Əsas Səhifə > Partiya, Güney Press > "Uşaqlarımızı zəmanənin tələbinə uyğun böyütməliyik"

"Uşaqlarımızı zəmanənin tələbinə uyğun böyütməliyik"


9-10-2019, 08:15
"Uşaqlarımızı zəmanənin tələbinə uyğun  böyütməliyik"
Son illərdə sosial şəbəkələrdə Azərbaycanda ailə institutunun zəiflədilməsinə yönəlik kampaniya aparılır. Müəyyən bir qrup sosial şəbəkələrdə ailə institutunun vacib olmaması, hətta lazımsızlığına dair təbliğat qurur. Onların iddialarına görə, ailə institutu köhnəlmiş bir ənənədir.

Amma bu bir faktdır ki, ailə institutu xüsusilə Azərbaycan kimi ölkələrdə cəmiyyətin əsas dayaqlarını təşkil edir. Tarixən Azərbaycanda ailə dəyərlərinə yüksək yanaşılıb. Bir çox ekspertlər bildirir ki, faktiki olaraq hansısa qüvvələr cəmiyyətimizi laxlatmaq üçün ailə institutuna qarşı təbliğat aparırlar.

Məsələ ondadır ki, Avropa ölkələrində də ailə institutuna ciddi yanaşılır. Avropa ölkələrinin əksəriyyəti patriarxal cəmiyyətlərdir, kişilərin rolu qadınların rolundan daha yüksəkdir. Odur ki, bəzilərinin “Avropada bizdəki kimi deyil” şəklində təbliğatı bir çox insanların Avropa haqqında təsəvvürlərinin yanlış olmasından sui-istifadə etməkdir.

Cəmiyyətşünaslar qeyd edir ki, əksər ölkələrdə cəmiyyəti güclü edən əsas amil məhz ailə institutudur. Hətta Avropa dövlətlərində, dünyanın digər qütblərində vəzifə təyinatlarında şəxsin ailəsinə münasibəti də izlənilir.

Deputat Fazil Mustafa mövzu ilə bağlı “Yeni Müsavat”a açıqlamasında bildirib ki, o, ailə münasibətlərində pozitiv yöndə dəyişiklik edilməsinin tərəfindədir: “Düşünürəm ki, dünyada hər şey dəyişdiyi kimi, ailə münasibətlərində də dəyişiklik olmalıdır. Çünki də yişikliklər zərurətdən yaranır. Yəni heç bir şey öz-özlüyündə dəyişə bilməz. Ailə münasibətlərində də dəyişiklik məsələsi buna daxildir. 40 il əvvəlki dünya ilə indiki dünya arasında fərqlər var. Biz hər şeyin müsbətə doğru getməsi üçün dəyişən dünya ilə ayaqlaşmaq məcburiyyətindəyik. Mən demirəm ki, ailə dəyərlərimizi kökündən dəyişək, sadəcə, bu münasibətlərin təkmilləşdirilməsinin tərəfindəyəm. Bizim dövrümüzdə, hətta bizdən qabaqkı dövrlərdəki tərbiyə metodu ilə biz indiki uşaqları tərbiyə edə bilmərik. Çünki dövrün tələbatı başqadır, biz də uşaqlarımızı zəmanənin tələbinə uyğun böyütməliyik”.

Boşanma hallarının da ailə dəyərlərimizə xələl gətirdiyini qeyd edən deputat bildirdi ki, bu məsələlərə xüsusi diqqətin ayrılması vacibdir: “Bəzən o qədər primitiv səbəblərə görə ailə qurub sonra dağıdırlar. Bütün bunlar bizim ailə dəyərlərimizi sarsıdır. Bəzən insanlar sosial müavinət, aliment almaq üçün ailə dağıdır və ya vəzifəyə getmək üçün öz ailəsini atıb, başqa birisi ilə ailə qururlar. Bunlar çox təhlükəli epizodlardır. Biz cəmiyyət olaraq bunların üzərində düşünməli, həll yolu tapmalıyıq. Hər şeyə görə ailənin mənəvi bağlarını qırmaq olmaz. Belə hallar artıq çox adiləşib. Bu cür nüansları görən gənclik də, əlbəttə, o fikrə gələcək”.

Məsələ ilə bağlı açıqlama verən sosioloq Əhməd Qəşəmoğlu sosial şəbəkədə gənclər arasında bu cür fikirlərin yayılmasının çox təhlükəli hal olduğunu bildirdi: “Əgər sosial şəbəkələrdə belə şeylər yayılırsa, bu çox təhlükəlidir. Bu məsələnin arxasında ya avamlıq dayanır, ya dünya görüşünün zəifliyi, ya da hansısa bir düşməncəsinə sosial texnologiya dayana bilər. Araşdırma üçün tez-tez xarici ölkələrə gedən biri kimi deyə bilərəm ki, artıq Avropa ölkələri ailə institutlarının nə qədər önəmli bir amil olduğunu dərk etməyə başlayıb. ”Ailə institutu köhnəlib" demək üçün biz əvvəlcə düşünməliyik ki, bu bizə nəyə görə lazımdır. Məsələn, biz tez-tez stresli ortamlarda oluruq, hər bir stress bizim ruh halımıza mənfi təsir göstərir. Sən günün yorğunluğunu ailənin, səni sevən insanların arasında unuda bilərsən. Hər bir ailə körpəni cəmiyyətə hazırlayan bir məktəbdir. Ailə sağlam nəsil yetişdirmək üçün vacib institutdur. Belə şeyləri sadaladıqca biz görərik ki, ailə çox önəmli funksiya daşıyır. İndi bu institutun ləğv olunmasını istəyən şəxslər bunun əvəzinə nə təklif edir? Yerinə başıpozuq, sərgüzəştlərlə dolu bir həyatmı gətirək? Cəmiyyətdə bu cür əxlaqi dəyərlər pozulduqca ətrafımızda proseslər günü-gündən pisə doğru gedir. Biz hər gün insanların bir-birini xüsusi amansızlıqla qətlə yetirdiyini görürük. Bunlar hamısı bu cür dəyərlərin geriləməsi ilə əlaqədardır. Müdrik insanlar deyirlər ki, hansı cəmiyyətdə əxlaqi dəyərlər sıxışdırılır, orada kriminal hallar çoxalır. Ailə dəyərlərimizin köhnəldiyini demək bizi ancaq uçuruma aparar".

Geri qayıt