Əsas Səhifə > Partiya, Güney Press > "Heç bir sosial layihə ixtisar edilmir və edilməyəcək"

"Heç bir sosial layihə ixtisar edilmir və edilməyəcək"


3-08-2020, 08:04
"Heç bir sosial layihə ixtisar edilmir və edilməyəcək"
Prezident İlham Əliyev Şəkidə modul tipli xəstəxanada yaradılan şəraitlə tanış olub. Ölkə başçısı bir sıra mühüm məqamlara toxunub.
Dövlət rəhbəri koronavirusla mübarizədə vacib olan məsələləri qeyd edib. O, bildirib ki, Azərbaycanda koronavirusla mübarizə sahəsində görülən işlər, yeni xəstəxanaların yaradılması, xəstələrin müalicəsi üçün zəruri tədbirlərin həyata keçirilməsi vacibdir:

“Heç bir sosial layihə ixtisar edilmir və edilməyəcək. Əksinə sosial tədbirləri daha da gücləndirilir. Görülmüş işlərin nəticəsində ilk günlərdən xəstəlik nəzarət altında saxlanıldı. Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən ölkəmizdə görülən işlərə çox yüksək qiymət verildi. Pandemiyadan az itkilərlə çıxmaq üçün vacib olan üç şərt: məsafə saxlamaq, şəxsi gigiyenaya riayət etmək və məsuliyyətli olmaq lazımdır”.

Millət vəkili Musa Qasımlı "Sherg.az"a açıqlamasında bildirib ki, koronavirus pandemiyası dünya ölkələrinin iqtisadiyyatına ağır zərbə vurdu:

"Biz də dünyanın bir parçasıyıq. Təbii ki, baş verənlər bizə də təsirsiz ötüşmədi. Lakin cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında görülən tədbirlər bu vəziyyətdən az itki ilə çıxmağımıza imkan verdi.

Dövlətimiz aşağıdakı bir neçə məsələni eyni vaxtda uğurla həll etdi: əhalinin sağlamlığı, salamat qalması üçün qorunma tədbirləri, sosial yardımlar, tibbi maska və spirt istehsal edən müəssisələr, modul tipli xəstəxanalar tikilərək istifadəyə verildi. Bütün bunlarla paralel olaraq bir neçə rayonda yol tikintisi, su, qaz təchizatı üçün vəsaitlər ayrıldı.

Çoxlu infrastruktur layihələri icra edildi. İlk baxışda bu işlər kiməsə asan görünə bilər. Lakin dövlət büdcəsinə daxilolmaların azaldığı bir zamanda belə tədbirlər bir daha göstərdi ki, Prezidentin siyasətinin mərkəzində Azərbaycan vətəndaşının maraqlarının təmin edilməsi dayanır".

Parlament üzvü bildirib ki, pandemiya dövlət və hökumət qurumlarımızın çevik və səmərəli fəaliyyət göstərmək bacarığını təsdiq etdi:

"Ötən müddət belə bir nikbin fikir deməyə əsas verir ki, ölkəmiz postpandemiya dövrünə hazırdır”.

Geri qayıt