Əsas Səhifə > Partiya, Güney Press > Əli İnsanov Rəsul Quliyevin yolunu gedir

Əli İnsanov Rəsul Quliyevin yolunu gedir


27-11-2019, 08:53
Əli İnsanov Rəsul Quliyevin yolunu gedir
Sabiq səhiyyə naziri Əli İnsanovun yaratdığı Haqq Ədalət Partiyası (HƏP) ətrafında gedən müzakirələr səngimir, əksinə, güclənir. İnsanovun bu partiya ilə uğur qazanıb-qazanmayacağı, ətrafına gücü elektorat yığıb-yığmayacağı əsas müzakirələr sırasındadır.

Müxalifətdən, yaxud vaxtilə təmsil olunduğu hakim komandadan ona yönəlik qopmaların olub-olmayacağı müzakirə edilir. Həmçinin sabiq nazir 1998-ci ildə bir proses başladan, Amerikada yaşayan sabiq spiker Rəsul Quliyevlə müqayisə olunur. 21 il öncə bir neçə deputat, həmçinin iri ranqlı məmurlar R.Quliyevin çağırışına cavab vermişdilər.

"İndi necə olacaq" sualı hər kəsin beynində dolaşır.

Vəhdət Partiyasının sədri, deputat Tahir Kərimli sabiq nazirin uğur qazanacağına inanmır: “Əli İnsanov Azərbaycan vətəndaşıdır. O, vətəndaş kimi, digər vətəndaşlarla birlikdə hər hansı bir siyasi partiya qura bilər. Qanunvericilik nöqteyi-nəzərindən ona irad tutmaq olmaz. Lakin bu istiqamətdə cəmiyyət arasında siyasi və mənəvi paralellərin aparılmasını doğru hesab edirəm. İnsanov partiyasının adını Haqq Ədalət qoyub və deyir ki, haqq-ədalət bərpa olunsun. Sual olunur: əgər Əli İnsanov nazir işləməkdə davam etsəydi, bu sözləri deyərdimi, yaxud müxalifət mövqeyi sərgiləyərdimi? Təbii ki, yox. Bir sözü də deyim ki, müxalifət onunla birlikdə bir dəyirmi masa keçirdi və bunun özü müxalifətə daha ağır zərbə vurdu. Bizim müşahidələrimiz, məlumatlarımız bundan ibarət oldu. Əli İnsanovun elan etdiyi partiyanın yaradılması ilə bağlı təşəbbüs qrupunda İsfəndiyar Vahabzadədən başqa tanınan sima yoxdur. İnsanov bu hakimiyyətdən gedənləri, yaxud narazı qalanları öz ətrafına cəlb etmək istəyir. Hətta gələcək üçün nəzərdə tutur ki, iqtidardan qopmalar olsa, onları da ətrafına cəmləsin, onları da öz tərəfinə çəkə bilsin. Açığı, indidən demək çətindir ki, onun yaratdığı partiya gələcəkdə Ədliyyə Nazirliyindən qeydiyyatdan keçəcək ya yox. Buna şübhəm də var. Onun müxalifətlə birliyinin də alınacağına inanmıram. Ənənəvi müxalifət deyilən qüvvələr ideologiyalarını daha çox müsavatçılıq üzərində qurublar.

Tahir Kərimli: “O, istəyinə nail ola bilməyəcək”

Əli İnsanovla onların ortaqlığı nə ola bilər ki? İdeoloji birlik olmayan istənilən birlik mənfi nəticələr verir. İnsanovla bağlı haqlı olaraq, onunla Rəsul Quliyevin oxşarlığı aparılır. Rəsul da o zaman müxalifəti öz tərəfinə çəkmək, ağsaqqallılıq istəyirdi, eyni zamanda hakimiyyətdən narazıları ətrafına cəmləmək niyyətində idi. Onu unutmaq olmaz ki, o zaman Rəsul gənc, enerjili, istəkli idi, dövlətdə yüksək postda təmsil olunurdu. Çox səxavətli idi. Bu nöqteyi-nəzərdən ona inam yaranmışdı. Həm də Rəsul Quliyev müxalifət partiyası olan ADP-nin başına keçmişdi. O, daha çox adamları özünə inandırmışdı, nəinki ƏIi İnsanov. İnsanov uzun müddət həbsdə yatdı, ona yazığı gələnlər oldu. Amma o, belə insanları da məyus etdi. Onun siyasi fəaliyyətində müvəffəqiyyət görmürəm. Nə qədər ki, bu hakimiyyət möhkəmdir, o, istəyinə nail ola bilməyəcək. Adətən bu hakimiyyətdən qovulanlar müxalif olurlar. Onların hər hansı bir siyasi hərəkata qoşulması, Əli İnsanov ətrafında birləşmələri daha çox diqqət çəkər”.

Pənah Hüseyn: “Buna şərh verməyi doğru saymıram”

AXP sədri, sabiq baş nazir Pənah Hüseyn: “Hər kəsin partiya yaratmaq konstitusion hüququdur. Eyni zamanda siyasi və qeyri-siyasi təşkilatlarda birləşmək hüququ da var. Ona görə də, məncə, bu hadisəyə də o hüquq çərçivəsində baxmaq lazımdır. Azərbaycanın bir qrup vətəndaşı toplaşıb, siyasi partiya təsis etdiklərini elan ediblər. İndiki məqamda buna şərh verməyi doğru saymıram. Müxalifətdən Əli İnsanov tərəfə keçmələrin olub-olmayacağını zaman göstərəcək. Onun Rəsul Quliyevlə müqayisə olunmasına gəlincə, deyə bilərəm ki, 1998-ci ildəki situasiya ilə indiki situasiya tamam fərqlənir. Təbii ki, oxşarlıqlar tapmaq olar. Amma məncə, bunlar ikinci dərəcəli məsələlərdir”.

Elşad Musayev: “Onların kiməsə qoşulması ağılabatan deyil”

Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev zamanın hər şeyi göstərəcəyini söylədi: “Bir partiyanın yaranacağı ilə bağlı yalnız bəyanat verilib. Sonrasının necə olacağını zaman göstərəcək. Hansısa ciddi qopmaların olacağını gözləmək üçün əsaslar olmalıdır. Belə əsaslar yoxdur, çünki üzdə olanların əksəriyyəti mövqeyini bəlli edib. Rəsul Quliyevin 1998-ci ildə apardığı proseslə Əli İnsanovun 2019-cu ildə apardığı prosesin heç bir uyğunluğu yoxdur. Zaman, şərait, şərtlər, siyasi vəziyyət, qüvvələr nisbəti və s. fərqlidir. Hakimiyyətdən kənarlaşdırılan qüvvələr isə əsasən öz varidatlarını qorumağa çalışırlar. Onlardan açıq müxalifətçilik gözləmək sadəlövhlük olardı. Bu baxımdan onların kiməsə qoşulması ağılabatan deyil”.
“Yeni Müsavat”

Geri qayıt