Əsas Səhifə > Partiya, Güney Press > “Bizdə çətin ki, İmamoğlu çıxsın”

“Bizdə çətin ki, İmamoğlu çıxsın”


26-10-2019, 09:43
 “Bizdə çətin ki, İmamoğlu çıxsın”
Azərbaycanda bələdiyyə seçkiləri heç vaxt Türkiyədə olduğu kimi coşqulu, həyəcanla, siyasi partiyalar arasında ölüm-dirim mübarizəsi kimi keçməyib. Hətta cəmiyyətin apolitik təbəqəsi bu seçkilərin nə zaman olacağından bixəbərdir. Çünki prezident və parlament seçkilərindən fərqli olaraq, bələdiyyə seçkilərinə maraq olmayıb.

Siyasətçilər bunu bələdiyyələrin səlahiyyətlərinin məhdud olması ilə əlaqələndirirlər. Hazırda bələdiyyələr icra hakimiyyətlərinin az qala filialı statusunu daşıyırlar.

Bu baxımdan dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərinə təxminən iki ay qalsa da, hər hansı dinamizm müşahidə olunmur. Hərçənd Türkiyədə bələdiyyə seçkilərinin nəticələrini azərbaycanlılar entuziazmla izləyirdilər.

CHP-dən Əkrəm İmamoğlunun İstanbulun bələdiyyə başqanı seçilməsi Azərbaycanda ona simpatiyası olanlar tərəfindən bayram edilirdi.

Lakin bizim niyə İmamoğlumuz yoxdur və niyə də olmasın? Hansı səbəblər ölkənin bələdiyyə seçkilərini əhəmiyyətsizləşdirib?

ADP sədri Sərdar Cəlaloğlu sualımızı cavablandırarkən “Yeni Müsavat”a bildirdi ki, Azərbaycanın İmamoğlusunun olması üçün ilk növbədə bələdiyyələrin səlahiyyətləri genişləndirilməlidir.

Onun sözlərinə görə, partiyanın bələdiyyə seçkisində iştirak qərarı olmasa da, üzvlərinə fərdi şəkildə qoşulmaq sərbəstliyi verilib.

ADP sədri hesab edir ki, icra hakimiyyətləri ləğv edilərək səlahiyyətləri bələdiyyəyə verilməlidir. Onun fikrincə, bu gün bələdiyyələrin heç bir səlahiyyəti yoxdur: “İnanmıram ki, bu bələdiyyə seçkilərindən sonra da nəsə dəyişsin. İlk növbədə köklü islahat aparılmalıdır, kompleks tədbirlər görülməlidir. Ona görə də bu seçkidə də büdcədən boş yerə pul xərclənəcək”.

Ümid Partiyasının sədri İqbal Ağazadə isə qeyd etdi ki, oktyabrın 26-da Məclisin toplantısı olacaq və bələdiyyə seçkilərində iştirak edib-etməməklə bağlı müzakirə aparılacaq. İ.Ağazadə hesab edir ki, böyük şəhər bələdiyyələri yaradılmalıdır: “Bələdiyyələrin səlahiyyətləri genişlənməlidir. Bu gün bələdiyyələrin qəbiristanlıqda torpaq ayrılmasına sərəncam verməkdən başqa səlahiyyəti yoxdur. Bu, zarafat deyil, reallıqdır. Qarşıdakı seçkidən sonra dəyişiklik gözləmirəm. Bunun üçün referenduma gedilməlidir, struktur dəyişikliyi olmalıdır. Azərbaycanın Avropa Şurasının qarşısında böyük şəhər bələdiyyələri yaradılması ilə bağlı öhdəliyi var”.

AĞ Partiya başqanı Tural Abbaslı seçkilərdə iştirak etməyəcəklərini açıqladı. Onun dediyinə görə, bələdiyyələr səlahiyyətləri olmayan, icra hakimiyyətlərinin “5-ci təkəri” rolunu yerinə yetirən institutudur.

“Ona görə bu seçkiyə xüsusi hazırlaşmırıq. Amma boykot da etmirik. Çünki istənilən seçkidə boykota qarşıyıq. Odur ki, üzvlərimizə, əsasən gənclərə tövsiyyəmiz olub, kim istəsə seçki təcrübəsi toplamaq üçün qoşula bilər. Bu, bacarıqlarını formalaşdırmaq üçün faydalıır. Amma Azərbaycanda bələdiyyə institutu əhəmiyyətsizdir”, - deyə T.Abbaslı vurğuladı.

Partiya sədri hesab edir ki, Türkiyədə bələdiyyələrin siyasi həyatda çəkisi ilə Azərbaycandakı bələdiyyələr eyni deyil: “Onların böyük şəhərlərində mer seçkisi olur, bizdə isə olmur. Bu gün bələdiyyələr icra hakimiyyətlərində olan səlahiyyətlərin heç 10 faizinə malik deyil. O baxımdan Azərbaycandan Ərdoğanların, İmamoğluların çıxması çətin məsələdir. İki yol var: ya bələdiyyələr ləğv edilməlidir, büdcə artıq yükdən xilas olsun, ya da icralar ləğv edilib səlahiyyətləri bələdiyyələrə verilməlidir. İkincisi baş verərsə, o zaman bələdiyyə seçkisinə maraq artacaq, aktivliyi görəcəksiniz”.

REAL Partiyası isə dekabrda keçiriləcək bələdiyyə seçkilərində iştirak edəcək. Partiya sədri İlqar Məmmədov seçkidə iştirak etmələrinin məqsədini də açıqlayıb: “Seçkilərdə iştirak etməyimiz yerli idarəetmənin əslində necə qurulmalı olduğunu bütün xalqa danışmaq və gələn il keçiriləcək parlament seçkilərinə hazırlıq məqsədi daşıyır”.

Yeni Azərbaycan Partiyası (YAP) isə bələdiyyə seçkilərində iştirakla bağlı Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət edib. MSK-ya ünvanlanmış məktubda qeyd olunub ki, yerli özünüidarəetmə orqanlarına keçirilən seçkilər vətəndaşların demokratik proseslərdə iştirakı baxımından xüsusi əhəmiyyət kəsb edir. Qanunvericilikdə bələdiyyələr yerli idarəetmə orqanlarına söykənir. Lakin adi vətəndaşlar onları torpaq satan orqanlar kimi tanıyır, bəs əslində bələdiyyələrin funksiyaları nədir?

Konstitusiyada və bələdiyyələr haqqında qanunda da göstərilir ki, bələdiyyə elə bir qurumdur ki, o, hakimiyyətlə vətəndaşlar arasında yerli özünü idarə etməni tənzimləməli, yəni təmsil etdiyi əhalinin problemləri ilə maraqlanmalı, əhatə etdiyi ərazidə infrasturukturun qurulmasını təhsil, səhiyyə, rabitə müəssiəslərinin, park və yolların təmir-bərpasını vaxtlı-vaxtında təmin etməlidir. Hazırda ölkə üzrə 1718 bələdiyyə fəaliyyət göstərir.
“Yeni Müsavat”

Geri qayıt