Əsas Səhifə > Partiya, Güney Press > "Təklənmiş Əli Kərimlinin niyyəti bu teatrda tam aydınlaşdı"
"Təklənmiş Əli Kərimlinin niyyəti bu teatrda tam aydınlaşdı"23-10-2019, 09:43 |
“Əminəm ki, Əli Kərimlinin patronları oktyabrın 19-da təşkil olunan bu komediyaya görə dərin peşmançılıq keçiriblər. Az sayda başıpozuq, daha çox yaşlı kişi və qadınların, aldadılmış və pulla ələ alınmış, intelekti aşağı olan garagürühün iştirak etdiyi növbəti şou biabırçılıqla sona çatdı”. Bu sözləri Modern.az-a açıqlamasında “Ana Vətən” Partiyasının sədri, deputat Fəzail Ağamalı deyib. Onun sözlərinə görə, partiya sədrindən çox, social şəbəkədə bloger statusunu daşıyan Əli Kərimli siyasi dayaqlardan tam məhrumdur: “Hətta Tofiq Yaqublu istisna olunmaqla, Milli Şurada təmsil olunanlardan heç kəs onunla bərabər deyildilər. Təklənmiş Əli Kərimlinin niyyəti bu teatrda tam aydınlaşdı. Bəlli oldu ki, onun məqsədi əslində, bayraq etdiyi bir sıra sosial problemlərin həlli deyil, əsası olmayan şüarlarla bu və ya digər səbələrdən narazı olanların emosiyalarından yararlanıb, ölkədə xaos və anarxiya yaratmaq, kiçik səhnəcikləri tədricən kütləviləşdirib, xalqla dövlət arasında münasibətləri zədələmək, inamsızlıq və etimadsızlıq mühiti yaratmaq, vətəndaş qarşıdurmasını alovlandırmaq və dövlətçiliyimizə ağır zərbə vurub əldə etdiyimiz bütün uğurları yerlə-yeksan etməkdir. Bu anti-milli mahiyyət daşıyan ssenarini ona xaricdən anti-Azərbaycan qüvvələri ötürüblər”. F.Ağamalı hesab edir ki, Lökbatanda mitinq keçirməkdən imtina edib, şəhərin mərkəzində, çoxsaylı insanların görüntüsü hesabına xal qazanmağa çalışan Milli Şura və AXCP təmsilçilərinin niyyəti iflasa uğradı: “Güclənməkdə və beynəlxalq aləmdə nüfuzu getdikcə artmaqda olan Azərbaycanı zəiflətmək, onu idarə edilən ölkəyə çevirmək bir sıra dairələrin son on ildə həyata keçirdiyi başlıca strateji xəttdir. Ardıcıl xarakter daşıyan xarici təsir və təhdidlərlə onlar öz məqsədinə çata bilmirlər. Ölkə prezidentinin olduqca praqmatik, düşünülmüş, milli və dövlət maraqlarımıza töhfə verən, sistemli xarici siyasəti Azərbaycanı xarici təhlükələrdən ciddi şəkildə qorumaqdadır”. Azərbaycan Demokrat Partiyasının sədri, sözügedən mitinqdə iştirakdan imtina edən Sərdar Cəlaloğlu isə hesab edir ki, əhali hakimiyyətin siyasətinə qeyri-adi dərəcədə müqavimət göstərməyə hazır olduğunu mitinqdə sübut etdi: “Milli Şuranın mitinqinə xeyli müstəqil, bitərəf adam qatılmışdı. Üstəlik aydın görünürdü ki, onlar tamamilə kasıb, yoxsul insanlar deyil, kifayət qədər maddi təminatı olan şəxslər idi. Deməli, insanlar tək öz problemləri üçün deyil, bir-birlərinin problemləri ilə bağlı da düşünürlər”. S.Cəlaloğlu deyir ki, hakimiyyət düzgün addım atmadı: “Şəhərin mərkəzində bir məkanda mitinqə icazə verib, təşkilat komitəsi ilə məqsədlərdən kənara çıxmamağı razılaşdırmaq mümkün idi. Halbuki, hakimiyyət metrostansiyanı bağladı, ictimai nəqliyyatın hərəkətini dayandırdı, həmin ərazidə piyada hərəkətə icazə vermədi. Həmin ərazidə 30-40 min nəfərlik mitinq olacaqdısa, bir milyondan artıq insana diskomfort yaşatmaqla aksiya olacağını hiss etdirdilər. Mitinqi sakitləşdirmək üçün zorakılıq tətbiq etməklə isə Konstitusiyanın qanunları pozulur, ağır nəticələrə gətirib çıxara bilər”. Siyasətçi müxalifətin geniş alyansının yaradılmasını təklif edib: “Ümumiyyətlə, demokratik mübarizədə eqoistik maraqlarla çıxış etmək yolverilməzdir. Düşünürəm ki, mitinq öz məqsədinə çatdı. Hətta baş tutsaydı belə, bu qədər böyük reaksiya doğurmaya bilərdi”. Geri qayıt |