Əsas Səhifə > Partiya, Güney Press > “Hazırkı konsepsiyanın müddəaları normaldır, yenidən işlənməsi yox, bəzi detallara dəyişiklik ola bilər”

“Hazırkı konsepsiyanın müddəaları normaldır, yenidən işlənməsi yox, bəzi detallara dəyişiklik ola bilər”


9-05-2020, 09:29
“Hazırkı konsepsiyanın müddəaları normaldır, yenidən işlənməsi yox, bəzi detallara dəyişiklik ola bilər”
Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn hesab edir ki, ölkənin Milli Təhlükəsizlik Konsepsiyası və Müdafiə Doktrinası yenidən işlənməlidir. Onun fikrincə, qeyri-formal siyasi təşkilatlanmaların Azərbaycanda da aktuallaşması labüddür.

AXP sədrinin sözlərinə görə, postkoronavirus dövründə yaranacaq situasiyalara siyasi hazırlıqlar, proqramlaşdırma və planlaşdırma, siyasi davranış modelləri və ehtimal olunan qlobal geopolitik xaos şəraitində Azərbaycan xalqı və dövlətinin milli strategiyası məsələlərinin elmi-siyasi müzakirələrinə zəruri ehtiyac var.

Bu ideyaya münasibət bildirən sabiq MTN polkovniki, təhlükəsizlik üzrə ekspert İlham İsmayıl “Yeni Müsavat”a açıqlamasında Azərbaycanın Milli Təhlükəsizlik Konsepsiyasının 2007-ci ildə qəbul olunduğunu xatırlatdı. Onun sözlərinə görə, bu konsepsiyada müddəalar normal işlənib. İ.İsmayıl yenidən Müdafiə Doktrinasının işlənməsinə ehtiyac görmür və hesab edir ki, sadəcə, müəyyən dəyişikliklər ola bilər: “Çünki konsepsiyada bəzi məsələlər üstüörtülü gedir. Bu da xarici siyasətlə bağlıdır. Ancaq dünyada qlobal proseslər cərəyan edir, hadisələr baş verir. Ona görə konsepsiyaya bəzi dəyişikliklər ola bilər. Bütövlükdə konsepsiya normalara cavab verir”.

İ.İsmayıl qeyd etdi ki, bəzi detallar yenidən işlənə bilər: “Amma bütünlüklə konsepsiyanı təzədən işləmək lazım deyil. Onda gərək indiki konsepsiyadan tam imtina edəsən. Orada isə ölkənin maraqları ilə bağlı məsələlər var. Amma ekoloji təhlükəsizlikdən səhiyyə sahəsində təhlükəsizliyə qədər bəzi detallara dəyişiklik mümkündür. Eyni zamanda xarici təhlükə ilə bağlı bəzi məsələlər üstüörtülüdür, açıq yazılmalıdır”.

Qeyd edək ki, hazırda qüvvədə olan Konsepsiyanın yekun müddəalarında Azərbaycanın strateji coğrafi mövqeyinin onun Avroatlantik məkandakı siyasi və iqtisadi proseslərdə olduqca mühüm rol oynamasını təmin etdiyi vurğulanıb.

Sitat: “Azərbaycanın təhlükəsizlik mühiti eyni zamanda hərbi münaqişələr, beynəlxalq terrorçuluq, transmilli mütəşəkkil cinayətkarlıq, qeyri-qanuni miqrasiya, insan alveri və narkotik vasitələrin qaçaqmalçılığı, kütləvi qırğın silahlarının yayılması kimi təhdidlərin mövcudluğu ilə səciyyələnir ki, bu da ölkəni bir sıra təhlükəsizlik problemləri ilə üzləşdirir. Bu Konsepsiya Azərbaycanın milli təhlükəsizlik siyasətinin əsasını təşkil edir və dövlətin milli maraqlarının qorunması məqsədilə müvafiq dövlət strukturlarının üzərinə xüsusi vəzifələr qoyur və bu kontekstdə onların əlaqələndirilmiş fəaliyyətini zəruri edir. Konsepsiya ölkənin daim dəyişən təhlükəsizlik mühitini, Azərbaycan Respublikasının milli maraqlarını və təhlükəsizlik siyasətinin əsas istiqamətlərini müəyyən edir. Dövlətin daxili və xarici siyasətinə uyğun olaraq ölkənin təhlükəsizliyinin daha etibarlı təmin edilməsinə şərait yaradılması məqsədilə Konsepsiya müntəzəm qaydada yeniləşdirilə bilər.

Konsepsiya həmçinin, hərbi doktrina, xarici siyasət strategiyası, müdafiə icmalı, iqtisadi konsepsiya, mədəniyyət, elm, təhsil, səhiyyə və nəqliyyat strategiyaları da daxil olmaqla, dövlət fəaliyyətinin müxtəlif sahələri ilə bağlı daha müfəssəl sənədlərin hazırlanması üçün əsasdır. Təhlükəsizlik sahəsində hazırlanacaq digər konseptual sənədlər ümumi ictimai konsensusu əks etdirməli, real olmalı və bu Konsepsiya ilə birlikdə ölkədə demokratik, hüquqi dövlət, vətəndaş cəmiyyəti, demokratik nəzarət altında olan güclü və effektiv təhlükəsizlik sektoru quruculuğuna, davamlı iqtisadi və sosial tərəqqiyə kömək etməlidir".
“Yeni Müsavat”

Geri qayıt