Əsas Səhifə > Partiya, Güney Press > YAP-ın “qurbanlıq” namizədlərinin siyahısı
YAP-ın “qurbanlıq” namizədlərinin siyahısı8-01-2020, 09:13 |
Növbədənkənar parlament seçkiləri yaxınlaşdıqca ictimai-siyasi sfera daha çox bu mövzuya köklənir. Təbii olaraq müzakirələrdə əsasən hakim Yeni Azərbaycan Partiyasının (YAP) seçkilərlə bağlı atdığı addımlara daha çox diqqət yetirlir. Bir müddət əvvəl siyasi gündəm YAP-ın siyahısı idi. Hakim partiyanın siyahını açıqlamağa tələsməməsi müxtəlif mülahizələrə səbəb olmuşdu. Artıq siyahı açıqlanıb. Yenisabah.az xəbər verir ki, bəzi siyasi şərhçilərin fikrincə, YAP-ın siyahısında yer alan namizədlər arasında “qurbanlıq” kimi nəzərdə tutulanlar da var. Bu qənaətdə olanlar hesab edir ki, ictimai-siyasi seqmentdə tanınmayan və kifayət qədər populyar rəqiblərlə üz-üzə buraxılan namizədlərin qələbə şansı yoxdur. Apardığımız kiçik araşdırmanın nəticəsi bu ehtimalın kifayət qədər inandırıcı olduğunu ortaya qoyur. Beləliklə, YAP-ın qurbanlıq namizədlərindən bəzilərini təqdim edirik: 1. Hüseynov Sərraf Balaxan oğlu. Namizədliyi 22 saylı Nəsimi ikinci seçki dairəsindən irəli sürülüb. Onun bu dairədən namizəd olan Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadəyə qalib gələcəyi inandırıcı görünmür. 2. Əliyarlı Kübra Məhəmməd qızı. Namizədliyi 8 saylı Binəqədi seçki dairəsindən irəli sürülüb. Bu dairədən QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, deputat Azay Quliyev də namizəddir və qutudan onun çıxacağı daha çox inandırıcıdır. 3. Sadıqova Gültəkin Zakir qızı. Namizədliyi 61 saylı Neftçala seçki dairəsindən irəli sürülüb. Ən güclü rəqibi Vətəndaş Həmrəyliyi Partiyasının sədri, xalq şairi Sabir Rüstəmxanlıdır. Bu dairədən Sabir Rüstəmxanlının qalib çıxacağı gözlənilir. 4. Rəhimov Elnur Fidail oğlu. Namizədliyi 23 saylı Nəsimi-Səbail seçki dairəsindən irəli sürülüb. Deputat Ziyad Səmədzadə yenidən mandat qazanmaq üçün bu dairəyə üz tutub və onun şansı daha çoxdur. Yeri gəlmişkən, YAP 2010-cu il parlament seçkilərində Elnur Rəhimovun atası, Bakı Tikiş Evinin rəhbəri Fidail Rəhimovun namizədliyini irəli sürmüşdü. 22 saylı Nəsimi seçki dairəsindən namizəd olan Fidail Rəhimov mandat qazana bilməmişdi. 5. Allahyarlı Nihad Vüqar oğlu. Namizədliyi 20 saylı Nərimanov ikinci seçki dairəsindən irəli sürülüb. Bu dairədən deputat Adil Əliyev də namizəddir. Adil Əliyev iki dəfə bu dairədən qalib çıxmış rəqibdir. Onun bu dəfə də qalib olacağı şübhəsizdir. 6. Məmmədov Qnyaz Vəli oğlu. Namizədliyi 94 saylı Bərdə kənd seçki dairəsindən irəli sürülüb. Bu dairədən Sosial Tədqiqatlar Mərkəzinin sədri Zahid Oruc da namizəddir və deməli, artıq deputatdır. 7. Bağırov Güloğlan Baloğlan oğlu. Namizədliyi 73 saylı Lənkəran seçki dairəsindən irəli sürülüb. “European Tabacco Baku” şirkətinin rəhbəri, deputat Rüfət Quliyev də bu dairədən namizəddir. Hökumətin Rüfət Quliyevə “stavka” edəcəyi daha inandırıcıdır. 8. Əfəndi Mahir Qalib oğlu. Namizədliyi 112 saylı Qax seçki dairəsindən irəli sürülüb. Onun əsas rəqibi deputat Azər Kərimlidir. Azər Kərimlinin bu dəfə də mandat qazanacağı daha çox ehtimal edilir. 9. Əliyev Samir Ramiq oğlu. Namizədliyi 116 saylı Qəbələ seçki dairəsindən irəli sürülüb. Bu dairədən qocaman deputat, Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun atası Fəttah Heydərov da namizəddir. Samir Əliyevin Fəttah Heydərova qalib gələcəyini düşünmək sadəlövhlük olardı. 10. Əliyev Anar Məmməd oğlu. Namizədliyi 10 saylı Binəqədi üçüncü seçki dairəsindən irəli sürülüb. Buranın əbədi deputatı Madər Musayevdir ki, bu dəfə də namizədliyini irəli sürüb. Güman ki, növbəti dəfə də qutudan o çıxacaq. 11. Hüseynova Məhəbbət Müsəllim qızı. Namizədliyi 105 saylı Tovuz seçki dairəsindən irəli sürülüb. Bu dairədən deputat Qənirə Paşayeva da namizəddir. Fikrimizcə, əlavə şərhə ehtiyac yoxdur. 12. Nağıyev Rauf Nəriman oğlu. Namizədliyi15 saylı Yasamal birinci seçki dairəsindən irəli sürülüb. Lakin bu dairədən namizəd olan deputat Ülvi Quliyevin qələbə qazanacağı bildirilir. Geri qayıt |