Əsas Səhifə > Partiya, Güney Press > "Bu cür hazırlıqlı məmurlarımız var və biz bunlarla həqiqətən də qürur duyuruq"

"Bu cür hazırlıqlı məmurlarımız var və biz bunlarla həqiqətən də qürur duyuruq"


10-12-2019, 08:54
"Bu cür hazırlıqlı məmurlarımız var və biz bunlarla həqiqətən də qürur duyuruq"
Prezident İlham Əliyevin vəzifəyə təyin etdiyi gənc nazirlər publikada rəğbət qazanır. Mətbuatdan da göründüyü kimi, yeni nazirlər sovet dövrünün qalstuklu, kabinetindən kənara ayaq qoymayan məmuru obrazından çıxaraq, xalqla birbaşa təmasa üstünlük verir, onlarla üzbəüz görüşlər təşkil edirlər.

Hər dəfə hansısa nazirin sadə vətəndaşlara qarşı kiçik bir jesti sosial şəbəkədə müsbət qarşılanır. Həmin nazir kiçik bir jestlə insanların sevimlisinə çevrilir. İqtisadiyyat naziri Mikayıl Cabbarovun bir neçə gün öncə Bakıdakı beynəlxalq konfransda çıxış edən erməni təmsilçini tutarlı faktlarla susdurması, daxili işlər naziri Vilayət Eyvazovun regionlarda vətəndaşlarla səmimi görüşləri, DTX rəisi Əli Nağıyevin bu vəzifəyə təyin edildiyi gündən peşəkar fəaliyyətini, keçirdiyi görüşləri, nəqliyyat, rabitə, və informasiya texnologiyaları naziri Ramin Quluzadənin şəhid qızının əlini öpməsi, kənd təsərrüfatı naziri İnam Kərimovun fermerlərlə əkin sahələrində görüşü, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin əlillər, Qarabağ qaziləri, şəhid ailələri ilə səmimi görüşlərini və s. buna nümunə göstərmək olar.

Ekspertlər bildirirlər ki, bu texnologiya həqiqətən də uğurludur. Eyni zamanda bildirilir ki, nazirlərin bu cür davranışı birbaşa ölkə prezidentinin tələbidir. O, özü ilə bərabər məmurların da xalqın xidmətçisi olduğunu dəfələrlə xatırladır və onlardan xalqın problemləri ilə birbaşa maraqlanmağı tələb edir. Bundan əlavə görünən budur ki, yeni təyin olunan yüksək vəzifəli məmurlar sosial şəbəkələrin də aktiv istifadəçiləridir. Onlardan bəziləri sosial şəbəkə vasitəsilə onlara ünvanlanan şikayətlərə cavab verir, bəzi hallarda isə canlı yayımlar belə təşkil edirlər. Prosesin davamlı və yaxud da hansısa mərhələyə qədər olacağı məlum olmasa da, hər halda, indiki məqamda mövcud durum ictimaiyyət tərəfindən müsbət qarşılanır.

“Yeni Müsavat”a danışan deputat Fəzail Ağamalı bildirib ki, məmurların sovet dövrünün məmuru obrazından çıxması olduqca müsbət haldır:

