Əsas Səhifə > Partiya, Güney Press > "Azərbaycanda müxalifətin mitinq taktikasını səhv sayıram"

"Azərbaycanda müxalifətin mitinq taktikasını səhv sayıram"


23-11-2019, 09:06
"Azərbaycanda müxalifətin mitinq taktikasını səhv sayıram"
Son iki ayda müxalifət partiyaları piket və aksiyalar keçirsə də, axır həftələrdə hər hansı mitinq, nümayiş olmayıb.

Təhlilçilərin fikrincə, cəmiyyətdən sosial sifariş yoxdur, bəzi şərhçilər ölkədə gedən kadr islahatları ilə bunu əlaqələndirir. Yalnız oktyabr və noyabrın əvvəlində fəallıq müşahidə olunmuşdu.

Milli Şuraya əvvəlcə Lökbatanda mitinq keçirməyə yer ayrılsa da, imtina edərək oktyabrın 8-də Bakı Şəhər İcra Hakimiyyəti qarşısında sanksiyalaşdırılmış piket keçirmişdi.

Ardınca 19 oktyabrda şəhərin mərkəzində razılaşdırılmamış aksiya təşkil olunmuşdu. Eyni zamanda Müsavat Partiyasına mitinq üçün Lökbatanda yer ayrılsa da, noyabrın 12-də razılaşdırılmamış piket keçirmişdilər. Bu piket də uğurlu alınmamışdı.

Bu günlərdə isə ADR Hərəkatı noyabrın 19-na piket təyin etdiyini açıqlamışdı, sadəcə, hər hansı hərəkətlilik olmadı.

Azərbaycan Xalq Hərəkatının da noyabrın 30-na mitinq təyin etdiyi xəbəri yayılsa da, AXH-nin qurultaya hazırlıq üzrə təşkilat komitəsinin sədri, ALDP rəhbəri Fuad Əliyev “Yeni Müsavat”a mitinq xəbərini təkzib edib. Onun sözlərinə görə, AXH qurultaya hazırlaşır. Göründüyü kimi, faktiki olaraq, son vaxtlar müxalif təşkilatlar aksiyalar, piketlər təşkil etmirlər.

ADP sədri Sərdar Cəlaloğlu “Yeni Müsavat”a açıqlamasında aksiyaların olmamasını cəmiyyətdən sosial sifariş gəlməməsi ilə əlaqələndirmədi. Onun fikrincə, bundan qabaq keçirilən aksiyalar da sosial sifariş deyildi: “Sadəcə, subyektiv fikirlərdən, qrup maraqları baxımdan arada belə addımlar atırlar. Əgər milli tələbat olsaydı, fərqli mənzərə ilə qarşılaşardıq. Necə ki, İraqa, İrana, eləcə də Fransaya baxın. Görün, orada xalqlar necə çıxış edir. Azərbaycanda müxalifətin mitinq taktikasını isə səhv sayıram. Çünki bu aksiyalar fərdi maraqlara xidmət edir və demokratiyanın inkişafına kömək etmir”.

S.Cəlaloğlu hesab edir ki, həmin aksiyalar partiya liderlərinin maraqlarına uyğun idi: “Bu aksiyalar cəmiyyəti fəallaşdırmır, təşkilatlandırmır, ümumxalq cəbhəsini gücləndirmir.

Əksinə, bu cür aksiyalardan sonra qarşılıqlı ittihamlar başlanır, qısqanclıqlar yaranır, “ara qarışır, məzhəb itir”. Yəni demokratiya elə bir dəyərdir ki, özünə yamaq götürmür".

ADP sədri son iki ayda keçirilən piket və aksiyalardan partiya sədrlərinin hansı divident götürdüklərini açıqladı: “Qoy cəmiyyət görsün ki, məsələn, yeganə lider və təşkilat Milli Şuradır, hamısı satqındır. Bu aksiyalarda qabağa düşmək, fürsətcillik cəhdləri də var. Yəni, müxalifətin bu aksiyaları demokratiyaya xidmət etmir”.

Qulamhüseyn Əlibəyli: “Mitinqlər yeganə siyasi mübarizə yolu deyil”

Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli hesab etmir ki, son aksiyalar sosial sifarişdir: “Təbii ki, cəmiyyətdə narazılıq çoxdur. Lakin keçirilən aksiyalar siyasi qüvvələr tərəfindən təşkil olunmuşdu, onların öz siyasətini göstərməyin bir formasıdır.

İndi bu aksiyaların hansı nəticələr verdiyini söyləmək çətindir. Lakin mitinqlər, nümayişlər yeganə siyasi mübarizə yolu deyil".

Partiya sədri hesab edir ki, mübarizənin müxtəlif yolları mövcuddur: “Bu aksiyalar fərqli düşüncənin formasıdır. Sərbəst toplaşma həmişə aktualdır. Amma yeganə siyasi mübarizə yolu kimi qiymətləndirməyi yanlış sayıram”.

Geri qayıt