Əsas Səhifə > Partiya, Güney Press > “Bunu nə üçün etmirlər, bilmirəm...”

“Bunu nə üçün etmirlər, bilmirəm...”


2-11-2019, 09:19
 “Bunu nə üçün etmirlər, bilmirəm...”
Qarabağ məsələsində təbliğat işinin önəmi böyükdür. Məlumdur ki, xaricə mühacirətə yollanan çoxsaylı müxalifətçilər bütün Avropa ölkələrinə yayılıblar. Eyni zamanda ölkə müxalifətinin liderlərindən sayılan bəzi siyasətçilər xaricdə yaşayırlar. Misal olaraq, hazırda ABŞ-da yaşayan sabiq spiker Rəsul Quliyevi və bir müddət öncə bu ölkəyə yollanan Milli Şura sədri Cəmil Həsənlini göstərə bilərik. Bu tipli nümunələr çoxdur.

O zaman sual ortaya çıxır ki, Azərbaycan müxalifəti xaricdə Qarabağla bağlı niyə dinləmələr keçirmir?

Eyni iradı xaricdə yaşayan digər azərbaycanlılara da aid edə bilərik. Amerika başda olmaqla, Avropa ölkələrində çoxlu sayda soydaşımız var. Lakin onların işğal altında olan ərazilərimizlə bağlı nəinki dinləmələr keçirdiklərini görmüşük, hətta bir səfirliyin, yaxud nüfuzlu beynəlxalq qurumun binasının qarşısında etiraz aksiyası təşkil etdiklərinin belə şahidi olmamışıq. Demokratiya, insan haqları məsələlərindən dəm vurub xarici ölkələrdəki səfirliklərimizin, nüfuzlu beynəlxalq qurumların qarşısına toplaşanlar nədənsə Qarabağ məsələsində susurlar. Doğrudur, Azərbaycan hökuməti xaricdə Dağlıq Qarabağla bağlı çoxsaylı tədbirlər keçirir, beynəlxalq aləmi bu münaqişə ilə tanış edir. Eyni zamanda ölkə daxilində fəaliyyət göstərən bir sıra təşkilatlar tez-tez xarici ölkələrə səfərlər təşkil edir, Qarabağ məsələsini beynəlxalq miqyasda daha yaxşı tanıtmaq üçün işlər görürlər.
Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı çox vacib mövzunu gündəmə gətirdiyimizi qeyd etdi: “Bu, çatışmayan cəhətlərimizdən biridir və bizi həmişə narahat edib. Xaricdə düzgün ictimai rəyin formalaşdırılmasının həlledici əhəmiyyəti var. Ermənilər bu gün dünyada belə bir rəy yarada biliblər ki, Qarabağ deyəndə ancaq erməniləri düşünürlər. Özü də Dağlıq Qarabağ yox, bütövlükdə Qarabağ adı ilə ermənini eyniləşdiriblər, beynəlxalq ictimai rəy Qarabağı ermənilərlə assosiasiya edir. Bu, ermənilərin apardıqları yalan və saxta təbliğatın nəticəsi olaraq ortaya gəlib. Xarici ölkə vətəndaşları fərqinə varmır və ya bilmirlər ki, Qarabağın 2 milyon əhalisi var. Bunun çox cüzi bir hissəsi, hətta statistikaya gəlməyəcək dərəcədə az bir hissəsi erməni, qalanları azərbaycanlıdır. Dağlıq Qarabağın özündə 1989-cu ilin rəsmi statiskasına görə, 189 min əhali yaşayırdı, onun 140 mini erməni, 40 mini azərbaycanlı idi. Burada da ermənilər o vaxt saxtakarlığa yol vermişdi. Əslində ermənilərin sayı ilə bağlı rəqəm şişirdilmişdi, çoxdan orada yaşamayan ermənilər qeydiyyatda saxlanılmışdı, oraya iş üçün göndərilən və ya yeni doğulan azərbaycanlıların isə xeyli hissəsi qeydiyyata alınmırdı. Bunlar bir yana, hətta bu rəqəmlərlə də deməliyik ki, Qağlıq Qarabağ təkcə erməni demək deyil. Orada o vaxt 40 mindən artıq azərbaycanlı yaşayırdı və bu gün onların sayı 80 min nəfərdən çoxdur. Deməli, Dağlıq Qarabağ deyəndə birinci növbədə oradan zorla çıxarılmış azərbaycanlıların haqqı tanınmalıdır. Ermənilərin orada indiki sayı ilə bağlı demək istəyirəm ki, ermənilər yenə də saxtalaşdırmaya əl atırlar. Onların verdikləri rəsmi statistikaya görə, guya 140 min nəfərdirlər. Amma oraya səfər edən beynəlxalq missiyaların rəyinə görə, 50 mindən artıq erməni yaşamır. Bugünlərdə BBC-yə verdiyi müsahibəsində Ermənistanın xarici işlər naziri Z. Mnatsakanyan hətta özlərinin dedikləri rəqəmi də saxtalaşdırıb. Bildirib ki, orada guya 150 min erməni yaşayır. Bunun üzərində ona görə bir qədər geniş dayandım ki, ermənilərin yaratdıqları yalan mənzərəyə dair təsəvvür olsun”.

