Əsas Səhifə > Partiya, Güney Press > “Kimlərsə onlardan istifadə etməyə çalışır”

“Kimlərsə onlardan istifadə etməyə çalışır”


3-10-2019, 10:00
“Kimlərsə onlardan istifadə etməyə çalışır”
Xəbər verildiyi kimi, Milli Şura oktyabrın 8-də saat 12:00-da Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında piket keçirməyi planlaşdırır. Etiraza səbəb kimi, müxalif qurum 28 sentyabrda keçirmək istədikləri mitinqə “Məhsul” stadionunda deyil, Lökbatan qəsəbəsi, 28 May küçəsi, Neftçi İdman Klubunun Qaradağ təlim-idman bazasında icazə verilməsini göstərir.

MŞ-nin piket qərarı bəzi suallara yol açıb. Bu da səbəbsiz deyil. Çünki əsasən AXCP-dən ibarət olan bu qurum 28 sentyabrda mitinq keçirmək üçün üç yerin razılığını almaq istəyirdi. Bunlar “28 May” metro stansiyasının qarşısındakı meydan, Tofiq Bəhramov stadionunun qarşısındakı meydan və “Nəriman Nərimanov” metro stansiyasının yanındakı park idi. İndi isə MŞ “İçərişəhər” metro stansiyasının qarşısında, yəni BŞİH-in önündə piket keçirməkdə israrlı görünür. Bütün bunlar da təsadüf sayılmır. Belə iddialar var ki, insanların sıx olduqları metro stansiyaların çıxışlarını mitinq və ya piket üçün yer seçməklə MŞ ölkədə gərginlik, qarşıdurma yaratmaq istəyir. Hətta bu cür fikirlər də səslənir ki, xaricdən “Bir payız axşamı” adı altında noyabrda Azərbaycanda inqilabın olacağı barədə başladılan kampaniyaya artıq bu cür gərginlik yaratmaq cəhdləri ilə indidən start verilib. Piket qərarından sonra bir məsələ xüsusilə diqqət çəkir. Belə ki, MŞ funksionerləri səviyyəsində piket keçirməyə daha çox üstünlük verəcək. Qurumun koordinasiya şurasının üzvü Gültəkin Hacıbəylinin statusundan belə anlaşılır. Burada başqa niyyətin olduğu vurğulanır. Hər hansı bir funksionerin saxlanılması beynəlxalq aləmdən Azərbaycana qarşı təzyiqləri artıra bilər. Asayiş keşikçiləri isə piketin qarşısını almağa borcludurlar.

Milli Şura oktyabrın 8-də saat 12:00-da Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında piket ile ilgili görsel sonucu

Bütün bunlardan əlavə, gedən müzakirələrdə son günlərdə Qarabağ qaziləri ilə SOCAR əməkdaşları arasında baş verən insident də önə çəkilir. Bu qarşıdurma bəzi dairələrin ölkə daxilində qarışıqlıq yaratmaq cəhdlərinin davamı kimi qələmə verilir.

Məsələyə deputat, YAP Siyasi Şurasının üzvü Aydın Mirzəzadə ilə aydınlıq gətirdik. O, öncəliklə qazilərlə bağlı yaşananlardan danışdı: “İlk növbədə, onu qeyd edim ki, qazilərlə bağlı olan məsələ araşdırılır və ona obyektiv qiymət veriləcək. Bizim qazilərə böyük hörmətimiz var. Onların fəaliyyətini, vətənimizin qorunması uğrunda xidmətlərini hamı dəyərləndirir. Dövlət hər zaman onlara qayğı ilə yanaşır. Amma kimlərsə onlardan istifadə etməyə çalışır. Lakin bu mümkün olan bir şey deyil. İnsanlar bu gün bu dövlətin, hakimiyyətin onların problemlərini həll etdiyinin, müstəqilliyimizi möhkəmləndirdiyinin, vətəndaşlarımıza qürur hissi verdiyinin fərqinə varırlar. Müxalifət bu gün bu insidentdən istifadə etməyə çalışır. Bu onu göstərir ki, müxalifətin düşünülmüş bir fəaliyyət proqramı yoxdur. İnternet qarşısında oturub hansısa bir insidenti gözləyirlər ki, bundan özlərinə siyasi xal yığsınlar. İcazəsiz piket keçirməklə gərginlik, qarşıdurma yaratmaq istəyirlər. Azərbaycan müxalifətində normal bir siyasi fəaliyyət elementlərini görə bilmirəm. Onları qarşıdurma, qarayaxma, Azərbaycanı beynəlxalq aləmdə gözdən salmaq daha çox maraqlandırır. Belə bir təəssürat yaranır ki, bunlar, sadəcə olaraq, kimlərinsə tapşırığını yerinə yetirir. Onların hərəkətləri ilə beynəlxalq aləmdə Ermənistanın Azərbaycanla apardığı fəaliyyət arasında bir paralellik düşünülür”.

