Əsas Səhifə > Partiya, Güney Press > "Siyasi məhbus "siyahı"sı bitməyəcək, çünki gəlir mənbəyidir"

"Siyasi məhbus "siyahı"sı bitməyəcək, çünki gəlir mənbəyidir"


17-09-2019, 08:26
 "Siyasi məhbus "siyahı"sı bitməyəcək, çünki gəlir mənbəyidir"
“Siyasi məhbus” probleminin birdəfəlik həlli Azərbaycan hökuməti üçün vacib sayılır. Obyektivlik naminə, hakimiyyət bu yöndə ciddi addımlar da atır.
Hökumət dairələrində də artıq fikirlər səslənir ki, beynəlxalq təşkilatların siyasi dustaq adlandırdığı ictimai fəallar həbsdən buraxılmalı, məsələ kökündən həllini tapmalıdır.

Eyni zamanda yerli hüquq müdafiəçiləri siyasi məhbus probleminin hakimiyyətə zərərdən başqa heç bir xeyri olmadığını söyləyirlər.

Çünki onların həbsdə qalması ilə tənqidlər davam edəcək, beynəlxalq qurumlar bəyanatlar yayacaqlar.

Bu ilin martında 50-dən çox siyasi məhbus adlandırılan şəxslərin azadlığa buraxılması beynəlxalq təşkilatlar tərəfindən alqışlansa da, problem hələ də tam həll olunmayıb.

Belə məlumatlar var ki, hətta Nardaran işi üzrə tutulan “Müsəlman Birliyi” hərəkatının rəhbəri Taleh Bağırzadənin də azad olunması istisna edilmir.

Obyektiv hüquq müdafiəçiləri hazırda çox az sayda məhkumun siyasi məhbus kriteriyalarına uyğun gəldiyini bildirirlər. Ancaq maraqlıdır ki, bəzi şəxslər bugünlərdə 119 siyasi dustaq olduğu barədə hesabatlar açıqladılar. Doğrudur, onların böyük əksəriyyəti islamçı məhbuslardır və bəzi hüquq-müdafiə təşkilatları dindarları öz siyahılarında göstərmirlər.

Bununla belə, istər-istəməz məsələ iqtidar üçün hər zaman arzuolunmazdır.

Belə iddialar da var ki, həbsdə olan şəxslərdən bəzilərinin azadlığa buraxılması mümkün hesab edilir, ancaq belə ehtimallar da var ki, onlar ölkəni tərk edərək dövlət və iqtidar əleyhinə radikal çıxışlar edə bilərlər. Bu səbəbdən həmin şəxslərin buraxılması yubanır.

Yəni onlara zəmanət yoxdur. Lakin bu yanaşma ilə hakimiyyət siyasi məhbus problemini kəsib ata bilməyəcək.

Mövzu ilə bağlı Prezident yanında Əfv məsələləri komissiyasının üzvü, “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyevlə danışdıq. Onun “Yeni Müsavat”a bildirdiyinə görə, Azərbaycanda siyasi məhbusla bağlı məsələyə nöqtə qoyulmalıdır: “Biz də belə hesab edirik ki, bu problemin birdəfəlik həllinin vaxtıdır. Ancaq problem ondan ibarətdir ki, ”siyahı"lar bitib-tükənmir. Görünür ki, bu məsələnin uzadılması kimlərəsə maddi gəlir mənbəyidir, kimlərsə bu yolla karyera qurur, hüquq müdafiəçisi olur. Ona görə də nə qədər siyasi məhbus problemi həll olunsa da, yəni bu "siyahı"larda onların sayı 100-dən aşağı düşmür".

Ə.Nuriyevin sözlərinə görə, Azərbaycan hökuməti tərəfindən bu istiqamətdə mühüm addımlar atılır, müxtəlif siyahılarda adları gedən şəxslər barədə Əfv Komissiyasında müzakirələr gedir: “Sonuncu əfv fərmanı ərəfəsində 10-a yaxın QHT iştirak edirdi, müraciətlər olmuşdu və siyasi məhbus hesab edilən 52 nəfər azadlığa çıxdı. Bu yaxınlarda Bakıda səfərdə olan Avropa Şurasının prezidenti və məruzəçi ilə görüşdük, məsələləri onunla da müzakirə elədik. Həmin ”siyahı"larda siyasi fəaliyyəti olmayan fanatlar, cahilliyə, zorakılığa çağırış edənlərin adları var. Çünki bu “siyahı”lar həmin adamlara özünütəsdiq mənbəyidir. Onlar üçün siyahı bitməyəcək, gəlir mənbələrini əldən vermək olmaz, xarici səfər imkanlarını itirmək istəməzlər".

Onun dediyinə görə, Azərbaycanda insan haqları pozulmur desək yalan olar: “Bəzi məmurlar tərəfindən bu qanunsuzluqlara yol verilir. Lakin sistemli deyil, ayrı-ayrı məmurların işləridir. Bu mənada səylərimizi gücləndirməliyik”.

Ə.Nuriyev bildirdi ki, qanun pozuntusuna yol verən hüquq-mühafizə orqanı əməkdaşları da işdən azad olunurlar, cinayət məsuliyyətinə cəlb edilirlər: “Məmurlar hələ başa düşmür ki, onların fəaliyyətinin mərkəzində vətəndaş dayanmalıdır. Məmurlar xidmətçi olduqlarını unudurlar.

Bu gün məhkəmə-hüquq sistemində islahatlar gedir, bu istiqamətdə də mühüm addımlar atılır. Məhkəmələrə etimad olması sürətli getməlidir".

Müsahibimiz ilin sonunda əfv fərmanı olub-olmayacağı barədə konkret bir söz demədi və prezidentin səlahiyyətində olduğunu vurğuladı.

Xatırladaq ki, avqustun 31-də “Azərbaycan Siyasi Məhbuslara Azadlıq” İttifaqı 117 nəfərin adı olan siyahı açıqlayıb. Bunun ardınca isə Vahid Siyasi Məhbus Siyahısının hazırlanması üzrə İşçi Qrupu 119 nəfərlik siyahı elan edib.

Geri qayıt