Əsas Səhifə > Partiya, Güney Press > Əksər partiyalar seçkilərdə iştirakın tərəfdarıdır, Əli Kərimli cəbhəsi isə...

Əksər partiyalar seçkilərdə iştirakın tərəfdarıdır, Əli Kərimli cəbhəsi isə...


3-12-2019, 09:02
Əksər partiyalar seçkilərdə iştirakın tərəfdarıdır, Əli Kərimli cəbhəsi isə...
Milli Şura və AXCP növbədənkənar parlament seçkilərini boykot edəcəyi barədə bəyanat yayıb. Açıqlamada bildirilib ki, seçki islahatları həyata keçirilmədiyi, şəffaf seçki mühiti yaradılmadığı, seçki komissiyaları dəyişdirilməyəcəyi halda seçkidə iştirak etməyi düşünmürlər.

Bəs digər müxalifət partiyaları seçkilərə qatılacaqlarmı?

Ümid Partiyasının sədri İqbal Ağazadə “Yeni Müsavat”a bildirdi ki, müxalifətin bu cür bəyanatı və tələbi ilə Seçki Məcəlləsi dəyişən deyil: “Bu bəyanatı verib seçkiyə getməməkdənsə istədiyin dəyişikliyi əldə etməyin yollarını aramalısan, ən pis situasiyada da qalib gəlməyin yollarını aramalısan. Məgər Gürcüstanda Seçki Məcəlləsi dəyişmişdi müxalifət qüvvələri birləşib mübarizə aparanda? Xeyr. Yaxud Yuşşenkonun mübarizə apardığı dövrdə Seçki Məcəlləsi dəyişmişdi? Yox. Biz ən pis vəziyyətdə belə, demokratiyanın qalib gəlməsi üçün nə edə biləcəyimizi düşünməliyik. Olmazmı bu gün hakimiyyətdən tələb edilsin ki, seçki komissiyaları səsləri düz saysın? Mənim üçün səsləri kimin saymasının, Ümidin, Müsavatın, yaxud da YAP-ın saymasının heç bir fərqi yoxdur.

Əsas məsələ sayanın düz saymasıdır. Mən sayandan tələb etməyi düzgün sayıram. Saymaq üçün hər kəs öz adamını yerləşdirmək istəyirsə, bu, doğru yanaşma deyil. Gücümüz çatırsa, kimin saymağından asılı olmayaraq düzgün saydırmağı bacarmalıyıq. Biz bunu bacarmırıq. Ona görə ki, hakimiyyətdən umuruq ki, amandır beş adam da mənim adamımı saymaq üçün komissiyaya qoy. Ümid Partiyasının Rəyasət Heyətinin seçkidə iştirakla bağlı tövsiyəedici qərarı var. Amma son qərarı Ali Məclis verəcək. Situasiya aydınlaşandan sonra Ali Məclis çağıracağıq”.

VİP sədri Əli Əliyev isə bildirdi ki, əsas məsələ seçkinin demokratik keçirilməsi üçün siyasi iradənin olmasıdır: “Siyasi iradə ortaya qoyulacağı halda indiki seçki komissiyaları ilə də demokratik seçki keçirmək mümkündür. Ən mürtəce qanunlarla belə normal seçki, ən demokratik məcəllə ilə saxta seçki keçirmək olar. Ona görə də siyasi iradəni mühüm sayırıq. Hakimiyyətin irəli sürülən fundamental dəyişikliklər etməsi üçün şərtlər- müxalifətin təzyiqi, beynəlxalq ictimaiyyətin mövqeyi, cəmiyyətin təsirli təpkisi ortada yoxdur. Fikrimizcə, mümkün olan konsensus variantı, siyasi iradə və məsuliyyətdir. Biz hələlik baş verənləri müşahidə edirik. Prezidentin məsələ ilə bağlı sərəncamı çıxdıqdan sonra vəziyyəti dəyərləndirməyə başlayacağıq”.

