Əsas Səhifə > Partiya, Güney Press > YAP seçki hazırlıqlarına başlayıb, rəqibləri isə hələ gözləyir

YAP seçki hazırlıqlarına başlayıb, rəqibləri isə hələ gözləyir


18-09-2019, 08:33
YAP seçki hazırlıqlarına başlayıb, rəqibləri isə hələ gözləyir
Ötən həftə Yeni Azərbaycan Partiyasının İdarə Heyəti 2019-cu ilin 27 dekabrında keçiriləcək bələdiyyə seçkilərinə hazırlıq işlərini müzakirə edir. Qeyd olunub ki, ölkəmizdə keçiriləcək bələdiyyə seçkilərinə hazırlıq işlərinə artıq start verilib. Partiyanın bu seçkilərə hazırlığı məsələləri təsdiq edilmiş tədbirlər planına uyğun olaraq həyata keçirilir.

Müxalifət partiyalarında da bələdiyyə seçkilərinə hazırlıq başlayıbmı?

AĞ Partiyanın sədri Tural Abbaslı “Yeni Müsavat”a bildirdi ki, partiya olaraq bələdiyyə seçkilərində iştirak edəcəklər, bu barədə mövqeləri qətidir: “Ancaq bu seçkilərə xüsusi enerji sərf etmək fikrində deyilik. Çünki heç kəsə sirr deyil ki, bələdiyyələr Azərbaycanın nə siyasi, nə sosial, nə də iqtisadi həyatında hansısa xüsusi çəkiyə malik deyil. Bu institut yalnız dövlətin Avropa Şurası qarşısında götürdüyü öhdəliyə görə imitasiya xarakterli təsis edilib. Bələdiyyələr hazırda icra hakimiyyəti orqanının hansısa bir bölümü və ya şöbəsi kimi fəaliyyət göstərir. Bunu hətta YAP-ın rəhbərliyinə daxil olan bəzi şəxslər də zaman-zaman mediada etiraf ediblər. Bələdiyyə seçkilərində partiya kimi iştirak hüquqi baxımdan ən qəliz prosedurlardan keçir.

Bir sözlə, demək mümkündürsə, bələdiyyələr siyasi baxımdan rentabelli deyil. İnanmıram ki, elə YAP başda olmaqla hansısa partiya bu seçkilərə xüsusi diqqət və enerji ayırsın. Sadəcə olaraq, YAP-ın keçirdiyi tədbirlər də cəmiyyətdə və beynəlxalq aləmdə bələdiyyələrin guya önəmi barədə illüziya yaratmaq cəhdidir. Hətta bizə daxil olan məlumatlara əsasən son 5 ildə iqtidar partiyasından bələdiyyə seçilənlərin böyük əksəriyyəti artıq təmsilçilikdən boyun qaçırıblar. Hakim partiya həmin insanları müxtəlif yollarla yenidən namizəd etmək istəyir. Yəni vəziyyət bu qədər açıq və tragikomikdir. Biz, sadəcə, siyasi proses yaratmaq naminə bələdiyyə seçkilərində iştirak etməyi düşünürük”.

AMİP-in sədr əvəzi Arzuxan Əlizadə isə bildirdi ki, digər partiyaların bələdiyyə seçkilərində iştirakla əlaqədar hansı qərar verəcəkləri, hansısa hazırlıq aparıb-aparmadıqlarından məlumatsızdır. AMİP-də isə mövqe belədir ki, seçkilərdə iştirak edilməlidir: “Təəssüf ki, seçkilərə olduqca az müddət qalmasına baxmayaraq müxalifət düşərgəsində seçkilərlə bağlı canlanma yoxdur. Heç şübhəsiz, buna əsas səbəblərdən biri olaraq ölkədə bələdiyyə institutunun işləməməsi, bələdiyyələrin statusunun aşağı səviyyədə olması göstərilə bilər. Lakin biz AMİP olaraq ölkədə keçirilən bütün ranqlı seçkilərdə iştirakı vacib hesab edirik. Bu mənada partiyada seçkilərə hazırlıq məsələsi mütəmadi olaraq gündəmdə saxlanılır. Hələlik rəsmi qərar olmasa da partiya rəhbərliyinin ilin əvvəlindən yerli təşkilatlara etdiyi səfərlər zamanı bələdiyyə seçkilərində iştirakla bağlı məsələ də geniş müzakirə olunub və müvafiq tapşırıqlar verilib. Hesab edirəm ki, partiyanın yaxın günlərdə keçirilməsi nəzərdə tutulan Mərkəzi Şurasının içlasında AMİP-in qarşıdan gələn bələdiyyə seçkilərində iştirakı ilə bağlı məsələ müzakirə olunaraq müvafiq qərar veriləcək”.

ADP sədrinin seçkilər üzrə müavini Taliyət Əliyev isə qeyd etdi ki, seçkilərə rəsmi qaydada start oktyabr ayının sonlarında veriləcək. Bu baxımdan hələ ki kifayət qədər zaman var ki, qarşıdan gələn bələdiyyə seçkilərində iştirak edib-etməyəcəyimizi müəyyənləşdirək: “Bu barədə partiyamızda hələ ki heç bir müzakirə aparılmayıb. Amma hesab edirəm ki, bu ayın sonları və ya gələn ayın əvvəllərində bələdiyyə seçkilərində iştirak edib-etməyəcəyimizlə bağlı partiyanın qərarı olacaq və bu barədə ictimaiyyətə də məlumat veriləcək. Qərar verilmədiyi üçün hazırlıq işlərinə də başlanmayıb”.

KXCP sədri Xəzər Teyyublu bildirdi ki, bələdiyyə seçkilərində iştirak edib-etməmək məsələsi partiyada müzakirə olunmayıb. Ola bilsin yaxın vaxtlarda müzakirə ediləcək və hansısa qərar veriləcək. Odur ki, bu gün üçün bələdiyyə seçkilərinə hazırlıq işləri aparılmır.

Geri qayıt