Əsas Səhifə > Partiya, Güney Press > Əli Kərimli qazdığı quyuya özü düşüb

Əli Kərimli qazdığı quyuya özü düşüb


25-09-2019, 08:39
Əli Kərimli qazdığı quyuya özü düşüb
Əli Kərimlinin israrla istefası tələb edilir. Bu kimi çağırışlar əvvəllər də olub. Lakin bu dəfə vəziyyət fərqlidir. AXCP daxilində illərdir yığılan gərginlik bir anda Fuad Qəhrəmanlı olayı ilə vulkan kimi ətrafa püskürdü. Bu “vulkan”ın alovu isə faktiki olaraq Əli Kərimlini yandırır.

Bunun çox sadə səbəbi və izahı var: İllərdir sosial şəbəkələrdə trol dəstələri yetişdirən, hakimiyyətin müxtəlif layihələrini, siyasətini, müxalifətdəki rəqiblərini gözdən salmağa çalışan, müstəqil fəaliyyət göstərən KİV-lərə böhtan atan trol dəstəsi, saxta profillər bu dəfə Əli Kərimlinin özünə qarşı çevrilib. İddialar var ki, bütün bu hadisələrin arxasında hakimiyyətə qarşı radikallığı ilə seçilən jurnalist Xədicə İsmayıl dayanır. Məlumdur ki, hər iki şəxs uzun müddət hakimiyyətə münasibətdə aşırı radikallıqları ilə seçilməklə yanaşı, həmçinin eyni əhatə dairəsindən çıxış edirdilər. Hazırkı məqamda isə Ə.Kərimli ilə X.İsmayıl ayrı-ayrı düşərgəyə transfer olunublar. Məlumatlar var ki, Qərb dairələri ölkədə Amerikanın yeni bir layihəsini həyata keçirmək istəyir. Bu layihənin əsas kuratoru isə Xədicə İsmayıldır. Özünə əsas rəqib kimi Əli Kərimlini görən Xədicə İsmayıl yaranmış vəziyyətdən istifadə etməklə rəqibi daha da zəiflətməyə çalışır.

Tərəflər arasında vaxtilə oxşar məqsədlərlə bağlı “siyasi məhbus” qalmaqalı da olub ki, bu hadisənin də detalları hər kəsə məlumdur. Onu da qeyd edək ki, Fuad Qəhrəmanlı olayında da Xədicə İsmayıl açıq şəkildə onun qızını dəstəkləyib. Hadisəyə ilk reaksiyalarından birində X. İsmayıl status yazaraq aşağıdakıları bildirib: “Biri cəbhəçilərə desin ki, bu mövzuda Selcana hücum çəkmək çox ayıbdır. O şərhləri ilə partiyalarına vurduqları ziyan daha böyükdür. Fuad Qəhrəmanlı özündə cəsarət tapıb, üzr istəyə, qəzəbini qızını linç edənlərə yönəldə bilərdi, amma bir də yalan danışmağı rəva gördü. Selcan dürüst və güclüdür. İntellektual kapasitəsi də çoxlarından yüksəkdir. Bu, partiya olayı deyil, o zaman bir zəhmət, cəbhəçilər yığışsın söhbətdən. Cinayətkara sahib çıxan cinayətə də sahib çıxır”.

Yaranmış durumda Əli Kərimliyə qarşı istefa çağırışları kütləvi hal alır. Ancaq Əli Kərimli istefa çağırışlarına, sərt tənqidlərə heç bir məhəl qoymur və özünü günahsız obrazında göstərməyə çalışır. Yenə də günahı başqalarının üstünə atır. İstefa etmək niyyətində olmasa da, bu dəfə daxildəki vəziyyət fərqlidir. Siyasi şərhçilər hesab edirlər ki, hazırda Əli Kərimli cəbhəçilər qarşısında çətin durumdadır. Etmək istədiyi “inqilab” öz başında çatlayıb...

“Yeni Müsavat”a danışan şərhçi-ekspert Azər Həsrət bildirib ki, əslində indiki situasiyanın yetişəcəyi hər kəsə məlum idi: “Günün birində indiki hadisələr baş verməli idi. Çünki başqalarına quyu qazan özü düşər. Ona görə də quyu qazanlara məsləhət görülür ki, qazanda gen qaz, çünki bir gün özün də düşəcəksən. Əli Kərimlinin də bu saat vəziyyəti elədir. O, trol ordusu yaradıb, ortaya görüntü qoymağa çalışırdı ki, guya onun çox böyük ictimai dəstəyi var, cəmiyyət onun siyasətini dəstəkləyir, bunun arxasınca gəlir. Təbii ki, sosial şəbəkələrdə bütün bunları tirajlamaqla məşğul idi və ictimai rəyi aldatmağa çalışırdı. Fuad Qəhrəmanlının əhvalatı kimi hadisələr bundan öncə dəfələrlə baş verib. Ümumiyyətlə, Əli Kərimlinin ətrafında bu cür hadisələr tez-tez olur. Bu, ora toplaşanların özləri, ədəbləri ilə bağlı məsələdir və biz qarışmırıq. Hər kəs özünə uyğun adamları ətrafına toplayar, bu da başqa bir məsələdir. Bizim gördüyümüz odur ki, Əli Kərimli, sadəcə olaraq, stəkanda fırtına yaratmağa cəhd göstərirdi. Nəticə də belə olmalı idi. Faktiki olaraq Azərbaycan Xalq Cəbhəsi kimi çox müqəddəs bir adın kirlədilməsi kampaniyası aparılır. Bu kampaniyanın başında bütün mərhələlərdə şəxsən Əli Kərimlinin özü olub. Təəssüf ki, o, Əbülfəz Elçibəyin müqəddəs ideallarla meydana gətirdiyi və önündə getdiyi Azərbaycanın müstəqilliyini qazanmış təşkilatı bu cür iyrənc prosesə alət elədi. Faktiki olaraq bu gün Azərbaycan Xalq Cəbhəsi adı gələndə insanlarda ikrah hissi yaranır. Bunun da səbəbkarı Əli Kərimlidir. Düşünürəm ki, onun, ümumiyyətlə, siyasətdən çəkilməsinin vaxtı çatıb. Onun rəhbərlik etdiyi partiyanın da ləğvinin zamanı yetişib. Əgər bloggerlik edirsə, getsin bununla da məşğul olsun”.

A.Həsrət söyləyib ki, Xədicə İsmayılla Əli Kərimlinin çəkişməsi ilk hadisə deyil:

“Onların hər ikisi daim xaricdən alınan qrantlar uğrunda mübarizədə olublar. Bir-birilərini rəqib görüblər. Təbii ki, rəqiblər də bir-birilərini zəiflətmək üçün mümkün olan bütün üsullardan istifadə ediblər. İndi də Xədicə İsmayıl, görünür, Əli Kərimlinin ətrafında yaranan xoşagəlməz durumu fürsət bilərək, prosesi bir qədər də körükləndirməyə cəhd edir. Bu da təəccüblü deyil. Onlar rəqib kimi ələ düşən fürsətdən istifadə edirlər. İndi də Xədicə İsmayıl işıq görüb və çalışır ki, Əli Kərimlini imkan daxilində zəiflətsin, qrant savaşında mövqelərini bir qədər də möhkəmlətmiş olsun”.
“Yeni Müsavat”

Geri qayıt