Əsas Səhifə > Partiya, Güney Press > "Prezidentin köməkçisinin fikirləri ilə siyasi partiya rəhbərlərinin fikirləri arasında üst-üstə düşən və düşməyən məqamlar var"

"Prezidentin köməkçisinin fikirləri ilə siyasi partiya rəhbərlərinin fikirləri arasında üst-üstə düşən və düşməyən məqamlar var"


11-07-2020, 08:55
"Prezidentin köməkçisinin fikirləri ilə siyasi partiya rəhbərlərinin fikirləri arasında üst-üstə düşən və düşməyən məqamlar var"
Prezident Administrasiyasının (PA) Siyasi Partiyalar və Qanunvericilik Hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin müxalif siyasi partiya rəhbərləri ilə görüşləri ənənəvi hal almağa başlayıb. Son olaraq, PA rəsmisi BAP sədri Elşad Musayev, KXCP rəhbəri Mirmahmud Mirəlioğlu və ALDP sədri Fuad Əliyevlə görüşüb.

Bu görüşlər iqtidar-müxalifət dialoqu kimi qələmə verilir. Son aylarda iqtidarla müxalifət arasında təmasların artması müsbət bir hal kimi qiymətləndirilir və bu münasibətlərdən gözləntilər böyükdür. PA rəsmisinin son görüşdüyü partiya rəhbərlərinin rəylərini aldıq.

E.Musayev dialoqun ilkin mərhələsində olduqlarını söylədi: “Prezident Administrasiyası siyasi partiyalarla görüşlərin ikinci mərhələsinə başladıqlarını bəyan edir. Bir neçə siyasi partiya rəhbərləri ilə artıq PA-nın şöbə müdiri Ədalət Vəliyev arasında görüş keçirilib. Hakimiyyət nümayəndəsi bunu iqtidarla müxalifət arasında dialoq kimi qiymətləndirir. Biz əslində dialoqun ilkin mərhələsindəyik. Mən prosesin uğurlu olacağına inanıram. İlk görüşlərdən sonra tərəflər arasında buzların əriməsi, müxalifətə istənilən problemlə bağlı birbaşa Prezidentin təmsilçisi ilə təmasa girmək, fikirlərini çatdırmaq üçün şərait yaradılması məndə bir əminlik yaradır.

Düşünürəm ki, pandemiya, karantin rejimləri olmasa idi, münasibətlər bir qədər də irəli getmişdi. Bizimlə görüşdə gələcəkdə iqtidar-müxalifət münasibətlərini daha böyük görüşlər səviyyəsində keçiriləcəyi barədə heç bir problemin olmadığı Ədalət Vəliyev tərəfindən söylənildi. Düşünürəm ki, iqtidar-müxalifət görüşləri, dialoqları adi hal almalı, biz münasibətləri qarşıdurma, düşmənçilik səviyyəsindən dinc, sivil müstəviyə gətirməliyik. İqtidarın yeni komandasının da bu cür pozitiv düşündüyü onların müxalifətlə açıq görüşlərindən görünür. Münasibətlərin normal olması həm cəmiyyətə, həm iqtidara, həm də müxalifətə sərfəlidir. Biz bir sıra məsələləri, problemləri birlikdə müzakirə etmək məcburiyyətindəyik. Ölkəmizin və millətimizin mənafeyi bunu tələb edir”.

M.Mirəlioğlu öncəliklə görüşdə nələrin müzakirə olunmasından söz açdı: “Bu görüşlərin davamlı olması qeyd edilən, müzakirə olunan məsələlərin aktuallığının nəzərə alınmasını diqqətə çatdırır. Bu normal bir haldır. Bizim görüşümüzdə əsasən Azərbaycanı və dünyanı narahat edən məsələlər müzakirə mövzusu olub. Pandemiya dövründə Azərbaycanın durumu müzakirə edildi. Bundan öncəki görüşlər haqqında Ədalət bəylə fikir mübadiləsi apardıq. Bu barədə sizin qəzetdə məlumat gedib. Biz bu məsələlər çərçivəsində problemlərdən də danışdıq. Problemlərin nədən ibarət olması, necə olması və bunun aradan qaldırılması istiqamətində fikir mübadiləsi apardıq. Sizin qəzetdə gedən məlumatda hər şey qeyd olunub. Yəqin ki, Prezident Administrasiyası tərəfindən bu məlumat çatdırılıb. Təqdir olunası məsələlər var. Fikir mübadiləsinin aparılması təqdir olunmalıdır. Tənqid olunan məsələlər də az deyil. Hər şey göz önündədir. Prezidentin köməkçisinin fikirləri ilə siyasi partiya rəhbərlərinin fikirləri arasında üst-üstə düşən və düşməyən məqamlar var. Bu da tamamilə təbiidir. Məsələləri qiymətləndirmə də eyni ilə bu cürdür”.

