Əsas Səhifə > Partiya, Güney Press > "Mən oliqarx deyiləm"

"Mən oliqarx deyiləm"


12-03-2020, 09:35
"Mən oliqarx deyiləm"
DİA.AZ VI çağırış Milli Məclisin deputatı Madər Musayevin “Report”a müsahibəsini təqdim edir:

- Milli Məclisə seçkilər sizin üçün necə keçdi?

- Əvvəla onu qeyd edim ki, seçki ağır bir proses olmaqla yanaşı, həm də təkrar namizədliyini irəli sürmüş deputatın seçici qarşısında imtahanıdır. Mən seçkiləri təxminən buna bənzədirəm. Yəni, hər beş ilin sonunda təkrar seçkidə iştiraka qərar veririksə, deməli, həm də seçici qarşısında imtahan veririk. İkincisi, əvvəlki seçkilərdə olduğu kimi, 9 fevral tarixində ölkəmizdə keçirilən növbədənkənar parlament seçkilərində də gərgin işlədik. İmzaların toplanılmasından tutmuş təbliğat-təşviqat dövrünün sonunadək bütün prosedurların obyektiv, qanuni həyata keçirilməsinə çalışdıq. Seçki Məcəlləsinin bütün tələblərinə qüsursuz əməl etdik. Səlahiyyətli nümayəndəm, 10 vəkilim və Seçki Qərargahımın çoxsaylı üzvləri ilə birgə ortaya nümunəvi iş qoyduq. Dedi-qodudan, “qara piar”dan uzaq, heç kimin bostanına daş atmadan öz işimizlə məşğul olduq. Gecə-gündüz demədən çalışdıq, Seçki Qərargahımız sutkanın 15-16 saatını işləyirdi. Ərazi tanış olduğu üçün o qədər də çətinlik çəkmirdik. Amma buna baxmayaraq hər yeni seçki, həm də yeni yanaşma tələb edir. Allaha şükürlər olsun ki, məqsədimizə də nail olduq. Sizin vasitənizlə bu prosesdə mənə dəstək olan hər kəsə, xüsusən də seçicilərimə bir daha təşəkkürümü bildirirəm.

- Adınız çəkiləndə qarşısında "Hacı" sözü də işlədirlər: "Hacı", "Hacı Madər" və s. İnsanlar sizi daha çox necə tanıyırlar?

- Ad insanla bərabər doğulur, titullar isə sonradan qazanılır. Titullarım dövlət və xalq qarşısında fəaliyyətimin məhsuludur. Heç zaman haqq etmədiyimə iddia etməmişəm. Ağlım kəsəndən çalışmışam, çətinliklərdən qorxmamışam. Etiraf edim ki, insanların böyük əksəriyyət məni “Hacı Madər” kimi tanıyır. Bu, onların seçimidir və hörmətlə yanaşıram.

- 1990-cı ildən indiyə kimi eyni dairədən deputat seçilirsiniz. Sizcə, bu dairədən başqa adamın deputat seçilmək imkanı yoxdurmu?

- Deputatı konkret ərazidə yaşayan, səsvermə hüququ olan insanlar seçir. "Niyə məni seçirlər?" sualına da cavabım illərdir dəyişmir: Mən hər zaman seçicimin yanında olmuşam, başda cənab Prezident İlham Əliyev olmaqla dövlətin siyasətini dəstəkləmişəm. Bu bir reallıqdır ki, heç kim tanımadığı namizədə səs vermir. Məsələn, 9 fevralda keçirilən növbədənkənar parlament seçkilərində bizim dairədən 19 nəfər namizədliyini irəli sürərək imza vərəqi götürmüşdü, onlardan 13 nəfəri qeydə alındı, 11 qeydə alınan namizədlə seçkiyə getdik. O namizədlərin bir-ikisi istisna olmaqla heç biri sözügedən dairənin ərazisində yaşamır. Əlbəttə, bu o demək deyil ki, seçkidə iştirak edə bilməzlər. Demək istəyirəm ki, beş ildən bir Binəqədiyə “qonaq” gəlirlər və iddia edirlər ki, biz deputat seçilmək istəyirik. Mən isə 70 ildən çoxdur bu ərazidə yaşayıram, atam, ulu babalarım buralarda yaşayıb, 30 ildir seçicinin yanındayam, nə dairəmi dəyişmişəm, nə də əqidəmi. Bu 30 ildə deputat seçildiyim dairə üzrə elə bir yer - ərazi, məhəllə yoxdur ki, orda olmayım, seçicinin probleminin həllinə çalışmayım. Belə olan halda seçici məndən niyə imtina etsin ki? Təəssüf ki, bəzi namizədlər bu kimi reallıqları nəzərə almır. Beş ildən bir Binəqədiyə gələn namizəd fikirləşmir ki, burda onu kim tanıyır, ona kim səs verəcək.

