Əsas Səhifə > Partiya, Güney Press > "Rəsul Quliyev vaxtilə bizdə sədr olanda özünə müşavirlər də təyin etdi"

"Rəsul Quliyev vaxtilə bizdə sədr olanda özünə müşavirlər də təyin etdi"


8-11-2019, 08:19
"Rəsul Quliyev vaxtilə bizdə sədr olanda özünə müşavirlər də təyin etdi"
Müsavat başqanı Arif Hacılı özünə nə az, nə də çox, 14 müşavir təyin edib. A.Hacılının sərəncamı bir çox məsələləri gündəmə gətirməklə yanaşı, müxtəlif müzakirələrə səbəb olub. Sosial şəbəkələrdə bu qərarı lağa qoyanlar da az deyil.

Belə ehtimallar var ki, Müsavatın son qurultayından sonra daxildə narazılıqlar yaranıb və başqan bunu önləmək üçün bir nəfəsə 14 müşavir təyin edib.

Bununla bağlı “Yeni Müsavat”a danışan ADP sədri Sərdar Cəlaloğlu müşavirlərinin olmadığını söylədi: “Partiyanın nizamnaməsi ilə müavinlər idarə heyətinin üzvləridir. Partiyamızın nizamnaməsində müşavir nəzərdə tutulub. Müşavirlər əmrlə nəzərdə tutulur. Müsavatın əsasnaməsini bilmirəm. Bununla heç maraqlanmıram. Yəqin ki, nizamnaməyə əsasən Arif Hacılı müşavirlər təyin edib. Müavinlər onsuz da işlərini görürlər. Bu baxımdan müşavirə ehtiyacım yoxdur. Demokratiya tələb edir ki, idarəetmə aparatı yığcam, çevik olsun. Pillələr olmamalıdır. Nə qədər pillələr varsa, demokratiya bir o qədər zəif olur. Mümkün qədər idarə edənlə idarə olunan arasında təmas məsafəsi qısa olmalıdır. Mənim müavinim, müşavirim var, yaxud müşavirimin, müavinimin köməkçisi var. Nə mənası var? Tutaq ki, mənə çıxmaq üçün 20 mərhələ keçməlidir. Bu, demokratiyanın pozulması olmasa da, demokratiyaya xas olmayan bir məsələdir. İdarəetmə nə qədər çevik olsa, mərhələlər nə qədər qısa olsa, idarə edənlə idarəolunan arasında ünsiyyət imkanı o qədər geniş olar. Müsavatın nəyə görə belə etdiyini özləri yaxşı bilərlər. Uzun illərdir onlarla heç bir təmasım yoxdur. Rəsul Quliyev vaxtilə bizdə sədr olanda özünə müşavirlər də təyin etdi. O zaman nizamnaməyə dəyişiklik etdik. Düzdür, sonradan müşavirlik institutu özünü doğrultmadı. Müşavirlər bir şəxsin göstərişləri ilə idarə olunurlar. Düşünürəm ki, siyasi partiyalarda müşavirlik institutuna ehtiyac yoxdur. Prezidentin belə müşaviri yoxdursa, o zaman siyasi partiya liderlərinin müşavirlərə nə ehtiyacı var?”

ADP sədri A.Hacılının hansı zərurətdən bu sayda özünə müşavir təyin etməsi barədə bəzi ehtimallarını səsləndirdi: “Nə qədər vəzifə varsa, bir o qədər iddialı insanları sakitləşdirmək asan olur. İddialı adamların sayı çox olanda adətən rəqabət kəskin olur. Rəqabətin aradan götürülməsinin bir yolu da imkanları genişləndirməkdir. Məsələn, müşavirlik institutu yaradırsan, 50 nəfəri müavin, Məclis üzvü olmaq yarışından çıxarırsan. Beləliklə də rəqabəti neytrallaşdırırsan. Düşünürəm ki, 14 müşavir müavin olmaq istəyi olan insanlar ola bilər. Görünür, orada rəhbərliyə düşmək istəyənlərin sayı çoxdur. Bunun başqa cür izahı yoxdur. Çünki düşünmürəm ki, Müsavat Partiyası hərtərəfli, geniş, böyük bir sosial bazaya malikdir. 14 müşavir təyinatını bununla əlaqələndirmək mümkün deyil. Olan rəqabəti azaltmaq üçün bu sayda müşavirlərin təyin olunması versiyasi daha güclüdür. Bu da narazılığı aradan qaldırmağın bir metodudur”.

S.Cəlaloğlu Müsavat başqanının özünü güclü göstərmək, digər partiyalara mesaj vermək üçün də özünə 14 müşavir təyin etdiyi barədə ehtimallara toxundu: “Kiminsə özünü böyük hesab etməsi normaldır. Amma kiməsə mesaj ünvanlamağın heç bir mənası yoxdur. Hər kəs fəaliyyəti ilə tanınır. Elə partiya ola bilər ki, 3-4 nəfərdən ibarət olsun. Eləcə də bunun əksi ola bilər. Məsələn, Kommunist Partiyası 9 nəfərlə təsis olunmuşdu və sonradan üzvlərinin sayı 17 milyona çatmışdı. Müsavat Partiyasının özünün əsasını 3 nəfər qoyub. Yəni insanların sayı ilə görülən işlər arasında əlaqə yoxdur. Fəaliyyət düzgün qurulacaqsa, bunu az adamla da qurmaq olar. Bu günləri Tramp dünyanı idarə edir. Onun müşavirlərinin sayı Arif Hacılının müşavirlərinin sayından azdır. Görünür, Müsavatda narazılar var. Onların partiyadan gedişlərinin qarşısını almaq, rəhbərlikdə təmsil olunmaq istəklərinə mane olmamaq üçün Arif bəy bu addımı ata bilər. 14 müşavirə partiyada ehtiyac yoxdur. Çünki partiyanın heç 14 funksiyası yoxdur. Bu baxımdan o müşavirlərin çoxunun heç fəaliyyət sahəsi olmayacaq”.

Geri qayıt