Əsas Səhifə > Partiya, Güney Press > Yeni Azərbaycan Partiyası 27 yaşına çatdı

Yeni Azərbaycan Partiyası 27 yaşına çatdı


21-11-2019, 08:32
Yeni Azərbaycan Partiyası 27 yaşına çatdı
Bu gün hakim Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasından 27 il ötür.
Modern.az-ın məlumatına görə, 1992-ci il noyabrın 21-də görkəmli siyasi xadim Heydər Əliyevin sədrliyi ilə Yeni Azərbaycan Partiyasının Azərbaycanın bütün regionlarından seçilmiş nümayəndələrin təmsil olunduğu təsis konfransı keçirilib.

Yeni Azərbaycan Partiyası 1992-ci il dekabrın 18-də Ədliyyə Nazirliyində qeydiyyata alınıb və Azərbaycanın bütün rayonlarında qısa müddətdə rayon təşkilatları və özəkləri yaradılıb.

YAP-ın təsis konfransında qəbul etdiyi Proqram və Nizamnamə partiyanın 1999-cu il dekabrın 20-21-də keçirilən I Qurultayında geniş şəkildə müzakirə edilərək, təsdiq olunub. YAP-ın Proqram və Nizamnaməsinə uyğun olaraq, təşkilatın strateji xətti təsbit edilib, Azərbaycanın dövlət müstəqilliyinin qorunması və möhkəmləndirilməsi, onun müasir beynəlxalq sistemdə layiqli yer tutması, ölkəmizdə hüquqi dövlət quruculuğu istiqamətində əsas məqsəd və vəzifələr müəyyənləşdirilib.

1995-ci il noyabrın 12-də keçirilən parlament seçkilərində Milli Məclisə seçilən deputatların əksəriyyəti Yeni Azərbaycan Partiyasının üzvləri olduğundan YAP iqtidar partiyasına çevrilib.

2001-ci il noyabrın 21-də keçirilən II Qurultayda İlham əliyev YAP sədri seçilib.

2005 ildə III, 2008-ci ildə IV qurultaylar da İlham Əliyevi YAP sədri seçib.

Yeni Azərbaycan Partiyasının 2013-cü il iyunun 7-də keçirilən V Qurultayında ölkə başçısı İlham Əliyev yenidən YAP sədri seçilib. Bundan əlavə, Qurultayda sədrin dörd müavini, 90 nəfər Siyasi Şura, 21 nəfər İdarə Heyəti və 15 nəfər Nəzarət Təftiş Komissiyasının yeni heyəti müəyyənləşib.

YAP 23 dekabr 2014-cü ildə bələdiyyə seçkilərində, 1 noyabr 2015-ci ildə isə parlament seçkilərində qalib gəlib.

YAP-dan verilən məlumata görə, bu gün partiya öz sıralarında 740 mindən artıq Azərbaycan vətəndaşını birləşdirir.

Geri qayıt