Əsas Səhifə > Partiya, Güney Press > “Əli Kərimli hər prosesdə özünü bir xarici etiraz liderinə oxşatmağa çalışır”

“Əli Kərimli hər prosesdə özünü bir xarici etiraz liderinə oxşatmağa çalışır”


18-10-2019, 09:34
“Əli Kərimli hər prosesdə özünü bir xarici etiraz liderinə oxşatmağa çalışır”
AXCP sədri Əli Kərimli Rusiya müxalifətinin lideri Aleksey Navalnının “yolunu gedir”. Belə ki, sentyabrın 8-də Rusiyada yerli qanunvericilik orqanlarına, bir neçə regionda qubernator postuna, həmçinin Moskva Dumasına seçkilər keçirildi.

Həmin seçkilərdən öncə Rusiya müxalifəti Moskvanın mərkəzində bir neçə dəfə mitinq keçirməyə cəhd etsə də, buna icazə verilmədi. Sonra isə icazə verilən yerlərə deyil, şəhərin mərkəzində icazəsiz aksiyalar keçirdilər ki, bu da bir çox gəncin həbsi ilə nəticələndi. Həbs edilənlər 2 ildən başlayaraq azadlıqdan məhrumetmə cəzalarına məhkum edildilər. Doğrudur, rus müxalifəti istədiyinə nail oldu, Qərbin diqqətini özlərinə çəkdilər.

Ə.Kərimli də sanki indi eyni taktikanı həyata keçirir. Onun əsas söz sahibi olduğu Milli Şuraya sentyabrın 28-də Lökbatanda mitinq keçirmək üçün icazə verildi. Lakin AXCP sədri israrla Bakının mərkəzində aksiya keçirmək niyyətində olduğunu bildirərək, mitinq keçirməkdən imtina etdi, əvəzində Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında piket təyin etdi. Hökumət buna da icazə verdi və piket keçirilən zaman Milli Şura tərəfdarları piketdən aralıda bir neçə yerdə aksiya keçirməyə cəhd etdilər, bu da həbslərlə, qarşıdurmalarla nəticələndi. İndi də hökumət Milli Şuraya 19 oktyabrda Lökbatanda mitinq keçirmək üçün icazə verib. Lakin Kərimli yenə də ora getməkdən imtina edir və əvəzində daha irəli gedərək, “28 May” metro stansiyasının qarşısında aksiya keçirəcəklərini bildirir. Hətta özünün də orada iştirak edəcəyini bəyan edib.

Bütün bunlar da bir sıra müzakirələrə səbəb olub. AXCP sədrinin insanları həbs etdirməklə, gərginlik yaratmaqla Qərbin diqqətini çəkmək niyyətində olduğu bildirilir.

Siyasi şərhçi Yeganə Hacıyeva məsələni cür şərh etdi: “Hər bir etirazın fəlsəfəsində davam edən, razı olmadığın proseslərə fikir bildirmək niyyəti durur. Bütün dünyada formalaşmış və qəbul olunmuş bir norma var ki, siyasi qrupların etirazları müəyyən proseslər öncəsi və ya ərəfəsi iqtisadi, sosial və ya siyasi sifariş əsasında keçirilir. Yəni məntiqi olaraq davam edən proseslərə daxili sifariş əsasında etiraz edirlər. Azərbaycanda isə bu proses, bir qaragüruh qrupun monopoliyasında zaman-zaman kənar təsirlərdən hərəkətə gələn bir prosesdir. Məsələn, Ukraynada ”narıncı inqilab" olanda narıncı rəngə bürünüb etiraz edirlər, Gürcüstanda “qızılgül inqilabı” olanda əllərinə qızılgül alıb etiraz edir, Türkiyədə qadına qarşı zorakılıq etirazı gedəndə bizimkilər gender bərabərliyi əsasında etirazlar təşkil edirlər. Hətta Yaxın Şərqdə islam təmayüllü inqilablar baş verəndə belə bizdə bundan da ilhamlanıb, eynisini yamsılamağa cəhd edənlər tapılır. Yəni kənarda baş verən etirazların imitasiyası gedir.

