olmasının özü bir sıxıntılar yaradır. Bu baxımdan da məktəblər açılmalıdır, amma o sosial məsafəyə, məhdudlaşdırıcı müəyyən davranışlara mütləq ciddi nəzarət olmalıdır”.

Təhsil eksperti Kamran Əsədovun sözlərinə görə, payız-qış mövsümündə yoluxucu xəstəliklər həmişə olub: “Sadəcə, koronavirus da bunun üzərinə gəldiyindən insanlarda daha çox narahatlıq yaranır. Əgər statistik məlumatlara baxsaq, görərik ki, payız mövsümündə şagirdlər arasında nə qədər yoluxma halları, qrip və buna yaxın digər xəstəliklər olub. Birmənalı şəkildə, ölkə Prezidentinin də dediyi kimi, birinci insanların sağlamlığıdır. Bu müzakirə predmeti deyil. Amma düşünürəm ki, müəyyən qaydalara riayət etməklə tədris prosesinin başlanması mümkündür. Yəni söhbət ondan gedir ki, qoruyucu maskalar, dezinfeksiya işləri aparılarsa, təbii ki rahatlıqla dərsləri bərpa etmək olar. Bizim alternativ təhsil alma formamız yeganə onlayn dərslərdir. Onlayn dərsləri isə həm əlçatan deyil, həm də effektiv deyil. Əgər effektiv dərs istəyiriksə, o zaman birinci dərsliklər dəyişdirilməlidir. Hazırkı informasiya yükü çox olan dərsliklər onlayn qaydada şagirdlərə zəruri bilik və bacarıqları aşılamağa imkan vermir. Misal üçün, ibtidai sinif şagirdinə əlindən qələm tutub necə yazmağı öyrədəcəksiniz.
Bu uşaqlar mütləq məktəbə getməlidir, amma kütləvi şəkildə yox. Təbii ki, şagirdlərin kütləviliyi azalmalıdır. Xüsusilə, Bakı və Bakıətrafı məktəblər var ki, məsələn, 105 məktəbdə şagird sayı 2000-dən çoxdur. Elə məktəblər var ki, şagird sayı 4500-dən çoxdur. Təbii ki, bunların hamısını məktəbə yığmaq olmaz. İkincisi, məktəblərin girişində şagirdlərin hərarətini ölçə bilən cihaz qoyulmalı və şagirdlər məktəbin inzibati binasına daxil olanda, onda yüksək temperatur olarsa, hər hansı görünən xəstəliklərin əlamətləri olarsa, təbii ki, xəstə uşaqları tədris prosesinə cəlb etməyib, əvəzində isə digər uşaqları bərpa etmək olar. Bilirsiz, məsələ təkcə şagirdlərin dərsə başlaması ilə bağlı məsələ deyil, həm də müəllimlər arasında risk yaş qrupunun olması da var. Söhbət 55-60 yaş arası olanlardan gedir ki, onların müəyyən qədər potensial yoluxma predmetinə çevrilməsi mümkündür”.

K.Əsədov onu da əlavə edib ki, daha bir risk dərsliklərlə bağlıdır: “Avqust ayında - ölkədə yoluxmanın pik həddə olduğu vaxtda şagirdlərdən dərslikləri yığıblar. Həmin dərslikləri şagirdlərə qaytarsalar, virus o dərsliklərin üzərində müəyyən müddət qala bilər. Hesab edirəm ki, həmin dərslikləri dezinfeksiya etmədən istifadəyə vermək olmaz. Bundan başqa, məktəbli forması ilə bağlı dəyişiklik etmək lazımdır. Mütləq könüllülük olmalıdır. Yəni valideynlər məktəbli forması almağa gedəndə geyinilmiş, istifadə edilmiş, kimlərsə tərəfindən əvvəlcədən yoxlamaq üçün geyindirilmiş paltarlar ola bilər. Bu da yoluxma riskinə gətirib çıxara bilər. Bütün hallarda hesab edirəm ki, biz ənənəvi formada dərslərə başlamalıyıq, çünki onlayn dərslər həm əlçatan deyil, həm də şagirdlərə fiziki, mənəvi, psixoloji çox ciddi fəsadlar törədir”.

Azad Müəllimlər Birliyinin sədri Məlahət Mürşüdlü isə hesab edir ki, vəziyyət mart, aprel, may aylarındakı kimi olsa, əlbəttə, biz köhnə sistemlə tədrisi davam etdirməliyik: “Yoluxma sayı azalarsa, uşaqlar məktəbə getməlidir. Verilən proqnozlar da müxtəlifdir. Yoluxmanın artacağını proqnozlaşdırmaq qeyri-mümkündür. Ümumiyyətlə isə məktəblər buna hazır olmalıdır. Dezinfeksiya olunmamış məktəblər dərsəmi başlayacaq?! Məktəbləri texniki avadanlıqlarla təmin etmək lazımdır.

Bizim əksər məktəblərdə tualet - sanitar qovşaq bərbad vəziyyətdədir. Yoluxma sayı az olarsa, dərslər məktəbdə başlamalıdır, əks halda onlayn dərslər aparılacaq, evlər sinif otağı olacaq, dərs məkanı olacaq, elektron onlayn dərslər əvvəlki qaydada aparılacaq. Ancaq onlayn dərslə bağlı hazırlıq da lazımdır. Axı biz keçənilki təcrübədən gördük ki, çoxlu sayda şagirdlərimiz dərslərdə iştirak edə bilmədi. Kimisi telefonu olmadığı, bəzilərinin kompüteri, əksər evlərdə internetin olmadığı bildirildi. Rayonlarda, Bakıətrafı kəndlərdə internetin zəif olması ucbatından şagirdlər dərslərdən kənarda qaldı. Deməli, iki variantda hazırlıqlı olmalıyıq, həm məktəblərdə, həm də onlayn dərslərə hazır olmalıyıq”.
“Yeni Müsavat”

Geri qayıt