Əsas Səhifə > Partiya, Güney Press > “Əli Kərimlinin, Gültəkin Hacıbəylinin göndərdiyi məlumatlardır, eyni mərkəzdən idarə olunurlar”
“Əli Kərimlinin, Gültəkin Hacıbəylinin göndərdiyi məlumatlardır, eyni mərkəzdən idarə olunurlar”6-08-2020, 08:25 |
İyulun 30-da ABŞ-ın ATƏT-dəki səfiri Ceyms Gilmor Azərbaycanda və bir sıra digər ölkələrdə müxalifətçilərin həbsinə toxunub. Səfir iddia edib ki, Azərbaycan hakimiyyəti müxalifətçiləri və ictimai fəalları, o cümlədən hökumətin COVİD-19-a reaksiyasını tənqid edənləri həbs edib. Amerikalı səfirin sözlərinə görə, AXCP-nin 40-dan çox üzvü saxlanıb. Onlardan 18-nə cinayət işi açılıb, biri istisna olmaqla, digərləri barəsində həbs-qətimkan tədbiri seçilib. Avropa Parlamentinin “Sosialistlər və Demokratlar” (S&D) Qrupunun üzvü, Azərbaycan üzrə kölgə məruzəçi İzabel Santos bunu “repressiya” adlandırmaqdan da çəkinməyib. O, Qrupun vitse-prezidenti Kati Pirinin bunu edən rəsmilərə qarşı sanksiyalar çağırışını dəstəklədiyini bildirib. Hakim Yeni Azərbaycan Partiyasının Beynəlxalq əlaqələr komissiyasının katibi, deputat Elman Nəsirov xarici tənqidlərlə bağlı “Yeni Müsavat”a bildirdi ki, anti-Azərbaycan dairələr çirkin oyunlarını həyata keçirmək üçün hər zaman fürsət və məqam gözləyir. Deputat hesab edir ki, həmin beynəlxalq dairələrin məqsədi Azərbaycana təsir etməkdir və ən çox istifadə etdikləri üsul “demokratiya oyunu”dur. E.Nəsirovun sözlərinə görə, həmin qüvvələr hər dəfə təzyiq elementlərini işə salırlar və bu dəfə ABŞ-ın ATƏT-dəki səfiri, Avropa Parlamentində Azərbaycan üzrə məruzəçi önə çıxıb. “Bakıda 14 iyul gecəsi Tovuz istiqamətində gedən döyüşlərlə bağlı ordumuza və şəhidlərimizə dəstək, erməni işğalına nifrət ifadə etmək üçün minlərlə səmimi vətənpərvər küçələrə axışmışdı. Bu, qürurverici hadisə idi. Amma həmin yürüşdə iştirak edən “5-ci kolon” üzvləri hadisələrin mahiyyətini dəyişməyə cəhd göstərdilər. Onların hərəkətləri vətəndaşların ürəkdən gələn istəkləri ilə daban-dabana ziddiyyət təşkil edirdi. Yəni həmin şəxslərin pozucu hərəkətləri, qarışıqlıq salmaq cəhdləri, gecəyarısı Milli Məclisə qanunsuz daxil olmaları, polis maşınlarının aşırılması, dövlət əmlakına ziyan vurulması təxribatçılıq idi. Bu qanunsuz əməllərə görə saxlanılan şəxslər məsuliyyətə cəlb olunublar və bütün hüquqi ölkələrdə belədir, cinayət törədənlər cəzalandırılırlar", - deyə E.Nəsirov vurğuladı. Onun fikrincə, həbs edilənlər siyasi məhbus sayıla bilməz: “Onlar asayişi pozublar, parlamentə qanunsuz giriblər və indi Milli Şura adlı dərnək hadisələrin istiqamətini dəyişmək, siyasi don geyindirmək istəyir. Onlar ATƏT və Avropa Parlamentinə hesabatlar göndərirlər. Amerikalı səfirdə və həmin məruzəçidə Əli Kərimlinin, Cəmil Həsənlinin, Gültəkin Hacıbəylinin göndərdiyi məlumatlar əsasında rəy formalaşıb. Onlar eyni mərkəzdən idarə olunurlar və Azərbaycanı hədəfə alıblar". Hüquq müdafiəçisi Səidə Qocamanlı bildirdi ki, həbs edilənlərlə bağlı Monitorinq Qrupu iş aparır. Onun sözlərinə görə, həbs edilən şəxslərin vəziyyəti ilə tanış olmağa çalışırlar: “Bilirsiniz ki, Ombudsman özü getmişdi və onlarla görüşmüşdü. Biz də siyahıları dəqiqləşdiririk ki, kim harada saxlanır, səhhəti necədir və sonra bu işlərlə əhatəli məşğul olacağıq”. Xatırladaq ki, bu il iyulun 14-də Bakıda orduya dəstək yürüşü və Milli Məclisin qarşısında toplantı keçirilib. Gecə saatlarında bir qrup şəxs Milli Məclisə daxil olub. Polis əməkdaşları parlamentə girən şəxsləri oradan çıxararaq əraziyə toplananları uzaqlaşdırıb. Bu zaman polis suvuran maşınlardan və gözyaşardıcı qazdan istifadə edib. Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə açıqlamasında deyilir ki, iyulun 14-dən 15-nə keçən gecə baş verənlər nəticəsində yeddi polis əməkdaşına müxtəlif dərəcəli bədən xəsarətləri yetirilib. Rəsmi açıqlamaya görə, iki xidməti avtomobil aşırılaraq yararsız hala salınıb. Bu hadisələri törədənlər isə müəyyənləşdirilərək saxlanılıb. Geri qayıt |