Deputat “Bir payız axşamı”ndan da söz açdı: “Payıza doğru şüarların seçilməsinə gəlincə, mənə elə gəlir ki, bu şüarlar elə müxalifətin özünə yaraşır. İl həmişə payızla yekunlaşır. Müxalifət, görünür, qaragüruhçuluğu, qeyri-konstruktivliyi, cəmiyyətdə gərginlik yaratmaq abı-havası ilə payıza doğru yolunu salır. Azərbaycan beynəlxalq aləmdə öz layiqli yerini tutub. Xaricdən bu gün ölkəmizdə gedən proseslər çox müsbət dəyərləndirilir. Hətta Azərbaycan təcrübəsindən bir sıra ölkələr yararlanmağa çalışırlar. Müxalifətin süni böhran yaratma cəhdlərini dəfələrlə görmüşük. Hər hansı bir ölkədə onun daxili proseslərindən yaranan bir böhranı süni surətdə Azərbaycana köçürməyə çalışırlar. Bu, onlarda alınmır və alınmayacaq da. Çünki istənilən addım o zaman uğur qazana bilər ki, cəmiyyət onu dəstəkləsin. Cəmiyyət isə bugünkü müxalifətin nəyini dəstəkləyəcək? Onlar xaricdən gələn tapşırıqlarla hərəkət edirlər. Əgər bunların maliyyə dəstəyi xaricdən gəlirsə, Azərbaycanda vəziyyəti Suriya, Liviya və bu kimi ölkələrə döndərməyə çalışırlarsa, cəmiyyətimiz heç zaman onları dəstəkləyə bilməz. Hesab edirəm ki, müxalifətin hətta özünün təyin etdiyi mitinqdən elə özünün imtina etməsi onu göstərir ki, cəmiyyətdən dəstəklərinin olmadığının fərqinə varırlar. 10 milyondan çox olan əhalidən onlar bir neçə min insanı toplaya bilmirlər və bilməyəcəklər də. Aparılan siyasət ölkə vətəndaşının həyatını təhlükəsiz edir, rifahını yüksəldir, yeni iş yerləri yaradır, yeni yollar salınır, sosial proqramlar həyata keçirilir, mənzil şəraitinin yaxşılaşdırılması üçün dövlət bir-birinin ardınca addımlar atır. İnsanlar bunları yaxşı görür. Bu baxımdan müxalifətin vəziyyəti gərginləşdirmək və hakimiyyətə yiyələnmək hissi onun radikallığından, vətəndaşlarını daha ağır vəziyyətə salmaq cəhdindən gedir. Dedikləri şüarlardan, istəkdən başqa bir şey deyil. Onların istəklərinin qarşısında Azərbaycan cəmiyyəti, demokratik düşüncəli insanlar, ölkəmizin müstəqilliyini, inkişafını istəyən on milyon insan durur”.

Deputat Milli Şuranın funksionerləri səviyyəsində piket keçirmək niyyətlərinə də toxundu: “Qanun qarşısında hamı bərabərdir. Kimsə qanunu pozacaqsa, yaxud özünü qanundan üstün tutacaqsa, qanunun tələblərinə uyğun olaraq addımlar atılacaq. Onların icazəsiz piket keçirmək cəhdlərinə gəlincə isə, onu deyə bilərəm ki, bu onların seçimidir. Hər bir kəs seçiminə uyğun olaraq alternativ cavab alır”.
“Yeni Müsavat”

Geri qayıt