Əsas Səhifə > Partiya, Güney Press > “İqtisadi müstəqilliyimizi gücləndirmək istəyiriksə, büdcəmizin neftdən asılılığını azaltmalıyıq”
“İqtisadi müstəqilliyimizi gücləndirmək istəyiriksə, büdcəmizin neftdən asılılığını azaltmalıyıq”8-10-2019, 08:27 |
Oktyabrın 18-də Azərbyacanın müstəqilliyinin 28-ci ildönümü tamam olacaq. Bəs bu gün – müstəqilliyimizin 28-ci ildönümündə dövlətimizin iqtisadi müstəqillik səviyyəsi nə dərəcədə qənaətbəxşdir? Moderator.az-a açıqlama verən millət vəkili Vahid Əhmədov dövlətimizin siyasi-iqtisadi müstəqilliyinin gücləndirilməsi istiqamətində ciddi addımların atıldığına diqqət çəkdi: “28 ildə Azərbaycanın müstəqilliyinin qorunub saxlanılması ilə bağlı çox işlər görülüb. Mən ilk olaraq 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi”ni qeyd etmək istəyirəm. Bu müqavilə imzalanandan sorna Azərbaycana kifayət qədər çoxlu vəsait daxil olmağa başladı. Bundan sonra 30-dan çox müqavilə imzalandı. Azərbaycanda iri şirkətlər fəaliyyət göstərməyə başladı. Bu şirkətlərin ölkəmizə böyük vəsaitlər qoyması həm iqtisdiyyatımızın inkişafına, həm də müstəqilliyimizin qorunub saxlanılmasına kömək etdi. Azərbaycanın iqtisadi-siyasi müstəqilliyi təmin olunub. Azərbaycan güclü ordu formalaşdırıb. Ordumuz müasir silahlarla təmin olunub. Qarabağ probleminin mövcudluğuna rəğmən ölkəmizdə siyasi sabitlik var və iqtisadi baxımdan da ölkəmiz öz müstəqilliyini müəyyən qədər təmin edə bilib. Bütün bunların əsası isə “Əsrin müqaviləsi” ilə qoyulub. 2013-cü ildə isə cənab prezident Azərbaycan qazının xaricə ixracı ilə bağlı böyük bir müqavilənin imzalanmasına nail oldu. Bu da ölkəmizin iqtisadi müstəqilliyi üçün xeyli dərəcədə şərait yaratdı. Hazırda məqsədimiz qeyri-neft sektorunun inkişafıdır. Çünki biz iqtisadi müstəqilliyimizi gücləndirmək istəyiriksə, büdcəmizin neftdən asılılığını kəskin surətdə azaltmalıyıq. Ölkəmizdə son vaxtlar cənab prezident tərəfindən ciddi sosial layihələr həyata keçirilib. Insanların əmək haqqı, pensiyası, müavinətləri artırılır. Iqtisadi müstəqillik olmasaydı, bunları həyata keçirmək qeyri-mümkün olardı. Bütün bu addımlar təqdirlayiqdir. Lakin bununla yanaşı, görüləsi işlər də çoxdur. Mən müstəqilliyə səs verən istiqlalçı deputat kimi belə hesab edirəm ki, Azərbaycan öz müstəqilliyini qorumağa qadirdir və bu müstəqilliyi gücləndirmək üçün inamlı addımlar atır”. Geri qayıt |