- 10 saylı Binəqədi üçüncü seçki dairəsindən namizədliyinizi yenidən irəli sürəndə bəzi insanlar tərəfindən sizin ünvanınıza müəyyən tənqidlər oldu. Həmin tənqidlərə münasibətiniz necədir?

- Əvvəla, heç kim tənqiddən sığortalanmayıb. Təəssüf ki, bizim cəmiyyət o həddə gəlib çatıb ki, tanıdığını da, tanımadığını da tənqid edir və adını da qoyur demokratiya. Olsun, bunu da normal hesab edirəm, amma qəbul etmədiyim məqamlar da var. Bu da səni kimin və niyə tənqid etməsidir. Bəzən məni tənqid edənlərin kimliyi ilə maraqlanıram. Baxıram ki, 30-40 yaşı var, bu qısa ömründə elə 30-40 dəfə də siyasi mənsubiyyətini, əqidəsini dəyişib. Və yaxud da ümumiyyətlə qarşısındakını tanımır, fəaliyyətilə də tanış deyil, sadəcə söz demək xatirinə, mətbuatın gündəmində qalsın deyə səhərdən-axşama kimi ağzına gələni danışır. Baxın, bu artıq demokratiya deyil, bu, demokratiyadan sui-istifadədir. Konkret mənə qarşı olan tənqidlərə gəlincə, yazırdılar ki, niyə təkrar namizədliyini irəli sürür. Mən də cavab verirdim ki, bu mənim konstitusion hüququmdur. Və yaxud da bəziləri deyirdilər ki, guya namizədliyimi irəli sürdüyüm dairədə məni heç kim tanımır. Bu, artıq ağ yalan kim bir şeydir. Bəziləri isə ümumiyyətlə Binəqədi qəsəbəsində anadan olduğumu, hazırda orda yaşadığımı belə bilmədən yazırdı ki, Hacı Madəri Binəqədi kəndində heç kim tanımır. Mən kifayət qədər səbrli və dözümlü insanam, lakin haqsız tənqidi də qəbul etmirəm. Bəzi namizədlər isə sosial şəbəkələrdə məni oliqarx adlandırır, etikadankənar hərəkətlər edirdilər. Mən oliqarx deyiləm axı... Əvvəla oliqarxın zavodu, fabriki olar. Mənim isə nə zavodum var, nə də fabrikim. Heç bir biznes fəaliyyəti ilə də məşğul deyiləm. Deməli, belə şeyləri məqsədli yayırdılar.

- Seçkilər zamanı sosial şəbəkələrdə şəxsi hesabınızı gördük. Həmin hesabdan deputat seçildikdən sonra da istifadə edəcəksiniz, yoxsa onu seçkilərə görə yaradılmışdı?

- Sosial şəbəkələrdəki səhifələr seçkidən əvvəl də var idi, hazırda da fəaliyyət göstərir. Amma etiraf edim ki, seçki dövründə daha aktiv idi. Seçki Qərərgahım tərəfindən seçicilərlə görüşlər mətbuatla yanaşı, həm də sosial şəbəkələr vasitəsilə ictimailəşdirilirdi. Bu gün isə həmin hesabları köməkçim idarə edir və ordan mənə olunan muraciətləri ümumiləşdirib cavab verməyə çalşırıq. Bundan sonra da mühüm dövlət tədbirləri, seçicilərlə görüşlərim, qəbullar, seçildiyim ərazidə cənab Prezidentin təşəbbüsü ilə görülən işlər həmin səhifələr vasitəsilə həm seçicilərimə, həm də geniş ictimaiyyətə çatdırılacaq.