“Artıq ənənəyə çevrilməkdə olan bu yanaşma daha üstündür və demokratiyanın, açıq cəmiyyətin ciddi əlamətlərindən biridir ki, vətəndaşlarla məmurlar həm canlı, həm də sosial şəbəkələr vasitəsilə təmasdadırlar. Məmur-vətəndaş münasibətləri daha yüksək səviyyədə formalaşmaqda, özünün müsbət nəticələrini verməkdədir. Bu, birmənalıdır. Burada nə alternativ var, nə də müqayisə üçün yer. Digər tərəfdən, məmurların bu cür fəaliyyətə keçməsi heç şübhəsiz ki, zamanın çağırışlarından irəli gələn reallıqdır. Həmçinin deyərdim ki, bu, ölkə prezidentinin tapıntısıdır. Bütün bunların hamısının memarı və qərar verəni cənab prezidentdir. O, öz komandasına elə şəxsləri cəlb edir ki, onların həm yüksək intellektləri var, həm də dövlətçiliyimizə, ideyalara sədaqətli, xalqa bağlıdırlar və rüşvətxorluq, korrupsiya ilə də əlaqələri yoxdur. Ölkə prezidentinin seçdiyi məmurlar məhz bu cür keyfiyyətləri üzərlərində ifadə edirlər. Yeri gəlmişkən, bir epizodu da vurğulayaq ki, bu günlərdə iqtisadiyyat naziri Mikayıl Cabbarov Ermənistanın baş naziri Paşinyanın qərəzli münasibətinə həm də bir diplomat, hazırlıqlı məmur kimi çox tutarlı cavab verdi. Onun diqqətinə Azərbaycanın inkişafını çatdırdı və bildirdi ki, bu inkişafa qarşı sizdə paxıllıq, qısqanclıq var. Eyni zamanda Cabbarov onların tutmuş olduğu təcavüzkar siyasətin elə özlərinə vurduğu zərəri göstərdi. Bildirdi ki, siz dalandasınız və oradan da çıxmaq istəmirsiniz. O, torpaqların işğalı ilə bağlı Azərbaycanın özünün tarixi mənbələrinə deyil, gürcülərin mənbələrinə toxundu və söylədi ki, doğulduğunuz İrəvan şəhəri haqqında tarixi həqiqətləri öyrənmək istəyirsinizsə, buyurun Heydər Əliyev Mərkəzinə gəlin. Bu cür hazırlıqlı məmurlarımız var və biz bunlarla həqiqətən də qürur duyuruq”.

Deputat bildirib ki, digər məmurlarımız da eyni şəkildə bilik və bacarıqlara malikdirlər:

“Bütün bunlar prezidentimizin yeni modern dövlətinin ifadəsidir. Biz qısa zaman kəsiyində bunların çox ciddi nailiyyətlərini görəcəyik. Yeri gəlmişkən, məmurlarla bağlı başqa bir epizodu bölüşmək istəyirəm. Dövlət Təhlükəsizlik Xidmətinə Əli Nağıyevin gətirilməsi zamanı ondan böyük gözləntilərimizin olduğunu söyləmişdik. Onun peşəkarlığı və yüksək intellektini önə çəkmişdik. Baxın, qısa zaman kəsiyində o, necə də özünü ifadə etməkdədir. Gürcüstandan gələn azərbaycanlılar erməni adı ilə Azərbaycanda xoşagəlməz situasiyalar yaratmaq istəyirdilər. Bu, peşəkar səviyyədə üzə çıxarıldı. Artıq bu və ya buna bənzər hadisələrin baş verməsi üçün yer qalmayıb. Digər tərəfdən, bir gümanım da var. Ancaq düşünürəm ki, bu güman kifayət qədər arqumentlidir. Belə ki, hesab edirəm ”söyüş müxalifəti"nə qarşı aparılan əməliyyatlar da Əli Nağıyevin peşəkarlığının konkret nəticələridir. Yaxud da daxili işlər naziri Vilayət Eyvazovun da peşəkarlığı göz önündədir. Dövlət Təhlükəsizlik Xidməti ilə onların bərabər şəkildə işləmələri, dövlətçiliyi şəxsi ambisiyalardan uzaq tutmaları hər kəsin diqqətindədir. Bütün bunlar Azərbaycanın təhlükəsizliyinə və onun sabitliyinin qorunub saxlanmasına artıq yeni töhfələr verməkdədir. Digər nazirlərin də öz sahələri üzrə inkişaflarından danışmaq olar. Məsələn, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, ekologiya naziri Muxtar Babayev, diaspora komitəsinin sədri Fuad Muradov, Gömrük Komitəsinin sədri Səfər Mehdiyev və digərləri işlərinin öhdəsindən layiqincə gəlirlər. Bütün bunlar təqribən 2 il öncə yox idi. Bunu da etiraf etmək lazımdır. Ona görə də ölkə prezidentinin formalaşdırdığı mühit, həyata keçirdiyi islahatlar və bu islahatların baş tutmasında ciddi rol oynayan məmurların müasirləşdirilməsi Azərbaycanı yeni uğurlara aparacaq. Bununla da dövlətçiliyimizə son dərəcədə əhəmiyyətli töhfələr veriləcək".

Geri qayıt