AĞ Partiyanın sədri Tural Abbaslı isə qeyd etdi ki, seçki islahatları ilə bağlı edilən ümumi çağırışlarla razıdır. Bu mənada ki, hazırkı seçki qanunu və seçki komissiyaları əsasən hakim partiyanın üstünlüyü ilə formalaşıb. Yəni müxalifətin maraqları və təmsilçiliyi nəzərə alınmayıb. Bu cür seçki komissiyalarının keçirdiyi seçkilərə də inamsızlıq olur: “İqtidar bunu nəzərə almalı və nə qədər zaman varsa, bu istiqamətdə bəzi mütərəqqi addımlar atılmalıdır. Əks təqdirdə, boykot çağırışları edənlərin ciddi arqumentləri olacaq.

Seçkidə iştirak məsələsinə gəlincə, AĞ Partiyanın hələlik seçki ilə bağlı konkret qərarı yoxdur, zamanı gəldikdə bununla bağlı müzakirə edərək müvafiq qərar qəbul edəcəyik. Hakimiyyətin atacağı addımları gözləyirik. Partiya olaraq, seçkilərin boykot taktikasının əleyhinəyik. Çünki bu heç bir effekt vermir. Ona görə biz də seçkilərdə iştirakın tərəfdarıyıq. Amma dediyim kimi, hazırkı situasiya ilə bağlı konkret qərarımız yoxdur".

REAL Partiyasının icra katibi Natiq Cəfərli isə bildirdi ki, təmsil etdiyi partiya xeyli öncədən parlament seçkilərində iştirak edəcəyini bəyan edib və hazırlıqlara başlayıb: “İşimizi elə qurmuşuq ki, növbədənkənar seçki də olsa, prosesə hazır olaq. Ona görə, namizədlərin, müşahidəçilərin müəyyənləşdirilməsinə çoxdan start verilib. Hazırda 80-90 arası partiya üzvümüz namizədlərimiz siyahısındadır. Amma başqa formatlar da ola bilər. Müxtəlif şəxslərə, siyasi partiyalara, seçkidə iştirak etmək istəyən tanınmış insanlara da müraciətlərimiz olub. Seçkidə birgə fəaliyyət göstərmək üçün səylərimizi birləşdirmək haqqında müraciətlərimiz olacaq”.

Müsavat Partiyasının başqanı Arif Hacılı isə modern.az-a deyib ki, seçki məsələsini müzakirə etmək üçün partiyada genişləndirilmiş müşavirə, növbədənkənar Divan iclası keçirilib: “Biz ”Əvvəl islahat, sonra seçki" tələbini irəli sürmüşük. Seçki islahatları ilə bağlı təkliflər paketimiz ictimaiyyətə təqdim olunub. Seçkilərdə iştirakımız islahatlar paketinin qəbul olunması ilə bağlı olacaq. Mövcud parlamentin əvəzinə buna oxşar Milli Məclis deyil, mövcud qanunvericiliyi həyata keçirə bilən parlamentin formalaşması üçün islahatlar tələb edirik. Bu halda seçkiyə qatıla bilərik".

VHP sədri Sabir Rüstəmxanlı da seçkilərdə iştirakla bağlı partiyanın dəqiq qərarının olmadığını bildirib: “Hələlik heç nə deyə bilmərəm. Qərar yekunlaşsın, dəqiqləşsin, buna baxacağıq. Bəlkə də seçkilərin keçirilməsi məsələsində də dəyişiklik olacaq. Bunlara proseslərin yekununda baxarıq”.

AMİP katibi Əli Oruclu isə seçkini boykot etməyəcəklərini bildirib: “Ümumiyyətlə, partiya heç vaxt seçkilərdən kənar qalmayıb. Təcrübə göstərib ki, boykot qərarı səmərə vermir. Ona görə belə addım atmağımız yanlış olar”.
“Yeni Müsavat”

Geri qayıt