- Seçki şüarınız “Etimadınızı doğruladını seçin” idi. Sizcə 30 il ərzində seçiciləriniz etimadını doğrulda bilmisiniz?

- Əgər bu gün yenidən deputat seçilmişəmsə, deməli, seçicilərimin etimadını doğrultmuşam.

- Azərbaycanın müstəqillik tarixində ilk dəfə Milli Məclis ölkədə aparılan islahatlara adekvat olmaması səbəbindən buraxıldı. İnsanlar gözləyirdilər ki, V çağırış Milli Məclisin deputatlarının çoxu yenidən namizədliyini irəli sürməyəcək. Sizi və digər deputat həmkarlarınızı yenidən deputat olmağa həvəsləndirən nədir?

- Əvvəla, diqqətinizə çatdırım ki, mən heç bir siyasi partiyanın üzvü deyiləm. Parlamentin buraxılması ilə bağlı təklifi də Milli Məclisdə çoxluq təşkil edən Yeni Azərbaycan Partiyasından olan deputatlar irəli sürmüşdülər. Mən də həmkarlarım kimi həmin təklifə müsbət yanaşdım. Digər deputat həmkarlarımın adından danışa bilmərəm, amma konkret özümə gəlincə, düşünürəm ki, millət vəkili kimi bundan sonra da xalqa xidmət etməyə həm gücüm, həm də iradəm var.

- Bəzən deputatlar gileylənirlər ki, məmurlar onların irad və təkliflərinə məhəl qoymur. Siz necə düşünürsünüz?

- Konkret kim nədən gileylənir bu barədə heç nə deyə bilmərəm, amma mənim belə bir problemim yoxdur. Müraciət etdiyim məmur da bilir ki, irəli sürdüyüm təklif və ya həllinə çalışdığım problem şəxsi deyil, seçildiyim ərazi və orada yaşayan insanlar üçündür. Hər bir deputat kimi mən də çalışıram ki, cənab Prezidentin həyata keçirdiyi islahatlara ən azı seçildiyim dairənin hüdudları daxilində dəstək verim, qaldırılan problemləri yerində həll edim. Bunun üçün də məmurlarla təmasda olmaq, onlara müraciət etmək tələb olunur. Etiraf edim ki, bu prosesdə də heç bir problemlə qarşılaşmıram.

- Dostluq etdiyiniz müxalifət nümayəndələri varmı?

- Dövlətini, millətini sevən, Prezidentin siyasətini birmənalı dəstəkləyən hər kəs mənim dostumdur.

- İddia edirlər ki, şəhərdə “012” ilə olan bütün avtomobillər sizə və yaxınlarınıza məxsusdur...

- İdarə etdiyim avtomobilin nömrə nişanı “012”dir. Amma şəhərdə şütüyən bütün “012”lərin mənə və yaxınlarıma məxsus olması iddiası doğru deyil. Bu, heç fiziki cəhətdən də mümkün deyil axı. Yəni iddialar həmişə var və bundan sonra da olacaq. İnsanların ağzını tikə bilmərik, qoy yazsınlar, danışsınlar, yəni açığını deyim ki, bu söz-söhbətin mənə heç ziyanı yoxdur, əgər bu yalanları yazmaqla onlar xoşbəxt olurlarsa, qoy olsunlar, niyə mane olaq ki? Amma gəlin etiraf edək ki, ağlı başında olan adam necə deyə bilər ki, şəhərdə “012” nömrə nişanı ilə olan bütün avtomobillər Hacı Madərə məxsusdur?!

- Övladlarınız hansı işlə məşğuldur?

- Böyük oğlum heç bir yerdə işləmir, bir obyekti var, onu da dükan kimi icarəyə verib. Kiçik oğlum isə “Azərsu” ASC-nin “Birləşmiş Sukanal” MMC-də çalışır. Hər ikisi ailəlidir, kənddə yaşayırlar.

Geri qayıt