Əsas Səhifə > Partiya, Güney Press > Azərbaycan qarışıq seçki sisteminə keçə bilər

Azərbaycan qarışıq seçki sisteminə keçə bilər


13-03-2020, 09:06
Azərbaycan qarışıq seçki sisteminə keçə bilər
Gürcüstanın müxalifət partiyaları ilə hakim partiya arasında seçki sistemi ilə bağlı razılıq əldə olunub. Hakim Gürcü Arzusu Partiyası və müxalifət arasında bu ilin payızında keçiriləcək parlament seçkilərinin sistemi ilə bağlı əldə olunan razılığa əsasən, seçkilər 120/30 və 1%-lik baryer modeli-qarışıq seçki sistemi üzrə keçiriləcək. 120 deputat proporsional, 30-u isə majoritar sistem üzrə seçiləcək. Bununla yanaşı, 40%-dən az səs toplayan partiya hökuməti formalaşdıra bilməyəcək.

Qeyd edək ki, 2002-ci ilə qədər Azərbaycanda da qarışıq seçki sistemi mövcud olub. 125 deputatın 25-i proporsional, 100-ü majoritar sistem üzrə seçilib. 2002-ci ilin 29 avqustunda keçirilən referendumda qarışıq seçki sistemi ləğv edilib və sırf majoritar sistemə keçilib. Bu sistem hələ də qalır. Azərbaycanda bu məsələ zaman-zaman qaldırılıb, proporsional seçki sisteminin bərpası təklifləri siyasi partiyalar tərəfindən irəli sürülüb. Lakin vəziyyət hələ ki dəyişməyib.

Vətəndaşların seçkilər prosesinə etimadını qaytarmağın, siyasi partiyaların güclənməsinin mexanizmlərindən biri kimi proporsional seçki sisteminin bərpasının vacibliyini bəyan edirlər. Hakim partiyanın təmsilçiləri də zaman-zaman açıqlamalarında bildiriblər ki, gələcəkdə nə vaxtsa proporsional seçki sisteminin bərpası istisna deyil. Ölkə prezidentinin yeni Milli Məclisin ilk iclasında siyasi partiyaların güclənməsində maraqlı olduğunu bəyan etməsi də gələcəkdə proporsional seçki sisteminin bərpası ehtimalını yaradır.

Müxalifət düşərgəsi isə proporsional seçki sisteminin majoritar sistemdən üstünlüklərinin olduğunu əsas gətirirlər və bu məsələdə israrlı mövqelərindən geri durmurlar.

Bu barədə “Yeni Müsavat”a şərhində ADP sədrinin seçki məsələləri üzrə müavini Taliyət Əliyev bildirdi ki, proporsional seçki sistemi çoxpartiyalı dövlət sistemini stimullaşdıran əsas şərtlərdən biridir. Proporsional seçki sistemi ilə parlamentə seçilən şəxslər bir siyasi komanda kimi dövlət quruculuğunda fəal iştirak edir. Bu komandanın hakimiyyətdə və ya müxalifətdə olmasından asılı olmayaraq ölkədə islahatların bilavasitə həyata keçirilməsi və ya həyata keçirilməsi təklifləri ilə çıxış etməsi üçün imkanlar əldə olunur. Eyni zamanda siyasi partiyalara cəmiyyətdə ehtiyac daha da artır: “Demokratik cəmiyyət quruculuğuna yeni başlayan postsosialist ölkələrində proporsional seçki sistemi tətbiq olunur. Beynəlxalq birliyin də bu seçki sistemini tələb etməsinin səbəblərindən biri çoxpartiyalı sistemin formalaşıb güclənməsində bu seçki sisteminin ciddi əhəmiyyət kəsb etməsi ilə bağlıdır. Demokratik ölkələrin mütləq əksəriyyətində yalnız proporsional seçki sistemi mövcuddur. Azərbaycan ilk növbədə hələ postsovet məkanında və Şərqi Avropa ölkələrinin təcrübəsindən istifadə edərək demokratiyaya doğru inkişafa nail olmağa çalışmalıdır. Proporsional sistem demokratiyanın atributlarından biridir, partiyaların inkişafına stimul verir. Sırf majoritar sistemdə isə partiya inkişaf edə bilmir. Diqqət edirsinizsə, Azərbaycanda siyasi partiyaların zəifləməsi, siyasi sistemdə mövqelərinin azalması daha çox məhz proporsional seçki sisteminin ləğvindən sonra sürət götürdü. Ona görə də Azərbaycanda ya qarışıq seçki sisteminə keçidə, ya da tam olaraq proporsional sistemə keçidə ehtiyac var”.

Ekspert həmçinin qeyd etdi ki, proporsional qaydada seçilmək millət vəkilinə daha çox hüquq verir. Proporsional seçki sistemi həm demokratikləşmənin inkişafı, həm də siyasi inkişaf və partiyaların siyasi həyatda iştirakı baxımından vacibdir: “Çoxpartiyalı siyasi sistemlərdə baş aktyor partiyalardır, şəxslər deyil. Majoritar sistemdə isə fərdi keyfiyyətlər əsas götürülür ki, bunun da ümummilli məsələlərə elə də aidiyyəti yoxdur. Bütün bunları nəzərə alsaq, bəlli olur ki, siyasi partiyaların proporsional seçki sisteminin bərpasını istəməsi tamamilə məntiqlidir. Gürcüstanda əsas üstünlüyün proporsional seçki sisteminə verilməsi də bu baxımdan məntiqlidir”.

Onu da bildirək ki, seçki sisteminin dəyişdirilməsi yalnız o halda mümkündür ki, qanunvericilikdə dəyişiklik həyata keçirilsin. Bunun üçün isə referendum keçirilməlidir.

Geri qayıt