Əsas Səhifə > Partiya, Güney Press > "Radikal müxalifət qanunun aliliyini qəbul etmir"
"Radikal müxalifət qanunun aliliyini qəbul etmir"21-10-2019, 11:59 |
Milli Şuranın oktyabrın 19-da Bakı metrosunun “28 May” stansiyasının önündə keçirdiyi razılaşdırılmamış aksiya müzakirələrə səbəb olub. Bakı Şəhər İcra Hakimiyyəti mitinqin Lökbatan qəsəbəsi, 28 May küçəsi, “Neftçi” idman klubunun Qaradağ təlim-idman bazasında keçirilməsinə razılıq vermişdi. Lakin Milli Şura rəhbərliyi və onun tərəfdarları Bakı metrosunun “28 May” stansiyasının önündə qanunsuz aksiya keçirdi. Aksiyadan sonra Bakı Şəhər Baş Polis İdarəsi (BŞPİ) məlumat yaydı. Məlumatda bildirilirdi ki, aksiyanın təşkilatçıları oktyabrın 19-u saat 15:00-dan başlayaraq ümumi sayı təxminən 220 nəfərədək olan bir neçə qrupla müxtəlif istiqamətlərdən metronun “28 May” stansiyasının önündəki meydana daxil olmağa cəhd göstəriblər. Görülmüş tədbirlərlə hüquqazidd hərəkətlərin genişlənməsinin qarşısı alınıb, qanunsuz aksiyanın təşkilatçıları və fəal iştirakçıları da daxil olmaqla, 60 nəfər saxlanılıb. “Onlardan 18 nəfərin əməlləri ərazi polis qurumlarında müvafiq qaydada sənədləşdirilib. Toplanmış materiallar qanunla müəyyən edilmiş tədbirlərin görülməsi üçün məhkəmələrə göndəriləcək. İzahatları alınmış daha 42 nəfər, hüquqazidd hərəkətlərin yolverilməzliyi barədə rəsmi xəbərdarlıq edildikdən sonra buraxılıblar”, - deyə məlumatda qeyd olunub. Avropa İttifaqı isə bəyanatında qeyd edib ki, onlarla insan saxlanılıb. Lakin Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva Avropa İttifaqına cavab olaraq deyib ki, qanunsuz aksiya keçirən şəxslərin əksəriyyəti rəsmi xəbərdarlıq edildikdən sonra sərbəst buraxılıb. O qeyd edib ki, Azərbaycanda sərbəst toplaşmaq azadlığı təmin olunub. “Sərbəst toplaşmaq haqqında” qanunun 9-cu maddəsinin III hissəsinin 1-ci bəndinə əsasən, müvafiq ali hakimiyyət binalarının 200 metr radiusunda keçirildiyi təqdirdə, mitinqlər, nümayişlər, küçə yürüşləri qadağan oluna bilər. Qanunun 9-cu maddəsinin 3-cü hissəsinin 2-ci bəndinə əsasən, metropolitenin mühafizə zonalarında toplantıların keçirilməsi qadağan edilir. L.Abdullayevanın sözlərinə görə, polis qurumları tərəfindən qanunsuz aksiyanın qarşısı alınıb. XİN rəsmisinin fikrincə, polis kübar və mədəni davranış nümayiş etdirib, heç bir insan xəsarət almayıb. L.Abdullayeva Avropa İttifaqını Barselonada baş verən hadisələrə, dinc nümayişçilərə qarşı polis tərəfindən rezin güllələrdən istifadə olunması, mətbuat nümayəndələrinin döyülməsi, həddindən artıq şiddətdən istifadə olunması hallarına nəzər yetirməyə çağırıb: “Fransada aylar ərzində nümayişçilərə qarşı tətbiq olunan polis qəddarlığı bütün insani davranış normalarını aşıb. 11 nəfər öldürülüb, minlərlə insan xəsarət alıb. Gözlərini itirmiş, şikəst olmuş insanlar var. Təəssüf ki, bu kimi hallarda da ikili standartlar tətbiq edilir. Polisin mədəni davranışına xələl gətirilir. Avropa İttifaqı tərəfindən öz burnunun ucunda olan hadisələrə göz yumulur. Azərbaycanla bu dildə və tərzdə danışmağa icazə verilə bilməz”. Bu arada, Milli Şuranın üzvü, sabiq deputat Gültəkin Hacıbəylinin razılaşdırılmamış aksiya keçirilən zaman ABŞ-ın Azərbaycandakı səfirliyinin siyasi işlər üzrə müşaviri Uilliam Solli ilə danışığının audio yazısı yayılıb. Səs yazısını Real TV-nin rəhbəri Mirşahin Ağayev müəllifi olduğu “Mirşahin vaxtı” proqramında yayıb. G.Hacıbəyli səs yazısında evində internet kəsildiyi üçün yaza bilmədiyini qeyd edir, aksiya ilə bağlı məlumat verir. ABŞ diplomatı isə xanım Hacıbəyliyə internet bərpa olunan kimi geniş məlumat yazmağı tapşırır və şəhərdə prosesi izlədiyini bildirir. Proqramda, həmçinin, G.Hacıbəylinin Avropa İttifaqının siyasi, sosial məsələlər və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Denis Daniilidis ilə görüşündən də danışılıb. Səsləndirilən audioyazıda G.Hacıbəylinin razılaşdırılmamış aksiyadan əvvəl avropalı diplomatla nahar masası ətrafında söhbət etdiyi, ondan mitinqə kömək etməyi xahiş etdiyi aydın olur. Digər səs yazısının məzmunu isə zəngin aksiya cəhdi zamanı edildiyini deməyə əsas verir. G.Hacıbəyli aksiyada 500 nəfərin saxlanıldığını bildirir, AXCP sədri Əli Kərimli ilə bağlı narahat olduğunu qeyd edir. G.Hacıbəyli “Facebook” sosial şəbəkəsindəki səhifəsində bu danışığın olduğunu təsdiqləyib. ABŞ və Avropa İttifaqının Azərbaycandakı diplomatik missiyası isə hələlik məsələyə münasibət bildirməyib. Milli Məclisin deputatı Elman Nəsirov da bildirib ki, Azərbaycanda bütün demokratik hüquq və azadlıqlar təmin edilib. E.Nəsirov Oxu.Az-a açıqlamasında deyib ki, “Sərbəst toplaşmaq azadlığı haqqında” qanunla vətəndaşlara qanuni şəkildə mitinq və aksiyaların keçirilməsi hüququ tanınır. Deputat xatırladıb ki, Milli Şuranın mitinqi isə qeyri-qanuni idi. “Bakı Şəhər İcra Hakimiyyəti mitinq üçün Lökbatan qəsəbəsində yer ayırmışdı. Lakin radikal müxalifət qanunun tələblərinə məhəl qoymayaraq metro stansiyasının yaxınlığında mitinq təşkil etdi. Radikal müxalifət bir yandan özünü demokratik qüvvə kimi təqdim edir. Halbuki demokratiyanın əsas prinsipi qanunun aliliyidir. Radikal müxalifət isə qanunun aliliyini qəbul etmir, qanunları ayaq altına atıb tapdalayır”, - E.Nəsirov əlavə edib. Parlamentari düşünür ki, Azərbaycan polisi qanunsuz aksiyada ictimai və dövlət təhlükəsizliyi mənafeyindən çıxış etdi: “Polis ictimai asayişin pozulmasının qarşısının alınması məqsədilə, eyni zamanda, cinayətlərin baş verməməsi üçün əhalinin təhlükəsizliyinin qorunması məntiqindən çıxış edərək qeyri-qanuni aksiyanın qarşısını aldı. Qanunsuz aksiyanın qarşısının alınması çox humanist, çox yumşaq şəkildə həyata keçirildi”. Deputatın fikrincə, Avropa İttifaqının bəyanatı, ABŞ-ın Azərbaycandakı səfirliyinin mitinqlə bağlı davranışı onu göstərir ki, onların yanaşması ikili standartlardan qaynaqlanır. “Avropa İttifaqı Azərbaycanı ittiham edir. Yaxşı olardı ki, Avropa İttifaqı quruma üzv ölkələrdə polisin davranışına diqqət yetirsin. Xüsusilə Kataloniya hadisələri fonunda ispan polisi qeyri-adekvat, qəddar davrandı. İspan polisinin əhaliyə qarşı rezin güllələrdən istifadəsinə dünya şahidlik etdi. Almaniya küçələrində polis atlardan və itlərdən mitinq iştirakçılarına qarşı istifadə edirdi. Bu reallıq fonunda Azərbaycan polisi əsl peşəkarlıq nümayiş etdirdi. Azərbaycanda isə polis elə addımlar atdı ki, bu, qanunsuz aksiya iştirakçılarının fiziki zədə alması ilə müşayiət olunmadı. Azərbaycan ictimaiyyəti bütün bunları görür. Azərbaycan xalqı bu qənaətdədir ki, təzyiqlər Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü müstəqil siyasətə mane olmaq məqsədi daşıyır. Görünür, Azərbaycandakı sabitlik və təhlükəsizlik mühiti kimlərisə qane etmir”. Geri qayıt |