Əsas Səhifə > Partiya, Güney Press > "İndiki halda prezidentin vəziyyəti mürəkkəbləşdirərək bu addımı atacağı az inandırıcı görünür"

"İndiki halda prezidentin vəziyyəti mürəkkəbləşdirərək bu addımı atacağı az inandırıcı görünür"


21-11-2019, 08:34
"İndiki halda prezidentin vəziyyəti mürəkkəbləşdirərək bu addımı atacağı az inandırıcı görünür"
Son prezident seçkilərindən sonra bəzi siyasilər cari ilin sonunadək ölkədə növbədənkənar parlament seçkilərinin keçiriləcəyi iddiaları ilə çıxış edirdilər. Bu iddiaları reallaşmayanlar indi də gələn ilin yazında növbədənkənar seçkilər olacağından danışmağa başlayıblar.

Bu barədə “Yeni Müsavat”a açıqlamasında AMİP-in sədr əvəzi Arzuxan Əlizadə bildirib. O qeyd etdi ki, hətta biriləri 2019-cu ilin axırlarınadək seçkilərin keçirilməyəcəyi təqdirdə siyasətdən gedəcəyini bəyan edərək “Yeni Müsavat”ın canlı efirində mərc gəlməyə də qalxmışdı. Ancaq həmin siyasətçi mərci uduzsa da siyasətdən getmək vədini yerinə yetirmədi: “Mərci uduzanın siyasət meydanını tərk edib-etməyəcəyini özü və izləyiciləri bilsin, amma hesab edirəm ki, hər kəs dediyi sözün fərqində olmalıdır, ələlxüsus da siyasi fəaliyyətlə məşğul olan şəxslər bu və ya digər məsələ ilə əlaqədar proqnoz verməyə qalxırlarsa ən azından hüquqa və fakta əsaslansalar daha doğru olar. Mən gələn il keçirilməsi nəzərdə tutulan parlament seçkilərinin yazda və ya payızda baş tutacağı iddiası ilə çıxış etməkdən uzağam. Sadəcə, seçki qanunvericiliyi ilə əlaqədar bir sıra müddəalara diqqət yetirməyi vacib hesab edirəm. Bildiyimiz kimi, 26 sentyabr 2016-cı il referendumu ilə Azərbaycan Konstitusiyasına edilmiş son düzəlişlərə əsasən prezident 7 il müddətinə seçilir. Son prezident seçkilərinin 2018-ci ildə keçirildiyini nəzərə alsaq, növbəti prezident seçkiləri 2025-ci ildə keçiriləcək. Seçki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən prezidentin konstitusiya ilə müəyyən olunmuş səlahiyyət müddətinin başa çatdığı son ilin oktyabr ayının üçüncü həftəsinin çərşənbə günü prezident seçkiləri günü hesab edilir. Bu xüsusda növbəti prezident seçkilərinin 15 oktyabr 2025-ci ildə keçiriləcəyini demək olar. Parlament seçkilərinə gəlincə, konstitusiyanın 84-cü maddəsinə əsasən Milli Məclisin hər çağırışının seçkiləri hər 5 ildən bir noyabr ayının birinci bazar günü keçirilir. Deməli, konstitusiyaya müvafiq olaraq növbəti parlament seçkiləri 1 noyabr 2020-ci il tarixində, beş il sonrakı parlament seçkiləri isə 2 noyabr 2025-ci ildə keçirilməlidir. Beləliklə, qüvvədə olan qanunvericilik 2025-ci ildə prezident və parlament seçkilərinin 2 həftə fərqlə keçiriləcəyini nəzərdə tutur ki, bu da faktiki olaraq seçkilərin toqquşması deməkdir. Seçki Məcəlləsinin 2.4-cü maddəsinin Milli Məclis deputatlarının seçkiləri və prezident seçkisinin eyni gündə keçirilməsini istisna etdiyini də nəzərə alsaq, bu iki seçkidən birinin vaxtının dəyişdiriləcəyini yəqin etmək olar”.

A.Əlizadə onu da dedi ki, bu zaman bir detala diqqət yetirməmək olmur. Milli Məclisə seçkilərin keçirilmə günü ilə bağlı müddəa konstitusiyada nəzərdə tutulduğu halda, prezident seçkilərinin keçirilmə gününü müəyyən edən müddəa Seçki Məcəlləsi ilə təsbit olunmuşdur: “Göründüyü kimi, parlament seçkilərinin vaxtından əvvəl keçirilməsi üçün ilk növbədə qanunvericilikdə müvafiq düzəlişlər edilməsinə ehtiyac yaranır. Həmçinin konstitusion müddəa olduğu səbəbindən parlament seçkilərinin konstitusiya ilə müəyyən edilmiş konkret gündən fərqli zamanda keçirilməsi üçün konstitusiya düzəlişlərini özündə ehtiva edən ümumxalq səsverməsi - referendum keçirilməlidir. Doğrudur, konstitusiyanın 98-ci maddəsi bir sıra konkret hallar səbəbi ilə prezidentin Milli Məclisi vaxtından əvvəl buraxmaq səlahiyyətini tanısa da, indiki halda prezidentin vəziyyəti mürəkkəbləşdirərək bu addımı atacağı az inandırıcı görünür. Bu səbəbdən də növbəti parlament seçkilərinin öz vaxtında keçiriləcəyi, daha çox 2025-ci il prezident seçkilərinin vaxtının dəyişdiriləcəyi qənaətindəyəm”.

Həmsöhbətimiz onu da qeyd etdi ki, müxalifət düşərgəsi yekcins deyil. Həmişəki kimi, mövcud iqtidara, eləcə də, ümumiyyətlə, seçkilərdə iştiraka fərqli yanaşmalar var. Seçkilər yaxınlaşdıqca münasibətlər daha aydın görünəcək: “Heç şübhəsiz ki, daha yaxın siyasi xətt yürüdən partiyaların seçkidə bloklar şəklində iştirakının da şahidi olacağıq. İstənilən halda hesab edirəm ki, müxalif düşərgədə mövcud olan sağlam və konstruktiv qüvvələrin bir araya gəlməsi ümumi iş üçün faydalı olardı”.

Geri qayıt