Əsas Səhifə > Partiya, Güney Press > “Əli Kərimli özü haqqında mif formalaşdırır”

“Əli Kərimli özü haqqında mif formalaşdırır”


30-04-2020, 10:49
“Əli Kərimli özü haqqında mif formalaşdırır”
“Özünü haqq-ədalət carçısı elan edən Əli Kərimli mənim hüququmu tapdalamaqda davam edir. Natiq Ədilov, Sevinc Osmanqızı və Qənimət Zahid özlərinin “youtube” kanallarında isə Əli Kərimlinin hüquqlarının pozulmasından danışırlar. Otuz ildir Əli Kərimli özündən məzlum siyasətçi obrazı düzəldir. Əslində Kərimli hiyləgər və fürsətçildir. 2010-cu ilə qədər hamı kimi mən də orator çıxışlarına görə Əli Kərimlinin fanatı olmuşam. Onun partiyanı nizamnaməyə görə yox, öz ambisiyaları ilə idarəetməsini gördükdə, haqsızlığa susmamışam. Avropada yaşayan “Yurd”un mətbuat xidmətinin rəhbəri Natiq Ədilov öz kanalında Əli Kərimlinin 55 yaşında Leninə yazılmış təbriklərlə sədrini bir növ təbrik etdi. Yazıqlar olsun sizin kimi düşünənlərə”.

Cebhe.info xəbər verir ki, bunu Əli Kərimlinin sədri olduğu partiyanın Nəzarət Təftiş Komissiyasının keçmiş sədri Aydın Əliyev özünün “facebook” səhifəsində yazıb.

A.Əliyev bildirib ki, “Yurd” sədri Əli Kərimlinin ən böyük diktatordur:

“Natiq Ədilov bütün variantlardan istifadə etdi ki, Əli Kərimliyə xoş gəlsin. Beləliklə Əli Kərimli 100 min insanı öz haqlarını tələb etməyə çağırır. Mən də 30 illik fəaliyyət göstərdiyim partiyada haqqımı, hüququmu tələb edirəm. Əgər Əli Kərimli həqiqətən haqq - hüquq bilirsə birinci mənim haqqımı versin. Mən yaxşı bilirəm ki, Kərimli bunu etməyəcək. Çünki onun ədaləti boğazdan yuxarıdır. Otuz il “Yurd”-da gördüklərim, xüsusilə Kərimlinin davranışları bir daha isbat edir ki, o ən böyük diktatordur. İndi də “mənim telefon xəttimi kəsdilər, internetimi söndürdülər” ideyası ilə gündəmdə qalmağa çalışır. Cəmiyyətdə məzlum şəxs obrazı yaradır. Bu forma və metodla hakimiyyətə gəlmək olmaz. Bu fikirlə hansısa bazarlığa getmək olar. Fikirimcə, Kərimli də bazarlıqdadır. Əli Kərimlinin oyunbazlığından bir misal gətirmək istəyirəm. Belə ki, mən hüquqlarımın bərpası üçün Nəsimi rayon məhkəməsinə müraciət etmişəm. 27 noyabr 2019-cu il tarixində Nəsimi Rayon məhkəməsində “Yurd”un nümayəndəsi və vəkili Fəxrəddin Mehdiyevin, həmçinin müşahidəçi qismində Ali Məclisin Rəyasət Heyətinin üzvü İradə Əliyeva, Nəzarət Təftiş Komissiyasının üzvü Təzəxan Mirələmlinin məhkəmə iclasında iştirak etməsinə baxmayaraq, Əli Kərimlinin nümayəndəsi və vəkili Bəhruz Bayramov partiyanın hüquqi ünvanı olmadığından məhkəmə bildirişi “Yurd” nümayəndəliyinə çatmadığını bildirib. Həmin bildirişi Bəhruz Bayramov götürməkdən imtina edib. Göründüyü kimi “Yurd” və Əli Kərimli tərəfindən bu proses süni yollarla uzadılır. “Yurd” sədri partiya nizamnaməsinin VI 10.2 maddəsinə görə partiyanın fəaliyyətinə rəhbərlik edir və məsuliyyət daşıyır. Əli Kərimli “Yurd”un nizamnaməsini pozan, demokratik yox, diktatura üsulu ilə partiya strukturları idarə edən bir insandır. Sevinc Osmanqızı, Natiq Ədilov və digər məddahlar nə qədər tərif vursalar da, Azərbaycan xalqı artıq ağı qaradan seçməyi bacarır. Eqo, fürsətçil və sair xarakterlərə sahib Əli Kərimlini xalqımız tanımalıdır. Natiq Ədilov bayağı monoloqlar söyləməklə Əli Kərimlidən xalq qəhrəmanı düzəldə bilməyəcək. Çünki Əli o Əli deyil. Nə özünüzü, nə də xalqı aldatmayın. Allah sizə qənim olar, unutmayın”.

Geri qayıt