Əsas Səhifə > Partiya, Güney Press > “Şurəvilər”in növbəti fiaskosu:

“Şurəvilər”in növbəti fiaskosu:


11-07-2020, 08:41
“Şurəvilər”in növbəti fiaskosu:
Milli Şuranın qeybət masası olan “Zoom” iclası növbəti dəfə qalmaqalla gündəmə gəlib.

“Yurd” sədri Əli Kərimlinin “blokada"da olduğu barədə söhbət ortaya atılandan bəri bu qalmaqallar gündəmin əsas mövzularından birinə çevrilir, "şurəvilər" də tamaşaçıları darıxmağa qoymur. Bu dəfə iclasda Əli Kərimliyə pərçimləməyə çalışdıqları “Rəsulzadə” bənzətməsi ətrafında müzakirələr gedib. Elə bu ifadənin səsləndirildiyi ilk andan bəlli idi ki, hətta Kərimlinin faktiki rəhbərliyində olan Şura daxilində də buna qarşı çıxanlar olacaq. Hər halda Kərimlinin “Əsrimizin Rəsulzadəsi” adlandırılmasını qəbul etmək özünə siyasətçi deyən kimsənin təqdir edəcəyi fikir deyildi.

Təbii ki, burada hətta Kərimlindən gələcək cəzanı gözə alaraq Şura daxilində də etirazlar gözlənilən idi. Elə gözlənilən də oldu. Xüsusilə ona görə ki, ictimai rəydə məsələyə dərhal etirazlı reaksiyaları görən MŞ sədri Cəmil Həsənli “Təbliğat məsələsində ehtiyatlı olmaq lazımdır. Qıcıqlandırıcı nəyəsə getmək lazım deyil. “Əli Kərimli əsrimizin Rəsulzadəsidir” demək cəmiyyətdə qıcıq doğurur. Siz məsələni ancaq cəbhəçilərə hədəfləməyin. Bizin hədəfimiz Azərbaycan cəmiyyətidir”,- deyərək həm fikrin müəllifinə, həm də onu Kərimlinin diktəsi ilə tirajlayanlara qarşı çıxdı. Bir etiraf etməyi də unutmadı ki, heç bir siyasi blokun gücü ilə Azərbaycanda dəyişiklik etmək olmaz.

Yəni burada da məsuliyyəti yenə xalqın üzərinə atdı, o xalqın ki, onun hətta iqtidardan narazı olan kəsimi belə Kərimlinin rəhbərliyi ilə ölkədə hansısa dəyişikliyin mümkünlüyünə inanmır. Bunu Cəmil Həsənlinin reallığı görüb, bəlkə də bezdiyi üçün etdiyi etiraf da saymaq olar.

Şuraçıların budəfəki görüntüləri yayılan “Zoom”iclasında “Bu formada danışıq artıq insanları iyrəndirir. Onu bəzəmək, Rəsulzadəyə oxşatmaq adamları iyrəndirir", "Aşırı tərifləməyə ehtiyac yoxdur. Biz özümüz öz təriflədiymiz insanı gözdən salarıq" kimi fikirlər səsləndirənlər də oldu və beləliklə, onsuz da Kərimlidən heç bir siyasi sıçrayış gözləməyən cəmiyyətin gözündə onu daha da nüfuzdan salmamaq çağırışları eşidildi.

Nə qədər etiraz etsə də, Kərimli vəziyyətdən razı görünür. Bundan artıq nə istəyə bilər ki? O, “blokada”dakı günlərinin hesabını apardığı bir zamanda əsabələri onu Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcılarından olan Rəsulzadə ilə eyniləşdirməyə cəhd edirlər. "Blokada"da bundan böyük arzu? Ölkə üçün çətin günlərdə ən yaxşışı “blokada” adı ilə inzivaya çəkilməkdir ki, Kərimli bunu öz siyasi fəhmi ilə zamanında qiymətləndirməyi bacarıb. Yoxsa “ana müxalifət” adına iddialı olan bu şəxs “Bir halda ki, özünü müxalifətin lideri elan edirsən, bir halda ki, dəyişiklik tərəfdarısan və bunun üçün mübarizə aparırsan, o zaman sən indiki vəziyyətdən çıxış yolu olaraq nəyi göstərirsən?” sualı ilə üzləşə bilər. Kərimli üçün çətin sualdır, çünki ortaya iddasını qoysa da, o iddianı reallaşdırmaq üçün konkret təklifləri olmayan və deklorativ siyasətçilərdəndir və belə şəraitdə bu “bacarıq” o qədər də işə yaramır. Belə olan halda ən yaxşısı “blokada” bəhanəsi ilə kənardan baş verənləri izləmək və ətrafına özü ilə bağlı “hökumətin ciddi müqavimətinə məruz qalan adam” imici yaratmaq tapşırığı verməkdir ki, elə bu yolu tutub gedən Qənimət Zahidin dediyi kimi, “bunun üzərinə şiddətlə gedilməlidir”.

Rəsulzadə ilə bənzərlik hər bir siyasətçinin böyük arzusu ola bilər, amma onu Əli Kərimli arzulayırsa və öz boyuna uyğun biçdirirsə, dərhal lağlağı oyektinə çevriləcəyini də gözə almalı idi. Müqayisənin nə qədər yersiz olduğunu söyləməyə ehtiyac belə yoxdur. Siyasi “mübarizəsi” ancaq və ancaq şəxsi maraqların təmini üzərində qurulan biri ilə vətən və millət fədaisini eyniləşdirmək cəhdi belə gülüncdür, fikrin həm müəllifinə, həm dəstəkləyicisinə, həm də arzulayan Kərimliyə istehzadan başqa heç nə qazandırmadı. “Yurd” sədrinin “blokada”da düşündüyü növbəti planı özünə qarşı çevrildi.

Görünür, “blokada” uzandıqca, Kərimlinin puç olan arzuları da artacaq. Doğrudan da, "utanmasan oynamağa nə var" burada deyilir. Adamlarda isterika o qədər güclənib ki, dediklərinin də daha fərqində olmurlar. Ay adam, sən və Rəsulzadə??? Rəhmətlik şairimiz Tofiq Bayram böyük Şeyx Nizaminin məqbərəsi önündə söylədiyi bir şeirdə deyirdi:

Sənət nəhəngiylə şeir körpəsi,
Kəpəzlə bir təpə durub-üz-üzə...

İnsanlar özlərinə belə və haqlı qiymət verir. Ona görə də sevilirdilər, xalqdan dəstək alırdılar. Əbülfəz Elçibəy deyirdi ki, məni heç zaman Rəsulzadə və Atatürklə müqayisə etməyin, onlar peyğəmbər kimi adamlardır. Əli Kərimli isə trolları vasitəsilə özünü gah Elçibəydən də böyük bəy adlandırır, gah da özünü Rəsulzadə ilə müqayisə etdirir. Olmayan əməllərlə, başarısız siyasətlə özünü elan etdiyi “blokada”dan çıxara bilməyən kəs bir ölkənin işığına çevrilə bilərmi? Yox və yox! Bu adam ancaq siyasi manipulyasiya, bacarıqsızlıq və kiçik hislərlə yaşamaq üçün yaranıb.

Geri qayıt