QAT sədri hər kəsi iş görməyə çağırdı: “Bu mənzərəni dəyişmək, obyektiv təsəvvürü bərpa etmək üçün hər kəs, hər qurum çalışmalıdır. Müxalifət partiyaları da bu sahədə üzərlərinə düşən işi görməli, həm məlumatların yayılması, həm də aksiyaların keçirilməsində fəal olmalıdırlar. Bunu nə üçün etmirlər, bilmirəm. Ya hesab edirlər ki, bunun onlara aidiyyəti yoxdur, ya da özlərinə əziyyət vermək istəmirlər. Hər iki halda haqlı deyillər. Biz QAT olaraq bu yöndə fəaliyyətə xüsusi önəm veririk. Bu məqsədlə 2015-ci ildə bizim təşəbbüsümüzlə Beynəlxalq Qarabağ Forumu yaradıldı. Forumun məqsədi Qarabağ həqiqətlərinin təbliği, o cümlədən aksiyaların keçirilməsi üçün beynəlxalq QHT şəbəkəsinin yaradılmasıdır. Hazırda foruma Azərbaycanla yanaşı, Türkiyə, İran, Gürcüstan, Rusiya və Avropadan nüfuzlu təşkilatlar daxildir. Mütəmadi olaraq bu işlərin görülməsi üçün Türkiyə, İran, Gürcüstan, Rusiya və Avropaya səfərlər edirik. Ötən ay son səfərimizi sizin də həmkarınız Elşad Paşasoyun iştirakı ilə Rusiyaya etdik. Yeri gəlmişkən, ”Yeni Müsavat “ qəzetinə, musavat.com saytının rəhbərliyinə, dəyərli Rauf bəyə, bütün əməkdaşlarınıza, məxsusi olaraq Elşad bəyə bu işdə bizə hərtərəfli informasiya dəstəyi verdiklərinə görə təşəkkür edirik. Rusiya səfərində bir daha əmin olduq ki, bu işlərin aparılması çox vacibdir. Orada dəfələrlə bildirdik ki, Qarabağın azadlığı bütün dünyada yaşayan soydaşlarımızın vahid iradəsindən keçir. Qarabağın azadlığı ideyası bütün dünyadakı soydaşlarımızı birləşdirən vahid milli ideyadır. Bu ideya ətrafında işlərimizi davam etdirməliyik. Şükürlər olsun ki, Azərbaycanda, Avropada, Rusiyada, digər ölkələrdə, yerlərdə bu ideyanın vacibliyini dərk edən kifayət qədər dostlarımız var və onlarla birlikdə hökmən nəticəyə, Qarabağın işğaldan azad olunmasına nail olacağıq”.
“Yeni Müsavat”

Geri qayıt