Əsas Səhifə > Partiya, Güney Press > Əli İnsanovun HƏP-ində qalmaqal

Əli İnsanovun HƏP-ində qalmaqal


28-11-2019, 08:36
Əli İnsanovun HƏP-ində qalmaqal
Sabiq səhiyyə naziri Əli İnsanovun yaratdığı Haqq və Ədalət Partiyası (HƏP) ilə bağlı redaksiyamıza ilginc məlumat daxil olub. “Yeni Müsavat” xəbər verir ki, məlumatda Ə.İnsanovun partiyasının adının plagiat olması və bunu onun çevrəsindəki çox adamın bilməsi qeyd olunur.

Belə ki, 2006-cı ilin sonunda Qərbi Azərbaycana Qayıdış Birliyinin rəhbəri Rizvan Talıbov Haqq və Ədalət Partiyasının təsis qurultayının keçirilməsinin təşkili üçün 21 nəfərdən ibarət təşkilat komitəsi qurub və elan edib. Qısa zaman içində təşkilat komitəsinə yeni üzvlər daxil oldu və təşkilat komitəsinin sayı 55 nəfərə çatıb. Ə.İnsanov da o zaman vəkili vasitəsi ilə HƏP-in qurulması işindən xəbərdar olub.

Bundan öncə, 2005-ci ildə isə Haqq və Ədalət Siyasi Bloku yaradılıb. Həmin vaxt Ə.İnsanov səhiyyə naziri olub. Seçkidən sonra blok fəaliyyətini dayandırıb və R.Talıbov Haqq və Ədalət Partiyasının Təşkilat Komitəsini elan edib.

Redaksiyamıza məlumat verən mənbə deyir ki, həmin vaxt bu partiyanın qurulması ilə bağlı media orqanları da yazıb və bu səbəbdən Ə.İnsanovun partiyasına “oğurluq ad” qoyması birmənalı qarşılanmayıb. Buna sübut olaraq R.Talıbovun eyni adda qəzetə rəhbərlik etməsi, daha doğrusu, zamanında “Haqq və Ədalət” adlı qəzet nəşr etdirməsi də sübutlar sırasındadır.

“Yeni Müsavat” xatırladır ki, partiya üzvü kimi cəmiyyətə təqdim olunan (daha sonra da bununla bağlı təkzib verib) İsfəndiyar Vahabzadə isə müsahibəsində qeyd edib ki, o, partiyanın adının İttihad və Tərəqqi olmasını təklif edib, amma çoxluq HƏP adına səs verib. Bəzi arxiv materiallarını araşdıranda R.Talıbovun baş redaktor olduğu qəzet üzə çıxıb. Bundan başqa, bir çox media orqanlarında 2006-cı ildən etibarən R.Talıbov Haqq və Ədalət Blokunun həmtəsisçisi, həmsədri kimi təqdim olunub.

Sözügedən iddianı və ortadakı foto faktları R.Talıbovla dəqiqləşdirmək istəsək də, o, bu barədə danışmağın tez olduğunu bildirdi. Mövzunu davam etdirəcəyik.

Bu arada partiyanın təşkilat komitəsində adı hallandırılanlardan üçü artıq bununla bağlı təkzib yayıb. Bunlardan biri İsfəndiyar Vahabzadədir və o, açıqlamasında bildirib ki, partiyaya qatılmayıb, sadəcə, əzilənin yanında olmaq istəyib.

Milli Qəhrəman Tahir Həsənovun anası, Azərbaycan Milli Qəhrəman Ailələrinin Sosial Müdafiəsi İctimai Birliyinin sədri Qalibə Budaqov ile ilgili görsel sonucu

Partiya sıralarında adı çəkilən daha bir şəxs, Milli Qəhrəman Tahir Həsənovun anası, Azərbaycan Milli Qəhrəman Ailələrinin Sosial Müdafiəsi İctimai Birliyinin sədri Qalibə Budaqova Haqq Ədalət Partiyası adlı təşkilatla bağlı adının hallanmasına etiraz edib. Q.Budaqova barəsində yayılan məlumatları təkzib edib: “Mənim adımı yeni yaradılan Haqq Ədalət Partiyası təşkilat komitəsinin üzvü kimi hallandırıblar. Mən Qalibə Budaqova heç bir partiyanın və heç bir partiyanın təşkilat komitəsinin üzvü deyiləm. Mən uzun müddətdir ki, xəstəyəm və müalicə altında olduğum üçün heç evdən belə çıxa bilmirəm. Xahiş edirəm mənim adımı heç bir partiya üzvlüyü ilə hallandırmasınlar".

Partiyanın təşkilat komitəsində adı yer alan, Kiyevdə yaşayan Yalçın Qəhrəmanoğlu isə “Yeni Müsavat”a açıqlamasında bildirib ki, Əli İnsanovun rəhbərliyi ilə yaranan partiya ətrafında spekulasiyalar davam edir. Onun sözlərinə görə, narahatlıqların olacağı öncədən bəlli idi: “Çünki hakimiyyətin, Yeni Azərbaycan Partiyasının qurucularından birinin sistemə qarşı açıq siyasi mübarizəyə qalxması rejim üçün ürəkaçan mənzərə deyil. Bu günə qədər yalnız Əli İnsanovdur ki, bu sistemin içindən çıxıb və bütün təzyiqlərə baxmayaraq, partiyasını yaradır. Həbsdən çıxdığı gündən evi 5 qatlı nəzarət altındadır. Görüşünə gələnlər tək-tək sorğuya çəkilir, qorxudulur. Lakin bütün bunlar onu məqsədindən çəkindirə bilmədi və bilməyəcək. Partiyanın təşkilat komitəsinin elan olunması rejimi silkələdi və onlar bundan qorxuya düşərək siyasi səhvlər buraxmağa başladılar. Amma ataların dediyi kimi, qorxunun əcələ faydası yoxdur. İnsanovun yaratdığı partiya öncə YAP-ı çökdürəcək. Çox keçmədən şahidi olacaqsınız ki, YAP hakim partiya rolunu itirib, sadəcə, vaxtilə Heydər Əliyevin sədri olduğu təşkilat kimi qalacaq. Baş nazirin sabiq müavini Əli Həsənov kimi təqaüdçülərin toplaşıb qeybət etdiyi məkana çevriləcək. Əvəzində Əli İnsanovun partiyası güclənəcək. Bu gün ona dəstək verməyə tərəddüd edənlər sabah onun yanında olacaq. O gün uzaqda deyil. Mən isə həm Milli Şuranın üzvü, həm də bir aktivist kimi bu prosesdə üzərimə düşən vəzifəni yerinə yetirməkdən çəkinmirəm və çəkinməyəcəm. Hər kəsə uğurlar. Əsas qalib sonda güləndi”.

Y.Qəhrəmanoğlu partiyanın adının oğurluq olması, eləcə də digər məqamlarla bağlı sualları cavablandırmayıb.

“Yeni Müsavat” xatırladır ki, adı partiya sıralarında hallandırılan və daha sonra sadəcə şəkil çəkdirmək üçün orada olduğunu, partiyaya qoşulmadığını bildirən Mirədalət Talışxanov telefonlarını söndürüb və artıq heç kimlə kontakta girmir.

Geri qayıt