Əsas Səhifə > Partiya, Güney Press > "Azərbaycanın da parlamentli respublikaya getməsini istisna etmirəm"
"Azərbaycanın da parlamentli respublikaya getməsini istisna etmirəm"19-08-2020, 08:23 |
Belarusda avqustun 9-da keçirilən prezident seçkilərindən sonra baş verən etiraz aksiyaları hələ də davam etməkdədir. Aleksandr Lukaşenko siyasi krizisdən çıxış yolu kimi bir neçə variant təklif edib ki, onlardan biri də prezidentlik üsul-idarəsindən parlament idarəçiliyinə keçmək təklifidir. Onun bu təklifi Azərbaycanda da gündəm olub. Çünki zaman-zaman ölkəmizdə bu təkliflə çıxış edən şəxslər, siyasi partiyalar olublar. Burada REAL-ın adını xüsusi qeyd etmək olar. Azərbaycan da islahatlara gedə bilərmi sualı ətrafında çoxsaylı müzakirələr açılıb. Doğrudur, əksəriyyət indiki dönəmdə bunu zərərli hesab edir. Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı indiki halda bunun qəti əleyhinədir: “Ümumiyyətlə, bu və ya digər ölkədə gedən proseslərin məntiqi nəticəsi olan siyasi yanaşmaların Azərbaycanda tətbiq olunmasının hər zaman əleyhinə olmuşam. Hətta vaxtı ilə Gürcüstanda qızılgül, Ukraynada narıncı inqilab baş verəndə Azərbaycan mətbuatında bununla bağlı təmtəraqlı və emosional fikirlər səslənilirdi. Hər zaman bu halların əleyhinə olmuşam və düşünmüşəm ki, xaricdən Azərbaycana müdaxilə xarakteri daşıyan bu cür tədbirlər xalqımızın iradəsini əks etdirmir. Bu gün də o fikirdəyəm ki, ölkəmizdə bütün siyasi proseslər hakimiyyətin bu və ya digər şəkildə formalaşması xalqın iradəsindən keçməlidir. Əlbəttə, dünyada demokratiyaya söykənən iki idarəetmə sistemi var. Bunlar prezidentlik və parlament sistemləridir. Ən müxtəlif ölkələr ən müxtəlif zamanlarda bunu tətbiq ediblər. Bu günə qədər də bəziləri prezident və ya parlamentli respublika idarəçiliyi ilə fəaliyyətlərini davam etdirirlər. Azərbaycana gəldikdə düşünürəm ki, bu o qədər də aktual deyil. Siyasətdə heç zaman hökmən bu olmalıdır, yaxud baş verməlidir möhürünü vurmaq, məncə, düzgün deyil. Siyasi qənaətlər, siyasi addımlar ölkədə baş vermiş olan siyasi proseslərlə birbaşa bağlıdır və düşünürəm ki, belə də olmalıdır. Əgər gələcəkdə ciddi bir zərurət yaranarsa, Azərbaycanın da parlamentli respublikaya getməsini istisna etmirəm. Amma indiki durumda buna keçməyi zərərli hesab edirəm. Çünki Azərbaycanın 20% torpağı işğaldadır və burada parlamentli respublikaya nisbətən daha çox mərkəzləşmiş idarəetmə sistemi olan prezidentli respublika bizim üçün önəmlidir. Bu baxımdan düşünürəm ki, Lukaşenkonun bu seçimi ölkədə yaranmış olan təlatümlərlə, vəziyyətlə bağlıdır. Düşüncəmə görə, o doğru seçim edir. Çünki yürüşləri ilə deyil, onun dediyi kimi konstitusiya quruluşunu qoruyub saxlamaq və konstitusiyaya müəyyən dəyişikliklər etməklə krizisdən çıxmaq mümkündür. Eyni zamanda, o bunun da anonsunu verir ki, 1-2 ilə hakimiyyətdən gedə bilər və lakin hakimiyyətdən gedəndə ancaq konstitusiyaya söykənəcək, küçə yürüşləri, mitinqləri ilə hakimiyyətdən getmək niyyətində deyil. Bu çox düzgün, doğru yanaşmadır. Dövlətçilik mövqeyinə dayanır. Bu baxımdan onun mövqeyini tam dəstəkləyir, müdafiə edirəm. Düşünürəm ki, o Belarus xalqının gələcəyini düşünüb, bu addımları atır. Azərbaycanda hazırda bu vəziyyət yoxdur. Ölkəmiz çox yüksək səviyyədə prezidentlik üsulu ilə idarə olunur. Ona görə də Azərbaycanda indiki zaman kəsiyində parlamentli respublikaya keçməyi nəinki aktual hesab etmirəm, eyni zamanda, düşünürəm ki, bu zərərli ola bilər. Çünki qarşıda bizim torpaqların azad edilməsi dayanır. Bu məsələnin həlli mərkəzləşmiş idarəçilik sistemində daha məqbuldur”. Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə: “Azərbaycan Milli İstiqlal Partiyası fəaliyyət göstərdiyi ilk dövrlərdən başlayaraq ölkədə Parlamentli Respublika tipli idarəetməyə keçilməsini özünün prioritet istiqamətlərindən biri olaraq qəbul edib və ötən illər ərzində biz dəfələrlə bu məsələ ilə bağlı təkliflər səsləndirmişik. Hesab edirik ki, prezident vəzifəsi saxlanılmaqla parlament idarəçiliyi ölkənin demokratik inkişafına ciddi töhfə verə bilər. Bunun üçün ciddi konstitusion dəyişikliklərə gedilməli, ilk növbədə, proporsional seçki sisteminə keçilməlidir. Parlamentin proporsional əsaslarla formalaşması ölkədə fəaliyyət göstərən siyasi partiyaları da hərəkətə gətirəcək və bu sistem əsasında keçiriləcək seçkilər ədalətli olacaqsa siyasi təşkilatların ölkə miqyasında gücü və potensialı da məlum olacaq. Şübhəsiz ki, hökuməti də parlament çoxluğu formalaşdıracaq və çoxluğu təmsil edən şəxs təmsil etdiyi siyasi qüvvə cəmiyyətdə nüfuzunu saxlayacağı sürəcdə demokratik norma və prinsiplərə tam uyğun olaraq baş nazir kimi ölkəni idarə edə bilər. AMİP-in ötən şənbə günü keçirilən növbəti 11-ci Qurultayının Qətnaməsinin ”Siyasi sistem və idarəetmə" bölümündə də bir daha ölkədə siyasi islahatların həyata keçirilməsi, proporsional seçki sisteminin bərpa olunması, parlament tipli respublikaya keçid, bununla əlaqədar prezident səlahiyyətlərinin bir qisminin parlamentə verilməsi kimi müddəalar öz əksini tapıb". “Yeni Müsavat” Geri qayıt |