Əsas Səhifə > Partiya, Güney Press > "Rafael Cəbrayılovun etdikləri doğru deyil, amma daha bu kişinin başına iş gəlib"

"Rafael Cəbrayılovun etdikləri doğru deyil, amma daha bu kişinin başına iş gəlib"


12-10-2019, 09:31
"Rafael Cəbrayılovun etdikləri doğru deyil, amma daha bu kişinin başına iş gəlib"
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Razi Nurullayev Versus.Az İnformasiya Agentliyinə müsahibə verib.

Cebhe.info müsahibəni təqdim edir.

- Rafael Cəbrayılovun mandatını girov qoyması, Çingiz Qənizadənin də borclu olması kimi faktların üzə çıxması məsələləri hələ də müzakirə olunmaqdadır. Belə fikirlər var ki, bu yolla artıq parlamentdə bir ələnmə prosesi başlayıb. Razi bəy, bəs sizin fikrinizcə necədir vəziyyət, Parlament seçkisi öncəsi baş verənlər nədən xəbər verir?

- İnanın ki, adını çəkdiyiniz deputatların başına gələn hadisələrdən heç kim sığortalanmayıb. Desək ki, biznes etmək deputatlara qadağandır, o zaman da səmimi görünmərik. Məgər Parlament üzvü olanların hamısı yazılan qanunlara hərfən əməl edir? Parlamentin az qala yarısı iri bizneslə məşğuldur, məşğul olmayanlar da yenə hansısa yolla deputatlığla uymayan fəaliyyətlə məşğul olmalı olurlar. Bu, ölkənin siyasi sisteminin problemidir, deputatların yox. Gərək bu məsələlərə ədalətli mövqe sərgiləyək.


Çingiz Qənizadə ilə şəxsi tanışlığım da var. İşini bilən, savadlı bir deputatdır. Qardaşı, yaxud ailə üzvü bir yanlışlıq edirsə, yaxud borca girirsə, deputat qardaş neyləsin? Hər məsələyə görə deputatları, məmurları da alıb-kəsmək doğru deyil. Doğru olan odur ki, xalqın malını talayanlar, büdcə vəsaitlərini oğurlayanlar, xalqı narazı salanlar və üzərlərinə qoyulan vəzifəni yerinə yetirə bilməyib, xalqı incidib narazı salanlar ifşa olunsunlar. Dövlətin büdcəsini qorumaq və onu xalqın ixtiyarına vermək lazımdır.

Rafael Cəbrayılovun etdikləri doğru deyil, amma daha bu kişinin başına iş gəlib, çətinlik içərisindədir və mandatından da imtina edib. Ortada zərər çəkənlər var. İndi onu sıxmaq, düşdüyü vəziyyətdən sui-istifadə edib əlində olan-qalanına da göz dikmək pis şeydir. Əksinə, indi dövlət ona dəstək verməlidir, bir yerdə oturub müzakirə aparmalıdır ki, necə etsinlər ki, zərər çəkənlər pullarını geri ala bilsinlər. İnanın ki, indi ən vacib məsələ bu olmalıdır. Rafael Cəbrayılovla müzakirə aparılmalıdır və köməklik göstərilməlidir ki, o borc sahiblərinin pulunu qaytarsın. Qaytara bilməsə, ən böyük haqsızlıq və ədalətsizlik pulunu itirənlərə edilmiş olacaq.

- Bunun ardınca Novruz Məmmədovun Baş nazir postundan istefa etməsi məsələsində hansı səbəbləri ehtimal edirsiniz?

- Baş nazir gərək çevik, zəhmli və güzəştsiz olsun. Nazirlər həqiqətən ona hesabat versinlər, çəkinsinlər və tapşırıqları birmənalı yerinə yetirsinlər. Həm də gərək baş nazir ölkə iqtisadiyyatını dərindən bilsin və özünə də iqtisadiyyatı dərin bilən köməkçilər götürsün. Hörmətli Novruz Məmmədov bunlara əməl edə bilmədi. O, doğurdan da gözəl insandır, çox böyük mədəniyyət sahibidir, ziyalıdır. Amma baş nazir gərək ötkəm və qətiyyətli olsun. Bizim siyasi sistemimiz ziyalılığı, çox yüksək mədəniyyətə malik olmağı və hər şeydə abır-həya gözləməyi qəbul etmir. Hərdən gərək yumruğunu qaldırıb stola elə çırpasan ki, masa ətrafında oturanlar səksənsin. Heç kim baş nazirin yanında özünü "xüsusi" apara bilməməlidir. İnanmaq istərdim ki, Əli Əsədov dediyimiz bu keyfiyyətlərə malikdir.

- Razi bəy, Əli Kərimlini daha bir nəfər - Dilarə xanım tərk etdi. Həmin xanımın səs yazısında "Mən çıxıram, sizə də, partiyanıza da tüpürüm" ifadəsi var. Necə düşünürsünüz, çanaq kimin başında çatlayacaq?

- Kim gedir, kim qalır, özləri bilər. Amma artıq çıxanların da səmimiyyətinə inanmıram. Məhz elə o insanların əməyidir ki, sədrləri təkbaşına idarəçilik həyata keçirir. Təkbaşına, məsləhətsiz siyasətin nəticəsidir ki, indiyə kimi nəticə əldə edə bilməyiblər.

- Siz bütün cəbhəçilərə müraciətlə AXC-lərin birləşməsini təklif etmişdiniz. Bu bəyanatınızı necə qarşıladılar, cavabları nə oldu?

- AXCP-lərin birləşməsi ilə bağlı ciddi reaksiya olmayıb. Belə çıxır ki, Əli Kərimli AXCP-lərin birləşməsini istəmir. Mən müraciətimdə səmimiyəm və təklifim hələ də qüvvədə qalır. Təkbaşına siyasi mübarizə nəticəyə gətirib çıxarmayacaq.

- Razi bəy, Paşinyanın torpaqları 5 milyard qarşılığında qaytarması məsələsinə necə baxırsız?

- Paşinyan kimdir, hansı diplomatiyanın və hansı müstəqil qərarın sahibidir ki, torpaq alqı-satqısı həyata keçirsin. O, ancaq bədnam Ermənistanda maklerlik edə bilər. Azərbaycan torpaqları alınıb-satılmır və o, bizim torpaqlarımız üzərində hökm verə bilməz. Gec-tez biz torpaqlarımızı geri alacağıq. O zaman biz Dağlıq Qarabağla Naxçıvanı birləşdirmək məqsədilə lazım olan torpaqları almaq üçün təkliflər göndərəcəyik. Qoy o gün üçün hazırlaşınlar.

- Necə düşünürsünüz, Rusiya prezidenti ilə Azərbaycan prezidentinin oktyabr görüşü Qarabağ münaqişəsinin həlli ilə bağlı nələri vəd edir?

- Azərbaycan və Rusiya prezidentləri 25 ildir ki, görüşürlər. Məgər nəticə olub? Rusiya Ermənistanın arxasından çəkilmək istəmir, onun üçün də bu tip görüşlərdən hələ ki, nəticə gözləməyə dəyməz. Amma buna baxmayaraq, hər zaman inanmaq istəmişik ki, daha Rusiya bu dəfə fərqli münasibət sərgiləyəcək və Azərbaycan Prezidenti də konkret addımları müəyyən edə biləcək. Ümidimiz yenə də var.

Geri qayıt