Əsas Səhifə > Partiya, Güney Press > "Əgər 50 nəfərdən artıq iştirakçı olacaqsa, bu, birinci qanun pozuntusudur"
"Əgər 50 nəfərdən artıq iştirakçı olacaqsa, bu, birinci qanun pozuntusudur"7-10-2019, 10:33 |
Milli Şura oktyabrın 8-i saat 15:00-dan 16:00-dək Bakı Şəhər İcra Hakimiyyətinin inzibati binası ilə Azərbaycan Dövlət İqtisad Universiteti arasında yerləşən ərazidə piket keçirəcək. Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın piketlə bağlı müraciətinə müsbət cavab verib. Aksiyada maksimum iştirakçı sayı 50 nəfər olmalıdır. Piket ətrafında bəzi müzakirələr açılıb. Bu da səbəbsiz deyil. Belə ki, təşkilatçılar insanları müşahidəçi qismində piketə çağırıblar. Bu da oktyabrın 8-də keçiriləcək piketdə xoşagəlməz halların yaşanmasını istisna etmir. Milli Şuranın keçirəcəyi piketlə bağlı Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev Hurriyyet.org-a açıqlama verib. O bildirib ki, “Sərbəst Toplaşmaq Azadlığı haqqında” Qanuna görə, Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış qaydadan kənar orada nə baş versə, onun qarşısı polis tərəfindən alıncaqdır. YAP-ın Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, deputat Aydın Mirzəzadə “Yeni Müsavat” açıqlamasında piket təşkilatçılarının məqsədlərinin başqa olduğunu bildirdi: “İlk növbədə onu qeyd edim ki, piketə icazə verilib. Hüquq-mühafizə orqanları üzərlərinə düşən vəzifəni yerinə yetirib, orada olan 50 nəfərin təhlükəsizliyini qoruyacaqlar. Amma piketin içərisindəki vəziyyətə piket iştirakçıları məsuliyyət daşıyacaqlar. Aksiya keçirmək təşəbbüsü onlardandır. 50 nəfəri onlar yığırlar. Əgər bu sayda rəqəmdən artıq iştirakçı olacaqsa, bu, birinci qanun pozuntusudur. Yaxud gətirdikləri insanların özləri təxribat törədəcəklərsə, burada məsuliyyəti piket iştirakçıları daşıyacaq. Mənə qəribə gəlir ki, bunları piket keçirmək yox, piket ətrafında şou yaratmaq daha çox maraqlandırır. Piket, küçə nümayişi, mitinqlər ona görə keçirilir ki, hər hansı bir məsələ ətrafında hakimiyyətə alternativ, yaxud özünü təsdiqləməyə çalışan siyasi qüvvə öz mövqeyini bildirir. Elektron, virtual mətbuatı izləyirəm. Nədənsə onlar səsləndirəcəkləri şüarlar barəsində deyil, daha çox bunun ətrafındakı vəziyyət barədə mülahizə edirlər. Bu, bir daha onu göstərir ki, piket təşkilatçılarını qaldırmaq istədikləri siyasi şüarlar yox, piket ətrafındakı məsələ daha çox maraqlandırır. Bir daha istərdik ki, Azərbaycandakı bütün siyasi qüvvələr, o cümlədən, hakimiyyətə müxalif qüvvələr siyasəti siyasət qanunlarına uyğun aparsınlar, şou düzəltməyə çalışmasınlar. Piketdə kənardan törədilə biləcək təxribat hallarını istisna sayaq. Çünki orada şübhəsiz ki, polis qüvvələri olacaq. Hansı ki, o qüvvələr piketi qoruyacaqlar. Piketdən kənar kimsə, yaxud kimlərsə təxribat törətməyə cəhd edəcəklərsə, anındaca başlarının üstü alınacaq”. Geri qayıt |