Əsas Səhifə > Partiya, Güney Press > Müxalifətin növbədənkənar seçki gündəmi:

Müxalifətin növbədənkənar seçki gündəmi:


30-11-2019, 10:01
Müxalifətin növbədənkənar seçki gündəmi:
İki gün əvvəl Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının iclası keçirilib.

İclasda Milli Məclisin buraxılması və növbədənkənar seçki müzakirə olunub. Parlament məsələni 2 dekabrda müzakirə edəcək.

Artıq bəzi müxalifət partiyaları seçkidə iştirak edəcəklərini açıqlayıb.

ReAL Partiyasının sədri İlqar Məmmədov parlament seçkisində iştirak edəcəklərini bəyan edib.

O, bütün müxalif qüvvələri bu nümunəyə əməl etməyə və parlament seçkilərində iştiraka çağırıb. Bundan əlavə, Gələcək Azərbaycan Partiyası da keçirilməsi gözlənilən növbədənkənar parlament seçkilərinə qatılacaq. Partiya sədri Ağasif Şakiroğlunun sözlərinə görə, Gələcək Azərbaycan Partiyası gənclərdən ibarət yeni siyasi komanda ilə seçkilərdə iştiraka çalışır.

Müsavat başqanı Arif Hacılı bildirib ki, bu parlament buraxılmalıdır:

“Amma bunun əvəzində yenə eyni və ya oxşar parlamentin yaranmaması üçün əvvəlcə ciddi seçki islahatları həyata keçirililməlidir. Keçirdiyimiz dəyirmi masada və IX qurultayımızda irəli sürdüyümüz seçki islahatları təkliflərinin qəbul olunmasını, yalnız bundan sonra növbədənkənar seçkilərin keçirilməsini tələb edirik”.

Bəzi siyasi partiyalar isə məsələni dünəndən etibarən müzakirə edir. Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) mətbuat katibi Vüsal Qarayev Cebhe.info-ya partiyanın parlament seçkisinə çox yüksək səviyyədə hazırlaşdığlarını bildirib:

“Biz hər zaman seçkilərdə iştirakdan yana olmuşuq, seçkidə iştirakın hər bir partiya üçün prioritet olduğunu demişik və bunun təbliğatını aparmışıq. Növbədənkənar seçki bir az gec də olsa da, yerində verilmiş qərardır. Nəhayət ki, islahat deyə biləcəyimiz addım atıldı. Mütləq bu seçkilərdə iştirak edəcəyik. İlk qərarımız budur və seçkiyə yüksək səviyyədə hazırlıq başlayıb. Dövlətə, vətəndaşa xeyirli-uğurlu olsun. Ümid edirik ki, şəffaf, demokratik, sivil seçki olacaq”.

Partiyadan kimlərin namizədliyinin irəli sürülməsinə gəlincə, Vüsal Qarayev hələlik dəqiq say deyə bilməyəcəyini bildirib:

“Seçkilərə partiyanın rəhbər heyəti qatılacaq. Çox güman ki, ayrı-ayrı şöbələrdən də namizədliyini vermək istəyənlər olacaq ki, onlara da şərait yaradılacaq. Dəqiq say deyə bilmərəm. Amma imkanlarımız çərçivəsində çox namizədlə qatılmağa çalışacayıq”.

Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevin sözlərinə görə, seçkilərdə iştirakla bağlı qərar verdikləri təqdirdə əvvəlki təcrübələrindən, ölkədəki siyasi durumdan, beynəlxalq vəziyyətdən və digər məsələlərdən çıxış edəcəklər:

“Hələ qərarımız yoxdur və bir söz deməyə çətinlik çəkirəm. Ölkədə ən azı son 3 parlament və 2 prezident seçkisində iştirak təcrübəmiz var. O təcrübələrdən çıxış edərək, situasiyanı qiymətləndirib qərar verməyi düzgün sayıram. Hakimiyyətin elan etdiyi, hələ məqsədləri və gedişatı bəlli olmayan prosesə bu cür qucaq açmaq, ağuşuna tullanmaq təcrübəsizlikdir”.

ReAL sədrinin müxalif qüvvələri seçkiyə çağırmasına gəlincə, partiya sədri deyib ki, ReAL-ın seçki təcrübəsi azdır və ona görə də həvəslidir:

“Bu cür çağırışın edilməsi onların daxili durumundan xəbər verir”.

AĞ Partiya başqanı Tural Abbaslı seçkilərdə iştirakla bağlı hələ qərarın olmadığını vurğulayıb:

“Məsələni hələ müzakirə etməmişik. Sabah partiyamızın iclası keçiriləcək. Partiyanın İdarə Heyəti yoxdur, amma qərar veriləcək. Parlament hələ buraxılmayıb və yeni seçkilərin tarixi elan olunmayıb. İndidən tələm-tələsik hansısa qərarlar vermək qeyri-ciddi görünür. İmkan verək hakimiyyət addımlarını atsın. Bu məsələlər aydınlaşandan sonra partiya olaraq durumu dəyərləndirib qərar verəcəyik. Məni seçkiyə çağırıb-çağırmaması səlahiyyətini İlqar Məmmədovda görmürəm. Adama deyərlər ki, öz partiyanı dəvət et, nə istəyirsən et. Başqa partiyalara tövsiyə vermək, yol göstərmək bir qədər etik deyil. Yəqin siyasətdə yenidir. Ona görə də bu məsələlərdən hali deyil”.

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Siyasi Şurasının üzvü Əli Orucov növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı hələlik qərar olmadığını bildirib:

““Parlament buraxıldı” deməklə olmur. Konstitusiyada parlamentin hansı formada buraxılması məsələsi açıq-aydın var. Əgər parlament buraxılarsa və növbədənkənar seçkilər təyin olunarsa, partiyanın iştirakı gözləniləndir. Çünki biz bütün seçkilərdə iştirak etməyə üstünlük veririk və dəyişiklikləri də seçkilərdə görürük”.

Əli Orucov prosesə kimlərinsə çağırışı ilə getmədiyini deyib:

“Hərə bir çağırış edir. Əli Əhmədov da bütün qüvvələri bələdiyyə seçkilərinə iştiraka çağırır. Müxalifət qüvvələrinin özlərinin kəskin düşüncəsi və yürütdüyü siyasət var. Gedən siyasi prosesləri dəyərləndirirlər. Çağırışlar edirlərsə, etsinlər. Burada qeyri-adi nəsə yoxdur”.

Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədr müavini Xəzər Teyyublu hesab edir ki, məsələ ilə bağlı qərar vermək partiyanın geniş müzakirəsindən keçir:

“Hər halda təmsil olunduğumuz partiyada məsələ geniş müzakirə olunandan sonra hansısa formada qərar vermək mümkündür. Parlamentin buraxılması məsələsinin müzakirəsi gündəmdədir. Ölkədə çox ciddi siyasi dəyişikliklərinin olacağı gözlənilir. KXCP böyük müzakirə keçirəndən sonra seçkidə iştirakla bağlı qərarını verəcək. Qərar olmadığına görə mövqe bildirməkdə çətinlik çəkirəm”.

Geri qayıt