KXCP sədri gözləntilərindən danışdı: “Gözləntilərimiz Azərbaycan xalqının gözləntilərindən fərqli deyil. Amma hər şey könlün istədiyi kimi deyil. Hər halda normal bir başlanğıc var. Görüşlərin davam etməsi sonda arzu və istəklərin hər halda reallaşmasıdır. Atılan addımlar, baxışlar göz önündədir. Sözün düzü, əvvəlkindən fərqli bir vəziyyət var. Amma nəticələr də fərqli olmalıdır. Ədalət naminə demək lazımdır ki, bu istiqamətdə nələrsə var. Amma görüləcək işlər həddindən artıq çoxdur. Bunlar da mütləq görülməlidir. Ortada bir sıra məsələlər var. Prezident Administrasiyasının keçmiş rəhbəri sədaqətliyəm deyir. Bu da hər halda təşvişlərindən xəbər verir. Bütün bunlar indiyə qədər yürüdülən siyasətin yanlış olmasının göstəricisidir. Şəxsi sədaqət dövlət sədaqəti deyil. Onun dedikləri bu baxımdan özünə haqq qazandırmaq istəyindən başqa bir şey deyil”.

M.Mirəlioğlu belə görüşlərin davamlı olub-olmayacağı barədə də danışdı: “Hal-hazırkı vəziyyət nəyə imkan verirsə, ortada olan odur. Bu məsələ sizin sualınızla və bizim cavabımızla həll olunmur. Məsələlərə qarşı tərəfin, yəni hakimiyyət nümayəndələrinin baxışları, yanaşmaları önəmlidir. Vəziyyəti reallaşdırmaq daha çox onlardan asılıdır. Hər şey bizim arzularımızdan ibarət deyil”.

Partiya sədri Ə.Vəliyevlə bu görüşünün ikinci dəfə baş tutduğunu söylədi: “Əvvəlki görüşlə bu görüş arasında hansı fərqlərin olması barədə sualınıza gəlincə, deyə bilərəm ki, bugünkü mövzu hazırkı durumdur, yəni ölkəmizin durumu və məsələlərə baxış. Açığı deyim ki, bu, planlı görüş deyildi. Gözlənilməz görüş oldu. Bizdən bir gün əvvəl də parlament partiyaları ilə görüş olub. Partiyaların qərargah, qeydiyyat məsələləri də müzakirələrimiz sırasında idi. Vaxtilə qaldırılan məsələlər artıq müzakirə predmetidir və bunların həlli istiqamətində müzakirələr gedir. Əvvəlki görüşümlə bu görüş arasında beş ay fərq var. Hər halda gəlişmələr olmamış deyil. Bunlar hələlik qaneedici deyil. Bu, bəlli məsələdir. Doğru olan budur ki, hakim partiyaya hakimiyyətin münasibəti digər partiyalardan fərqlidir. Məncə, artıq məsələlərə artıq baxış dəyişib. Ciddi dəyişiklik hiss olunmaqdadır. Bu dəyişikliklər bütövlükdə cəmiyyət üçün önəmlidir. Müxalifətin problemləri diqqət mərkəzində olmalıdır. Çünki bu günün aktual problemlərindən biridir”.

F.Əliyev: “Hesab edirəm ki, artıq iqtidar-müxalifət dialoqu baş verib. PA rəsmisi bu dialoqun ikinci raundunu keçirir. Bizim görüşümüz çox yüksək səviyyədə keçdi. Verdiyim təkliflər ətrafında müzakirələr apardıq. Ədalət müəllim bir neçə təkliflərimizi hazırlayıb yazılı surətdə Prezident Administrasiyasına təqdim etməyimizi xahiş etdi. Bu görüşlərin davamlı olacağı və gələcəkdə bir neçə partiyanın iştirakı ilə geniş tədbirlərin keçirilməsi nəzərdə tutulub”.
“Yeni Müsavat”

Geri qayıt