Eyni ilə proses imitasiya olunduğu kimi simaları da yamsılanır. Məsələn, bloger Əli Kərimli hər prosesdə özünü bir xarici etiraz liderinə oxşatmağa çalışır. Haqqında danışdığımız Navalnını misal çəkə bilərik. Ancaq məsələ ondadır ki, Navalnı və qrupunun adətləri söyüşkən rus cəmiyyəti üçün uğurlu olsa da, Azərbaycanda, əksinə, bu qruplara nifrət gətirir. Bu suala cavab verməmişdən öncə bu etiraz təşəbbüsünün mahiyyəti sıravi vətəndaşımıza aydın olsun deyə bir giriş etmək istəyirəm.

Keçən həftə Aşqabadda MBD ölkələri rəhbərlərinin qapalı iclası keçirildi, Bakıda Türkdilli ölkələrin Şurası toplaşdı. Bu görüşlər regionda gedən proseslərin üzdə görünən tərəfləridir. Bu görüşləri şərtləndirən mühüm məqamlar var. Diqqət etdinizsə bu proseslərdə Azərbaycanın yeri və mərkəzi rolu, ən əsası isə Ermənistanin hansı səviyyədə qısnanması göz önündədir.

Türkiyənin “Barış Pinarı” sülh əməliyyatı və bu əməliyyatın regionumuza necə təsiri olması haqqında isə geniş danışmağa, fikrimcə, ümumiyyətlə, ehtiyac yoxdur. Çünki bu əməliyyatlar regionun strateji nəqliyyat və tranzit roluna birbaşa təsir edən məsələlərdir.

İndi sual yaranır, regionda kənar maraqların bu qədər qabarıq konfrontasiyası kimi həssas bir dönəmdə proseslərin mərkəzində olan Azərbaycanın paytaxtında müxalifət etiraz üçün icazəli yer olduğu halda, mərkəzdə icazəsiz aksiya keçirmək qərarı almaqda, qarşıdurma və çaxnaşma görüntüsü verməkdə Azərbaycanla bağlı hansı mesajı ötürməyə çalışır? Və ən əsası belə görüntü verilsin sifarişi onlara haradan gəlmişdi?"

Y.Hacıyeva Ə.Kərimlinin Qərbin diqqətini çəkib-çəkməyəcəyinə də toxundu: “Qərb dediyimiz təsisat monolit bir təsis deyil. Qərb müxtəlif dairələrdən və bu dairələrin maraqlarına xidmət edən qruplardan ibarətdir. Ancaq Qərb adlandırdığımız, Avropa Birliyi, ABŞ təsisatının bəlli ünvanları Azərbaycan hakimiyyətini də, müxalifətini də yaxşı tanıyır. Detallara varmadan bir məqamı qeyd etmək istəyirəm: Avropa Birliyinin, qurumun kiber təhlükəsizlik institutlarının regionlarda sosial media üzərindən hibrid alətlərlə aparılan informasiya müharibələrinə aid hesabatları var. Bu hesabatlarda, Cənubi Qafqaz ölkələrindən Azərbaycanla bağlı ölkədəki nüfuz agentlərinin sosial media üzərindən təbliğatında kənar qüvvələrin iştirakı haqqında informasiyalar var. Bununla yekunlaşdıraraq onu demək istəyirəm ki, Qərb adlandırdığımız, ünvanı bəlli olan təsisatları Azərbaycan müxalifətini tanıyır və onun əlaqələrinin hansı səviyyədə olmasını bilir. Azərbaycanda məhz bu müxalifətin etirazlarla diqqətini çəkməyə çalışdığı dairələr ünvanı bəlli olmayan təsisatlardır”.
“Yeni Müsavat”

Geri qayıt