Əsas Səhifə > Partiya, Güney Press > “Tərəf müqabili kimi ona cavab verməyi özümə sığışdırmıram”

“Tərəf müqabili kimi ona cavab verməyi özümə sığışdırmıram”


21-09-2019, 08:43
“Tərəf müqabili kimi ona cavab verməyi özümə sığışdırmıram”
AXCP sədrinin müavini Fuad Qəhrəmanlının qızı Selcan Yağmurun ondan imtina etməsindən sonra başlanan müzakirələr səngimək bilmir. Məsələyə baxışda ikitirəliyin yarandığı açıq görünür. AXCP funksionerinin ünvanına səsləndirilən tənqidlər, təhqirlər hətta müxalifət düşərgəsindən daha çox gəlməkdədir.

Qızının facebook-dakı məktubu ilə bağlı Amerikada yaşayan jurnalist Sevinc Osmanqızının internet üzərindən yayımladığı verilişin qonağı olan F.Qəhrəmanlı müxalif camiədən üzərinə gələnlərin içərisində REAL Partiyasının təmsilçilərinin çoxluq təşkil etdiyini bildirib: “Görünür mənim REAL-la polemikalarda sərgilədiyim mövqe və bir çox məsələlərdə bu partiyanın mövqelərini uduzması onlarda aşağılıq kompleksi formalaşdırıb. Bir növ daxili qisas hissi yaranıb. Nəticədə belə ehtirasla, coşqu ilə bu işdə soyundular”.

REAL-ın icraçı katibi Natiq Cəfərli AXCP funksionerinin dediklərinə sərt cavab verdi: “Bu söhbətdən sonra onu tərəf müqabili kimi qəbul edib, ona cavab verməyi özümə sığışdırmıram. İnsan istədiyini yaza bilər. Amma REAL-ın rəhbərliyi və Məclisində təmsil olunan heç kəs qınayıcı, təhqiredici ifadələr işlətməyib. İdarə heyəti REAL-ın mövqeyini əks etdirir ki, onun da üzvlərinin heç biri bu barədə mövqe bildirməyib. Lakin REAL-ın sıravi üzvləri məsələyə qarışıb, mövqelərini sərgiləyirlərsə, bu partiyadaxili demokratiyanın göstəricisidir. Yəqin ki, Fuad bəyin təmsil olunduğu partiyada hər şey bir nəfərdən asılıdır, hər şey bir mərkəzdən idarə olunur. Bizdə partiya daxilində mədəniyyət, demokratiya var. Üzvlərimizin hər hansı bir məsələyə münasibət bildirib-bildirməmələri şəxsi işləridir. Onlara nə qadağa, nə də hər hansı bir formada təsir edə bilərik. Biz başqa partiyalardan fərqli olaraq, bir əmrlə idarə olunmuruq, otur deyəndə oturan, qalx deyəndə qalxan təşkilat deyilik. Hər kəsin söz azadlığı var və ona hörmətlə yanaşırıq. Fikir azadlığına yol açmaq lazımdır. Belə bir situasiyada REAL-ı dışlamaq çox absurd görünür. Çox təəssüflər olsun ki, insan öz nəticələrindən çıxarıb, bununla bağlı ictimaiyyəti təxmin edəcək açıqlamalar verməkdənsə, batan adamın saman çöpündən yapışması kimi yükü başqalarının üzərinə atmağa cəhd göstərir. Bu açığı. təəssüfedici və utanverici haldır”.

N.Cəfərli F.Qəhrəmanlı ilə son debatına da toxundu: “Onunla normal debata çıxmışıq. Çox qəribədir ki, həmin debatdan sonra Fuad bəyin özü mənə təşəkkür etdi. Dedi ki, sizinlə debata çıxmaq və fikir mübadiləsi aparmaq xoş oldu. Debatın belə bir sonluqla bitməsindən sonra çıxıb belə ifadələr səsləndirməyi heç bir məntiqə sığışdırmıram. Üstünlük qazandığını deyib, sonradan bu cür danışmağa nə ad verəsən. Video durur, altındakı şərhlər göz önündədir. İnsanlar hər şeyi gördü. Gördülər ki, qışqır-bağırdan başqa qarşı tərəfdə heç nə görünmədi. Ənənəvi şəkildə səs-küylə nəyəsə nail olmaq cəhdləri oldu. Bunun qarşısını aldım. Sonradan bir cümlə də işlətdim ki, sizdən də bərk qışqıra bilirəm, əgər qışqırmaqdan danışırıqsa qışqıraq, yox əksinə mədəni müzakirə aparmaq istəyiriksə, gəlin arqumentlərlə danışaq. Hər kəs kimin arqumentlərinin necə olduğunu çox qəşəng bilir. İndiki şəraitdə öz səhvlərindən, atdığı addımlardan nəticə çıxarmaqdansa, REAL-ı suçlamağa cəhd etməsi ciddi təəssüf doğurur. Açığı, bir tərəf müqabili kimi ona cavab verməyi özümə sığışdırmıram”.
“Yeni Müsavat”

Geri qayıt